AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Erməni xalqı hələ Sarkisyan dövründə xilası Avropada, Amerikada axtarırdı” - Elnur Allahverdiyev

  • + A
  • - A
  • 19-03-2021, 09:45



    “Ermənistanda iyunun 20-nə təyin olunmuş növbədənkənar parlament seçkiləri ölkədə ideoloji zəmində parçalanmanı daha da dərinləşdirəcək. Keçmiş prezidentlər Robert Koçaryan və Serj Sarkisyanın Rusiyameyilli elektoratı revanş niyyətindədir, onlar Paşinyanı devirməyi Moskva qarşısında xidmət kimi görürlər. Paşinyanın isə onlara qarşı arqumenti Qərblə daha sıx inteqrasiya vədi olacaq. Paşinyan istənilən halda ən ağır maneəni keçib – Qarabağ itirilib, hazırda sosioloji sorğulara görə, ölkə əhalisinin cəmi 9-10 faizini Qarabağ məsələsi narahat edir. Belə bir vəziyyətdə Paşinyanın 3 ildir yeritdiyi təbliğatı daha da qabarıq davam etdirəcəyi gözləniləndir”.

    Bu sözləri Ermənistandakı anti-Rusiya ab-havasını şərh edərkən Milli Məclisin deputatı Elnur Allahverdiyev deyib.

    Millət vəkilinin sözlərinə görə, erməni xalqı tarix boyu ona yiyə duran, himayə edən dövlətlərə xəyanət edib. İndi isə məsələ bir qədər fərqli çalar alıb, çünki söhbət tək ideoloji deyil, həm də iqtisadidir: “Erməni xalqının mədəsi boşdur. İqtisadiyyat yoxdur. Sərhədlər bağlıdır, müharibədə ağır məğlubiyyət alıb və mənəvi cəhətdən dərin sarsıntı keçirir. Xalq başa düşməyə başlayıb ki, “Artsax, Artsax” deməklə qarnı doymur. Ötən 30 il Qarabağ klanı onu aldadıb, “Təhlükəsizliyimiz Rusiyanın əlindədir” deyib, nəticədə isə Qarabağ itirilib. Ona görə də böyük əksəriyyətin ümidləri Qərbə doğrudur”. E.Allahverdiyev qeyd edib ki, əslində, erməni xalqında bu qənaət Vətən müharibəsindəki acı məğlubiyyətdən sonra formalaşmayıb. “Çoxları deyir ki, Paşinyan gəlib, Rusiya ilə münasibətləri pozub və ölkəni Qərbə doğru çevirib. Bu, belə deyil. Paşinyan özü anti-Rusiya və Qərbə meyillilik atmosferində hakimiyyətə gəlib. Bu atmosfer isə S.Sarkisyanın dövrünün məhsulu idi. Erməni xalqı hələ o vaxt cana doymuşdu və 30 ilin siyasətinin bir bəhrəsi olmadığını görüb xilası Avropada, Amerikada axtarırdı” – deyən E.Allahverdiyev bildirib ki, Sarkisyanın özü də Rusiyaya xəyanət sayılacaq bir sıra addımlar atmışdı. Ölkədə Qərblə sıx bağlı olan yüzlərlə QHT-lər fəaliyyət göstərir, ABŞ-ın ən böyük səfirliklərindən biri İrəvanda tikilir, faşist Qaregin Njdenin heykəli ucaldılır, Rusiya hərbi bazasının hərbçilərinə qarşı aqressiv hərəkətlərə yol verilirdi.

    “Gəlin unutmayaq ki, məhz Sarkisyanın dövründə Rusiya səfirliyi yumurta atəşinə tutuldu, diplomatik nümayəndəlik qarşısında aksiyalar keçirilməyə başlandı, Rusiya əleyhinə təhqiredici şüarlar səsləndi. Bütün bunlar erməni cəmiyyətində Rusiyaya qarşı kök salmış nifrətin göstəriciləri idi” – deyən deputat hesab edir ki, hazırda bu tendensiya daha aqressiv xarakterlidir. İrəvan küçələrində keçirilən etiraz aksiyalarında Rusiyaya qarşı səslənən fikirlər və şüarları dinləmək kifayətdir: “Bu günlərdə İrəvanda olan amerikalı jurnalistin yürüş keçirən və Rusiyanı tənqid edən, aşağılayan şəxslərin videoyazısı yayıldı. Ermənilər onları dövlət etmiş, 200 ildən çoxdur himayəsində olduqları Rusiyanı “böyük həbsxana” adlandırırlar. Açıq şəkildə deyirlər ki, Rusiyada xilas yoxdur, yolları Avropaya doğrudur”.

    Deputatın qənaətinə görə, Ermənistanda seçkilər ərəfəsində təbliğat Rusiya-Qərb qarşıdurması müstəvisində qurulacaq. Bir tərəf inandırmağa çalışacaq ki, yenidən Moskvanın himayəsinə qayıtsaq, ölkəni məhvdən qurtarmaq olar. Digər tərəf də bildirəcək ki, Rusiya onlara 30 ildə heç nə verməyib, müharibədə kömək etməyib, aclıq və səfalət içindədirlər, ona görə də yolları Qərbə tərəfdir. “Bu erməni xalqının tarixindən gələn dünyagörüşü, həyat tərzidir. Hər zaman onlara daha çoxunu verə biləcək dövləti, gücü axtarıb, ona sığınıblar. Hazırda həmin sahib dəyişmə böhranını yaşayırlar” – deyə E.Allahverdiyev bildirib.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR