Lənkəranda avtomobillərə qənim kəsilən şəxs saxlanılıb
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəran şəhəri Şəhidlər Xiyabanı küçəsində gecə saatlarında “BMW” markalı avtomobildən şüşəsini sındırmaq yolu ilə 300 manat pulun oğurlanması barədə polisə məlumat daxil olub. Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində faktı törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Ceyhun Bədəlzadə müəyyən edilərək saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkarlanaraq götürülüb. Ətrafında aparılan əlavə əməliyyat tədbirləri nəticəsində onun oğurluq məqsədilə ümumilikdə 7 avtomobilə şüşəsini qırmaq yolu ilə daxil olduğu müəyyən edilib. Bundan başqa C.Bədəlzadənin rayon ərazisindəki bir mağaza və bir emalatxanadan ümumilikdə 4481 manat dəyərində mobil telefon, məişət əşyaları, təmir-tikinti alətləri və nağd pul oğurladığı müəyyən edilib.
Faktla bağlı Lənkəran ŞRPŞ-də araşdırma aparılır.
Dekabrın 23-də saat 03:30 radələrində Ələt-Astara avtomobil yolunun Masallı rayonunun ərazisindən keçən 131-ci kilometrliyində Lənkəran rayon sakini Ş.Fərəcovun idarə etdiyi “Kia Sportage” markalı və Astara rayon sakini R.Nəsirovun idarə etdiyi “Kamaz” markalı yük avtomobilləri toqquşub. Nəticədə “Kia Sportage” markalı avtomobildəki sərnişinlər Ə.Fərəcova və azyaşlı oğlu A.Fərəczadə ölüb, sürücü Ş.Fərəcov isə bədən xəsarəti alaraq Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir nəticəsində rayon ərazisində yerləşən kafelərin birində qumar oyunlarında iştirak edən 4 nəfər müəyyən edilib. Bundan başqa keçirilmiş digər bir tədbirlə özünə məxsus marketdə pirotexniki məmulatlar satan şəxs də müəyyən edilib.
Həmin şəxslərlə bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.
Dekabrın 22-də ölkə ərazisində qeydə alınan 29, əvvəlki dövrlərdən bağlı qalan 15 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
- Axtarışda olduğuna görə ümumilikdə 80, o cümlədən borclu şəxs qismində axtarışda olan 60 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
- Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.
- Narkotiklərlə əlaqəli 11, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyən edilib.
- Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılıb.
❗Oğurluq
Bakı şəhər sakini olan bir qadının bank kartını itirməsi və hesabından 135 manatının oğurlanması barədə polisə məlumat daxil olub.
Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən paytaxt sakini Rüfət Yusupov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Qobustanda pirotexniki vasitələrin satışı ilə məşğul olan mağaza sahibi məsuliyyətə cəlb edilibQobustan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən partlayıcı və tezalışan maddələrin, pirotexniki vasitələrin gizli şəkildə satışının qarşısının alınması məqsədilə nəzarət-profilaktik tədbirlər keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilən tədbirlər zamanı Qobustan şəhəri ərazisində yerləşən Cənnətalı Qayıbova məxsus ərzaq mağazasında külli miqdarda pirotexniki vasitələr aşkar olunaraq götürülüb.
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 442-ci ( İstehsalı və ya satılması qadağan olunmuş malların istehsalı və ya satılması, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsi) maddəsi ilə protokol tərtib edilib və baxılması üçün rayon məhkəməsinə göndərilib.
❗Oğurluq
Bakı şəhər sakini olan bir qadının bank hesabından 2000 manatının oğurlanması barədə polisə məlumat daxil olub.
Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Naxçıvan şəhər sakini Taleh Əliyev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
❗Dekabrın 13-də Binəqədi rayonunun S.S.Axundov küçəsində Bakı şəhər sakini Cəbrayıl Qarayev yıxılaraq kəllə-beyin xəsarəti ilə xəstəxanaya yerləşdirilib və dekabrın 19-da orada ölüb.
Binəqədi RPİ 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla onun dekabrın 12-də saat 18 radələrində həmin küçədə “JAC” markalı avtomobillə vurulması müəyyən olunub. Görülmüş tədbirlərlə həmin avtomobilin sürücüsü, Bakı şəhər sakini Ələddin Bağırov saxlanılıb.
Araşdırma aparılır.
❗Avtomobil qaçırma
Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsindən Bakı şəhər sakini H.Əhmədova məxsus “Forland” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.
Binəqədi RPİ 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini Tural Rəhimov avtomobillə birgə saxlanılıb.
Araşdırma aparılır.
❗Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri tədbir nəticəsində Yaxadəllək kənd sakini Tahir Məstəliyevə məxsus həyətyanı sahəyə və yardımçı təsərrüfata keçirilən baxış zamanı oradan 8 baş kəsilmiş və dərisi soyulmuş uzunqulaq əti aşkar olunaraq götürülüb.
Araşdırmalarla T.Məstəliyevin həmin heyvanları dağ keçisi adı ilə satmaq məqsədilə kəsməsi müəyyən olunub.
Tərtərdə fərdi yaşayış evlərindən oğurluq edən şəxslər saxlanılıblar.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində oğurluq əməlləri törətməkdə şübhəli bilinən rayon sakinləri Elçin Əzizov və Sabit Hüseynli saxlanılıblar. Onların fərdi yaşayış evlərindən məişət əşyaları oğurladıqları müəyyən edilib.
Adıçəkilən şəxslər məhkəmənin qərarı ilə inzibati qaydada həbs ediliblər, faktla bağlı araşdırmalar davam etdirilir.