Beynəlxalq Muğam Mərkəzinin nəşrləri seriyasından növbəti kitab işıq üzü görüb. Əslən Şuşadan olan xanəndə Məşədi Məhəmməd Fərzəliyevin 150 illiyinə həsr edilmiş “Salam, Məşədi” adlı nəşrdə böyük xanəndənin 33 illik İstanbul həyatına aid son illərdə tapılmış arxiv materialları, Azərbaycan Dövlət Səs Yazıları Arxivindəki ifalarının siyahısı yer alıb. Kitabda həmçinin indiyə qədər heç yerdə dərc olunmamış Almaniyanın “Sport- Rekord” , Fransanın “Pate” firmalarının tərtib etdiyi kataloqlar da əks olunub. Kitabın müəllifi filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlıdır. Muğam tariximizlə maraqlanan oxucular müəllifin axtarışları nəticəsində tədqiqat qrupunun üzvü Dilqəm Əhməd tərəfindən xanəndəyə aid Türkiyə arxivlərində aşkar edilmiş sənədlər həmçinin tanınmış sənət xadimlərinin xanəndənin irsi haqqında düşüncələri ilə tanış ola biləcəklər. Kitaba Ön sözü Xalq artisti, bəstəkar Sərdar Fərəcov yazıb. Redaktoru Kənan Hacıdır. Nəşr “Çapar” yayınlarında hazırlanıb.
Kitabın təqdimat mərasimi 28 sentyabr saat 14:00-da Beynəlxalq Muğam Mərkəzində keçiriləcək.
Qeyd edək ki, BMM silsilə olaraq mərkəzin foyesində büstləri qoyulan sənətkarların həyat və yaradıcılığına həsr edilən kitabları nəşr edərək oxuculara təqdim edir. Bu günə kimi Bülbülcan, Sadıqcan, Xan Şuşinski, Sara Qədimova və başqa sənətkarlarla bağlı kitablar işıq üzü görüb.
*Kitabın təqdimatı noyabrın 28-də saat 14.00-da Beynəlxalq Muğam Mərkəzində keçiriləcək.* Maraqlananlar dəvətlidir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.