Mahir: “Beş ildən sonra özümü “Barselona”, “Mançester Siti”, “Bayern”, PSJ və ya “Qalatasaray”da görürəm”
“Baş məşqçimiz Çesvaf Mixnyeviç açıq insandır, onda qalib gələn düşüncə tərzi var. Oyunçularla çox yaxşı ünsiyyət qurur, hamı onu sevir. Bu, futbolçular üçün çox vacibdir. Əlbəttə, meydanda və ondan kənarda nə etməyiniz önəmlidir. Belə insan üçün meydanda ürəyinizi verə bilərsiniz”.
AzadMedia.az xəbər verir ki, bunu Polşanın “Leqiya” klubunun yeni transferi Mahir Emreli klubun rəsmi “Instagram” hesabında canlı yayım zamanı deyib.
O, sevdiyi klubların adlarını açıqlayıb: “Gənc yaşlarımda ilk olaraq “Qalatasaray”ın oyunlarını izləmişəm. Həmçinin “Barselona”nı oyun tərzinə görə bəyənirəm. Digərləri isə “Mançester Siti”, “Bayern” və PSJ-dir. Çempionatlardan İspaniya La Liqasını sevirəm. Amma İngiltərə Premyer Liqasını da qeyd etməliyəm”.
Millimizin üzvü “2025-ci ildə özünüzü harada görürsünüz” sualına isə belə cavab verib: “Əlbəttə, bu beş klubdan birində. Həyat gözlənilməzdir. Məqsədim inkişaf etmək və dünənkindən daha yaxşı olmaqdır”.
Emreli “Leqiya”ya keçidinin necə alındığını da söyləyib: “Varşava klubunun mənimlə maraqlandığını transferdən bir ay əvvəl öyrəndim. Düzdür, təkliflər çox olduğundan, qərar vermək çətin idi. Daha əvvəl ardıcıl yeddi dəfə Azərbaycan çempionu olan “Qarabağ”da oynamışam. Kuboklar uğrunda mübarizə aparan komandada olmaq istəyirdim. Buna görə “Leqiya”nı seçdim. Bu, tarixi klubdur. Avrokuboklar uğrunda mübarizə aparmaq mənim üçün vacib idi”.
Mahir Emreliyə anası Elnurə Emreli də sual ünvanlayıb. Anası özünün, yoxsa klubun aşpazının yeməklərinin daha dadlı olduğunu soruşub. Futbolçu bu suala cavab verməyin çətin olduğunu vurğulayıb: “Diplomatik cavab verəcəyəm. Ənənəvi Azərbaycan yeməklərindən danışanda anamın hazırladıqları prioritetdir. Bununla birlikdə idmançılar üçün faydalı yeməklərdən danışırıqsa, klubun aşpazını göstərəcəyəm”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.