“Şəhidlərimizə qarşı hər hansı təhqir yolverilməzdir. Bu kimi hallara hüquqi qiymət verilməlidir”.
Bunu e-huquq.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov sosial şəbəkə istifadəçisinin şəhid Xudayar Yusifzadə ilə bağlı paylaşıma görə döyülməsinə münasibət bildirərkən deyib.
“Şəhidlər bizim üçün şərəf və qürur məsələsidir. Onlara qarşı edilən hər hansı bir hörmətsizlik bizim hər birimizə toxunur. Amma belə hallara zorakılıqla cavab vermək düzgün deyil. Məsələ kimlərinsə yığışıb həmin insanı döyməsi ilə yox, qanunlar çərçivəsində həllini tapmalıdır”, - deyə deputat qeyd edib.
Şəhidlərimizlə bağlı tənqidi və ya təhqiramiz fikirlər səsləndirən şəxslərin cəzalandırılması üçün xüsusi qanunun qəbul edilməsinə gəlincə isə, C.Məmmədov zərurət yaranarsa, bu məsələyə aidiyyəti qurumlar tərəfindən baxıla biləcəyini deyib.
Qeyd edək ki, Fuad Rəsulzadə adlı sosial şəbəkə istifadəçisi şəhid Xudayar Yusifzadə ilə bağlı paylaşımına görə bir qrup şəxs tərəfindən döyülüb. Hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.