"Məsafəni nəzərə alsaq, son səfər oyunumuz idi, vacib qələbə qazandılar. "Qəbələ" haqda ancaq xoş sözlər deyə bilərəm. Düzdür, hesab böyük oldu, amma "Qəbələ" ən xoş sözlərə layiqdir. Bütün təzyiqlərə qarşı çəkinmədən mübarizə aparır. "Qəbələ"nin yaxşı hücum xətti var. Bu gün rəqib hücumlarda təhlükəli idi, amma qarşısını alırdıq. Bizim də bir neçə qol epizodumuz oldu, istifadə edə bilmədik. İkinci hissədə demək olar əlimizə düşən fürsətlərdən istifadə etdik. Futbolçularımı təbrik edirəm".
Bu sözləri Azərbaycan Premyer Liqasının 24-cü turunda səfərdə "Qəbələ" üzərində 5:0 hesablı qələbə qazanan "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov oyundan sonra keçirilən mətbuat konfransında deyib.
O, zədəli futbolçuların durumu haqda deyib: "Qarşıdakı günlərdə daha dəqiq biləcəyik. Böyük ehtimal Patrik Andradenin sabahdan məşqlərə başlaması gözlənilir. Bu günə qədər fərqli qaydada məşq edirdi. Bədavi "Sumqayıt"la oyundan sonra arxa əzələsində ağrı hiss etmişdi. Bir o qədər ciddi problem yox idi. Amma ehtiyatı əldən vermədik. Bu günə qədər fərqi qaydada məşq edirdi. Həkimlərin müayinəsindən sonra qərar verəcəyik".
Qurbanov qol vuran futbolçular haqda da danışıb: "Qol vuran futbolçuların meydanda olmağa üstünlükdür. İlk hissədə qol epizodlarımız oldu. Ümumiyyətlə, ilk hissələrdə rəqib daha diqqətli olur. Oyunda vurulan bir qol görürsən ki, çox şeyi dəyişir. Eyni zamanda 2-3 oyuna çıxmayan futbolçu meydana çıxanda ancaq qol vurmağı düşünür. Bu da əlavə üstünlükdür".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.