“Fiqaronun toyu“ operası B. Motsartın libretto müəllifi Lorenso da Ponta ilə ilk birgə işidir və məhz bu opera bəstəkara görünməmiş populyarlıq gətirmişdir: “Fiqaronun toyu“ operasından melodiyaları Avropanın müxtəlif ölkələrində küçə və meydanlarda eşitmək olardı.
Bəstəkar 1785-ci ilin qışında opera üzərində işə başlamış və artıq beş aydan sonra - 1786-cı il mayın 1-də Vyanada operanın ilk tamaşası baş tutmuşdur. Elə ilk tamaşadan opera bəstəkara böyük uğur gətirmiş və tamaşaçılar tərəfindən bəyənilmişdir.
“Fiqaronun toyu“ - əyləncəli səhnələr, sevgi intriqaları ilə zəngin olan komik operadır. Da Pontenin librettosu inandırıcılığı, Motsartın musiqisi isə zərifliyi ilə tamaşaçıları heyran edirdi.
Aprelin 9-da baş tutacaq tamaşada azərbaycanlı opera sənətçiləri ilə yanaşı həm də Belarus Milli Akademik Böyük Opera və Balet Teatrının solisti, Belarusun Xalq artisti Vladimir Qromov (Qraf Almaviva) və Sankt – Peterburqun Marinski adına Opera və Balet Teatrının solisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Məhərrəm Hüseynov (Fiqaro) çıxış edəcəklər. Teatrın aparıcı solistləri – Əməkdar artistlər Fəridə Məmmədova Qrafinya, İnarə Babayeva Suzanna, İlham Nəzərov Kerubino, Tural Ağasıyev Bazilio, Xalq artistləri Əli Əskərov Antonio, Əkrəm Poladov Bartolo partiyalarını ifa edəcəklər.
Tamaşanı Azərbaycanın Əməkdar artisti, dirijorların beynəlxalq müsabiqələri və “Humay “ milli mükafatının laureatı Əyyub Quliyev idarə edəcəkdir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.