Nizami Səfərov,
Azərbaycan Respublikası Milli Məclisinin deputatı44-günlük Vətən müharibəsinin ən mühüm nəticələri sırasında Qubadlı rayonunun işğaldan azad olunması xüsusi diqqət cəlb edir.
Qubadlıya 1988-ci ildən başlayan silahlı hücumlar 1993-cü il avqustun 31-də rayonun ermənilər tərəfindən tam işğal olunması ilə nəticələnmış, 94 yaşayış məntəqəsi, 7278 fərdi yaşayış evi, 64 inzibati bina, 148 sosial obyekti, 161 mədəniyyət obyekti, 7 məscid, 16 körpü dağıdılmış və ya yararsız vəziyyətə salınmışdır. 1080 ədəd kənd təsərrüfatı obyekti, 650 km avtomobil yolu, 2 su anbarı, 150 km magistral su xətləri, 4830 km elektrik xətləri, 165 km magistral qaz boru xətti, 18 ədəd dəyirman, bir neçə su nasos stansiyası, 120 ədəd elektrik yarımstansiyası və transformatorlar tamamilə dağıdılmışdır.
Beynəlxalq humanitar hüquq normalarının sil-silə xarakterli pozuntuları nəticəsində əhalinin demoqrafik tərkibinin dəyişdirilməsi məqsədi ilə Ermənistan Qubadlıda qanunsuz məskunlaşma siyasətini həyata keçirmişdir. ATƏT-in faktaraşdırıcı missiyasının məruzəsinə əsasən, Qubadlıda 1500-dək erməniəsilli şəxs qanunsuz olaraq məskunlaşmışdır, xaricdən gətirilən ermənilər üçün Xanlıqda hətta ayrıca qəsəbə də salınmışdır.
Düşmənin bütün cəhdlərinə baxmayaraq, Azərbaycan Ordusu qisa müddət ərzində 2020-ci il noyabrın 9-dək rayonun 41 kəndini azad etdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi kimi, “Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi. Oktyabrın 25-də Qubadlı şəhərinin azad olunması bizim qələbəmizi yaxınlaşdırdı”.
Qubadlı rayonunun işğaldan azad edilməsində şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15209 hərbi qulluqçusu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdir.
Hazırda Qubadlı rayonunun irimiqyaslı bərpa-quruculuq işləri aparılır və ən qısa zamanda burada həyat öz normal məcrasına qayıdacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.