Baş Prokurorluq və Daxili İşlər Nazirliyi tərəfindən əvvəlki illərdə törədilərək bağlı qalmış cinayətlərin açılması istiqamətində ardıcıl tədbirlər davam etdirilir.
Belə ki, 1999-cu il təvəllüdlü Ağsu şəhər sakini Qəhrəmanova Ayşən Namizəd qızının 27 yanvar 2017-ci il tarixdə itkin düşməsi faktına görə Ağsu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə başlanmış cinayət işi üzrə icraat təqsirləndirilən şəxsin müəyyən edilməməsi əsası ilə 20 dekabr 2019-cu il tarixdə dayandırılmışdır.
07 mart 2022-ci il tarixdə iş üzrə icraat təzələnərək istintaq Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsi tərəfindən davam etdirilməklə peşəkar prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılmış və kompleks istintaq hərəkətləri və əməliyyat axtarış tədbirləri həyata keçirilmişdir.
İstintaqla müəyyən edilmişdir ki, 2017-ci il yanvarın 27-dən 28-ə keçən gecə 1991-ci il təvəllüdlü Asif Manafov yaxın münasibətlərdə olduğu Ayşən Qəhrəmanova ilə aralarında yaranmış mübahisənin gedişində bıçaqla xəsarət yetirməklə onu öldürüb meyiti əvvəlcə Qaraqaşlı kənd qəbristanlığında gizlətmiş, yanvarın 28-də saat 22 radələrində isə meyiti oradan götürüb Kürdəmir rayonu ərazisində Şirvan kanalının yaxınlığında basdırmışdır.
16 mart 2022-ci il tarixdə meyitin basdırıldığı yerdən insan skelet hissələri, geyim əşyalarının fraqmentləri aşkar edilərək götürülmüşdür.
17 mart 2022-ci il tarixdə Asif Manafov şübhəli şəxs qismində tutulmuş, dindirilərkən o, törətdiyi əməli etiraf etmişdir.
Prokurorluq orqanları tərəfindən ötən illərdən gizli və qeyri-aşkar şəraitdə törədilməklə bağlı qalmış cinayətlərin açılması istiqamətində işlər davam etdirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.