Ukrayna prezidenti Vladimir Zelenski Kanada mətbuatına müsahibəsində gündəmdəki məsələləri cavablandırıb.
Rusiyanın son vaxtlar İrandan aldığı kamikadze tipli pilotsuz uçuş aparatları ilə Ukrayna şəhərlərinə hücumlar təşkil etdiyini bildirən Zelenski Moskvaya dəstək verdiyi üçün İran rəhbərliyinə güvənmədiyini bildirib.
“İlk növbədə yalanlardan özümüzü qorumalıyıq. Mən şəxsən İran rəhbərliyinə inanmıram. Mən İran xalqını nəzərdə tutmuram, İran rəhbərliyinin özündən danışıram" - Ukrayna lideri deyib.
Zelenski, həmçinin xatırladıb ki, 2020-ci ildə İranda Ukraynaya məxsus sərnişin təyyarəsi vurulub və İran rejimi hadisəni əvvəlcə təkzib, sonra qəbul edib.
Müsahibədə Rusiya ilə danışıqların bərpasının mümkünlüyü ilə bağlı sualı cavablandıran Zelenski deyib:
"Referendum "hekayə"yə çevrilib. Əgər danışıqlar aparmaq istəsələr, torpaqlarımızı geri verə bilərlər. Onlar geri çəkilməli və 1991-ci ildə beynəlxalq səviyyədə tanınmış sərhədlərə qayıtmalıdırlar. O zaman biz kiminlə hansı formatda danışıqlar aparmaq istədiyimizi söyləyəcəyik.
Bu gün Rusiyanın əsas məqsədi bizim enerji sistemimizi vurmaqdır, onların məqsədi insanları gücdən salmaqdır. Onlar terrorçudurlar. Qorxaq olduqları üçün döyüş meydanında heç nə edə bilmirlər və mülki insanları güllələyirlər".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.