Fevralın 10-da Şabran Rayon Polis Şöbəsinə müraciət edən şəhər sakini olan qadın cari il yanvarın 17-dən fevralın 10-dək olan müddətdə bir nəfərin onun barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib 15.000 manat pul tələb etdiyini bildirmişdir.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən həmin şəxsin şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Bədəlov olması müəyyən edilmiş və o, saxlanılmışdır.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Araşdırma aparılır.
***
Baş Narkotiklərlə Mübarizə İdarəsi və Sumqayıt ŞPİ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Sumqayıt şəhər sakini E.Muradov şəhər ərazisində saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 4 qramdan artıq heroin aşkar edilmişdir.
Davam etdirilən tədbirlərlə onun yaşadığı evə baxış zamanı oradan 49 qramdan artıq heroin, 19 qramdan artıq metamfetamin, 2 ədəd elektron tərəzi, “Beretta” markalı tapança, 1 ədəd patron darağı və 8 ədəd patron götürülmüşdür.
***
Səbail RPİ 39-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 14-də Bakı şəhər sakini S.Teymurovun içərisində 3900 manat olan pulqabısını oğurlamaqda şübhəli bilinən paytaxt sakinləri İ.Şahməmmədov, G.Xudiyeva, T.Ağayeva və P.Ramazanov saxlanılmışlar.
***
Cəlilabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 7-də rayon ərazisindəki mağazaların birindən 14.300 manat və 6400 ABŞ dolları pul oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - Tovuz rayon sakini C.Cəfərov və Abşeron rayon sakini A.Əsədullayev saxlanılmışlar.
Şəxsi axtarış zamanı C.Cəfərovdan 63 qramdan artıq heroin, 91 qramdan artıq metamfetamin və 1 ədəd bıçaq, habelə A.Əsədullayevin idarə etdiyi “VAZ-2107” markalı avtomobilə baxış zamanı oradan 1 ədəd bıçaq aşkar edilərək götürülmüşdür.
***
Xaçmaz Rayon Polis Şöbəsinə fevralın 10-da saat 3 radələrində şəhər ərazisindəki yanacaqdoldurma məntəqələrindən birinə gəlmiş bir nəfərin orada operator işləyən Cığatay kənd sakini E.Quliyevi bıçaqla hədələyib oradan 1450 manat pul aparması barədə məlumat daxil olmuşdur.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Xaçmaz şəhər sakini, əvvəllər məhkum olunmuş S.Qabulov müəyyən edilərək saxlanılmışdır.