Milli Məclisin deputatı Məşhur Məmmədov Real TV-də “Zəngəzur dəhlizi”nin türk dövlətləri arasında əməkdaşlığa təsirllərindən danışıb. "Türk Şurasına üzv dövlətlər arasında əməkdaşlığın əsas istiqamətlərindən birinin nəqliyyat sahəsi olduğunu nəzərə alaraq, Azərbaycan Türkiyədən Mərkəzi Asiyaya və əks istiqamətdə beynəlxalq yükdaşımaların pandemiya dövründə fasiləsiz həyata keçirilməsi üçün bütün zəruri tədbirləri görüb" - deyən deputat qeyd edib ki, 2020-ci ildə türkdilli ölkələrdən və əks istiqamətdə qeyri-neft sektoru üzrə 2.3 milyon tondan artıq yük Azərbaycan vasitəsilə daşınmışdır. Bu da 2019-cu il ilə müqayisədə 800 min ton və ya 52% çoxdur.
Azərbaycanın tarixi ərazisi olan Zəngəzurdan keçəcək və Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası və daha sonra Türkiyəni birləşdirəcək yeni dəhliz regionun nəqliyyat sektorunda olduqca böyük imkanlar yaradacaq. “Zəngəzur dəhlizi”ndən istifadə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlər arasında nəqliyyat sahəsində əməkdaşlığın, yükdaşımaların həcminin daha da artmasına gətirib çıxaracaq.
Azərbaycanın Türk Şurasına sədrliyi dövründə göstərdiyi səylər və təşəbbüslər nəticəsində təşkilatın fəaliyyətinin, üzv dövlətlər arasında əməkdaşlığın pandemiya dövründə nəinki zəifləməsinin qarşısı alınıb, əksinə daha da gücləndirilib və yeni sahələrlə genişləndirilib.