Sentyabrda Milli Mətbuat Gününü “yatıb” ötürənlər indi qəfil ayılıb medianı yada salıblar. Ayılanda da, ilk iş olaraq AzCON Holdinqin şirkətlərindən biri – ölkənin ən iri və ən strateji İT qurumlarından olan AzInTelecom mətbuatla görüş təşkil etdi.
AzInTelecom-un təqdimatında çox iddialı məsələlərdən danışıldı. Şirkət artıq təkcə klassik xidmətlər deyil, həm də rəqəmsal transformasiyanı sürətləndirən SİMA həlləri, dövlət və özəl sektora məxsus kritik data mərkəzləri, süni intellekt ekosisteminə dəstək və ən əsası – 7 milyonluq Superkompüter Mərkəzinin qurulması barədə açıqlamalar verdi. Hətta məlum oldu ki, ABŞ-dan NVIDIA H200 çiplərinin alınması üçün lisenziya məsələləri də həll edilib. Yəni texnologiya sahəsində qurum “gələcək” modunda işləyir.
Ancaq tədbirin özündə başqa bir paradoks gözə çarpdı: AzCON tədbir keçirir, amma səhnədə yenə də əvvəlki Nazirliyin – Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin rəsmiləri görünür. Belə çıxır ki, ölkənin rəqəmsal gələcəyini formalaşdıran AzInTelecom-un media qarşısında danışacaq öz rəhbərləri, menecerləri, simaları hələ yoxdur.
Texnologiyada sürətli dəyişiklik, idarəçilikdə isə “köhnə hamam, köhnə tas” – dünənki təqdimatın ən böyük ironiyası da elə bu idi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.