Müğənninin ailəsində baş verən dəhşətli qətlin təfərrüatları- “İki aydan sonra toyu olacaqdı”
Müğənni, "N-Brothers” qrupunun üzvü İsmayıl Hüseynovun anası ilə xalası qızının dəhşətli qətlinin bəzi təfərrüatları məlum olub.
Müğəninin atası Qurban Hüseynov həmin günü içkili olub:
"Qurban kişi çox əsəbi adamdır, səhhətində də müəyyən problemləri vardı, içirdi. Həmin günü onun həyat yoldaşı Fəraiz Amustəbrizinin arasında münaqişə düşüb. Münaqişə zamanı Qurban Hüseynovun əlinə qantel keçib. O, qantellə həyat yoldaşının başına vurub. Bu zaman evdə olan Rəhilə Amustəbrizi köməyə gəlib. Qurban kişi onu necə itələyibsə başı dəyib, elə oradaca keçinib.”
Ailəyə yaxın şəxslərin dediyinə görə, Rəhilə Amustəbrizi Qurban Hüseynovun baldızı qızıdır: "İsmayılın xalası çox cavan yaşlarında dünyasını dəyişib. Həmin vaxt Rəhilə balaca olub. İsmayılın anası da Rəhiləni götürüb öz qızı kimi saxlayıb. Əslində Qurban kişi öz qızını öldürüb. Rəhilə də nişanlı idi, 18 yaşı vardı, evdə səsi çıxmazdı. İki aydan sonra toyu olacaqdı. İsmayılın anası çox yaxşı qadın idi, qonaqpərvərliyi ilə hamının qəlbinə yol tapmışdı.”
Ailənin yaxını İsmayıl Hüseynovun hələ şokda olduğunu qeyd edib: "İsmayıl 5-6 ay idi ki, ailə qurmuşdu. Yazıq, hələ olanların təsiri altındadır. Heç ad günü olsaydı bu qədər yazmazdılar. Bədbəxt hadisədir deyə, hamı ondan yazdı.”
Martın 24-də Abşeron rayonunun Saray qəsəbəsində yaşayan Qurban Hüseynov münaqişə zəminində arvadı Fəraizin və baldızı qızı Rəhilə Amustəbrizinin baş nahiyəsinə küt alətlə vuraraq qətlə yetirib.
///AzNews.az