Zərdab Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Məlikli və Yuxarı Seyidlər kənd tam orta məktəblərində “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici görüşlər keçirilib.
Görüşlərdə çıxış edən şöbə rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi, polis polkovnik-leytenantı Emin Kərimov ümumbəşəri bəlaya çevrilən narkomaniyanın fəsadları haqda şagirdlərə məlumat verərək, bu yola düşən şəxslərin öz həyatlarını məhv etmələri, gələcəklərini ağ ölümə qurban vermələri və düçar olduqları bəlanın fəsadları barədə söhbət açıb. Qeyd olunub ki, belə həssas mövzularda gənclər daima diqqətli olmalı, cinayət yolundan uzaq durmalı, bilmədikləri mövzular barəsində mütləq valideynlərindən, yaxud müəllimlərindən soruşub öyrənməlidirlər.
Tədbirlərin sonunda narkotiklərin zərərlərindən bəhs edən videoçarx nümayiş etdirilib və məktəbliləri maraqlandıran suallar cavablandırılıb.
Məktəblərin pedaqoji heyəti keçirilən maarifləndirici tədbirə görə təşkilatçılara öz minnətdarlıqlarını bildiriblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.