“AFFA-da rəhbər dəyişdi, amma “Qarabağ”a qarşı səssizlik davam edir”
Bu sözləri “Qarabağ” Futbol Klubunun idman direktoru Əmrah Çəlikəl deyib.
O, Suraxanıda akademiya və stadion inşası ilə bağlı illərdir cavab gözlədiklərini bildirib.
Əmrah Çəlikəlin dediyinə görə, 2017-ci ildə komanda ilk dəfə Çempionlar Liqasına vəsiqə qazananda prezident İlham Əliyev futbolçuları qəbul edib və həmin görüşdə AFFA-nın o vaxtkı rəhbəri Rövnəq Abdullayevə Suraxanıda “Qarabağ”a istədiyi şəraitin yaradılması ilə bağlı tapşırıq verilib. Lakin ötən müddətdə vəziyyət dəyişməyib.
“Bizim istədiyimiz ərazi Suraxanıda, bazamızın yanında yerləşir. Orada hazırda heç bir fəaliyyət yoxdur. Klub prezidenti Tahir Gözəl də akademiyanın tikintisini öz hesabına həyata keçirmək niyyətindədir. Amma bu günə qədər heç bir cavab ala bilmirik”, – klubdan bildirilib.
Əmrah Çəlikəl deyib ki, “Qarabağ”ın “Benfika” üzərində 3:2 hesablı qələbə hamımızı sevindirdiyi kimi, U-19 yığmasının Benfikaya 1:7 hesablı məğlubiyyəti də hamımızı düşündürməlidir.
“Rövşən Nəcəf AFFA-nın prezidenti seçiləndən qısa müddət sonra “Qarabağ”ı ziyarət etdi. Biz ona reallığı danışdıq. Rövşən müəllim burada olanda ərazini ona da göstərdik. Ehtiyacımız olduğunu və ərazinin rəhbərlik etdiyi SOCAR-ın balansında olmasını da bildirdik. Tədbir görəcəyini və məlumat verəcəyini dedi. Amma bu günə qədər bir cavab yoxdur”.
Qeyd: Newsport.az-dan ixtisarla verlib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.