Bəzi kütləvi informasiya vasitələrində Bərdə rayonunda 7 yaşlı uşağın anası tərəfindən bədəninin müxtəlif nahiyələrinin yandırılaraq işgəncəyə məruz qalması və hazırda onun xəstəxanada stasionar müalicə alması barədə məlumatlar yayılmışdır.
Bununla bağlı bildiririk ki, qeyd edilən məlumat əsasında Bərdə rayon prokurorluğunda araşdırma aparılmaqla müəyyən edilmişdir ki, Bərdə şəhər sakini Raya Həsənova tanışı Mahmud Mehraliyev ilə birlikdə 2013-cü il təvəllüdlü oğlunu mütamadi olaraq döymüş və 21.05.2021-ci il tarixdə qızdırılmış qaşıqla qollarına xəsarət yetirmişdir.
Fakta görə Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 133.2.3 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən əzab vermə) və 133.2.4-cü (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı əzab vermə) maddələri ilə cinayət işi başlanaraq istintaqın aparılması rayon polis şöbəsinin İstintaq şöbəsinə tapşırılmışdır.
Eyni zamanda, Raya Həsənovanın qanunsuz hərəkətləri hazırda azyaşlı Ömər Nəbizadənin həyatı üçün təhlükə yaratdığından Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən mülki-prosessual və ailə qanunvericiliyinin tələblərinə müvafiq olaraq onun valideynlik hüququnun məhdudlaşdırılması məqsədilə məhkəməyə müraciətin təqdim edilməsi nəzərdə tutulmuşdur.
Nəticəsi barədə ictimaiyyətə ətraflı məlumatın verilməsi təmin ediləcəkdir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.