Sevinciniz-sevincimiz, kədəriniz-kədərimizdir Türkiyə!
Fevralın 6-da qardaş Türkiyə öz tarixində ən faciəli və ağrılı hadisələrdən birini yaşadı. Həmin gün Türkiyə vaxtı ilə saat 04:17-də Türkiyənin cənubunda Qaziantep şəhərinin Şehitkamil ilçəsində baş verən güclü zəlzələ ciddi dağıntılara və çoxsaylı insan itkilərinə səbəb oldu. Mərkəzi Kahramanmaraş olmaqla, 10 vilayətdə baş verən zəlzələlər nəticəsində minlərlə insan həyatını itirib, on minlərlə insan yaralanıb və dağıntılar altında qalıb. Onların taleləri hələ də məlum deyil. Zəlzələdən sonra çoxsaylı afterşoklar baş verdi, ən güclüsü 9 saatdan sonra Qəhrəmanmaraşın Ekinözü ilçəsində 7,5 MV gücündə baş verdi.
Türkiyənin qarşılaşdığı bütün çətin məqamlarda ona hər cür dəstək və yardım göstərən Azərbaycan bu dar gündə də qardaşının köməyinə çatan ilk ölkə oldu.Prezident İlham Əliyevin tapşırığına əsasən, təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə qardaş Türkiyənin zəlzələ bölgəsinə dərhal yardım göstərilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər görüldü. Türkiyədə güclü zəlzələlər nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar yeddigünlük milli matəm elan olunub. Qardaş Türkiyənin 10 vilayətində baş vermiş təbii fəlakət nəticəsində minlərlə insanın həlak olması, saysız-hesabsız insanın yaralanması, evsiz-eşiksiz qalması doğrudan da dəhşətli faciədir. Qardaş ölkədə baş verən bu zəlzələ bütün azərbaycanlıları sarsıtdı. Eyni zamanda Azərbaycan Türkiyənin yanında olduğunu sözdə deyil, əməldə ortaya qoydu. Azərbaycan xalqı hazırda Türkiyəyə edilən yardımların əsas özəyini təşkil edir. Xalqımızın bu aksiyada göstərdiyi fəallıq təqdirəlayiqdir. Biz Türkiyədə təbii fəlakətdən əziyyət çəkən insanlara yorğan, döşək, uşaq, qadın, kişi geyimləri və digər ləvazimatlar toplayaraq yardım etdik. zəlzələ bölgəsində həyata keçirilən axtarış xilasetmə əməliyyatlarına dəstək məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişinə əsasən, Fövqəladə Hallar Nazirliyinin (FHN) 420 nəfərlik xilasedici heyəti müvafiq avadanlıqlar və axtarış itləri ilə bərabər 6 fevral tarixində Türkiyəyə yola salınıb. Bundan əlavə, zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə FHN-nin zəruri tibbi avadanlıq və ləvazimatlarla təchiz olunmuş mobil səhra hospitalı və 34 nəfər tibbi, 7 nəfər qeyri-tibbi olmaqla 41 nəfərlik heyəti göndərilib. Naxçıvandan 12 tır yardım göndərildi. Bu faciəvi zəlzələ nəticəsində zərər görənlərə yardım məqsədilə Azərbaycandakı bütün qeyri hökümət təşkilatları Qardaş Köməyi adlı platforma təşkil etdilər. Bu Platforma vasitəsilə yardım etmək istəyən bütün vətəndaşlar Türkiyəyə müxtəlif ləvazimatlar göndərməkdədirlər. Prezident İlham Əliyevin tapşırığı ilə Türkiyəyə göndərilmiş Azərbaycan Ordusunun hərbi tibb personalı 8 fevral tarixindən etibarən Kahramanmaraşda fəaliyyət göstərməkdədirlər. Ümumi cərrah, terapevt, qulaq, burun, boğaz xəstəlikləri mütəxəssisi, göz xəstəlikləri mütəxəssisi, neyrocərrahlar, anestezioloqlar, plastik cərrahlardan ibarətdir.
Zəlzələ nəticəsində ölənlərə Allah rəhmət eləsin! Dağıntılar altında qalanlara Allah yardımçı olsun!
Mehtiyev Arif Səyyad oğlu – Masallı rayon Bədəlan kəndi
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.