Ləmandı fotodakı. Rəfiqəmin bacısı... Fotonu ötən il 31 oktyabrda bacısı oğlunun toyunda çəkdirmişik. Bu gün özündən 20 yaş böyük narkoman, dəfələrlə məhkumluq yaşayan əri Mətləb tərəfindən 7 bıçaq zərbəsi ilə qətlə yetirildi...
Rəfiqəmgil Yevlaxın kəndində çoxuşaqlı ailə olub. Ataları Yolçu kişi kənddə tanınıb, hörmət edilib. Qoyun fermasında müdir olub, böyrək çatmazıığından vəfat edib. Anası savadsız kənd qadını dul qalanda 31 yaşı olub, min əziyyətlə böyüdüb balalarını. Ləmanı övladı olmayan yaxın qohuma övladlığa verirlər. Orda əziz-xələf saxlanmaq əvəzinə qoyun otardıb, nökər kimi işlədirlər. 17 yaşı olar-olmaz rayon mərkəzində özündən 20 yaş böyük oğlana ərə veriblər. Dəfələrlə məhkumluq həyatı yaşayan Mətləb məktəb direktoru Vəli müəllimin oğlu olub. Rayonun adlı-sanlı adamları sayılıblar. Mətləbin də cinayətlərini yetim qıza ərköyünlük kimi sırıyıblar...
12 ildir tanıyırdım Ləmanı. 12 ildə əri 3 dəfə narkotik satma ilə həbsə düşdü. 3 ay olar ki, Mətləb həbsdən çıxmışdı. Ləmanın qayınatası 1941-1945 veteranı idi. Yazıq qız onu pambıqda saxlayırdı, ölməsin. Onun pensiyası ilə dolanır, 2 oğul saxlayırdı. Vannaya qoyub çimizdirirdi. 100 ildən çox yaşadı kişi.
2 ildir Vəli Şükürov rəhmətə gedib. Rəhmətə getməzdən az öncə icra başçısının qəbulunda olub xahiş etmişdi, Ləman məktəbdə qarderoba işə düzəlmişdi.
Hər maaşda narkoman ər pul davası edirdi. Vəli dayı sağ olanda 9 mayda verilən pullar da mən tanıyandan türməyə gedib.
Son günlər döyüb-söyüb öldürməklə hədələyirmiş. Yazıq Ləman qorxusundan Bakıya bacısıgilə pənah gətirməyib ki, işə getmərəm, işim əldən çıxar. Bacəsına deyib 40 yaşım iyunda olacaq, ancaq həyatdan doymuşam. Bu da son. Nə gün gördü, nə övlad toyu...
Min əzabla şərait qurduğu evdə heç yası da olmadı. Sinəsi dağlı anası apardı öz kəndlərinə dəfn üçün. Yas da ata evində olacaq. Həftənin 2-ci günü gedəcəm yasa. Yazıq Ləman... Arzum oğlunun toyuna getmək idi, Ləmanın yasına gedəcəm...
Narkomanlar sağalmır, özünüzü aldatmayın. Dövlətdən də xahiş edirəm, qərarı dəyişsin, onları içəridən buraxmasın. Cəmiyyətə heç bir faydaları yoxdu. 100-də az qala 90-ı çıxır qatil olur, cinayət törədir. Göndərin mina təmizləməyə, ağır işlərə. Həm də çəkinər insanlar. Bilər ki, narkotiklə həbs olunsalar, geridönüş yoxdu.
Bir qadın da belə bədbəxt oldu... Qadın qətllərinə son!!!
Elnurə Abuşova