AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Elnur Allahverdiyev: “Fransanın tarixində Makron qədər qeyri-ciddi prezident olmayıb və olmayacaq”

  • + A
  • - A
  • 16-05-2021, 12:00


    “Fransanın növbəti prezidentinin kimliyini, o cümlədən Emanuel Makronun yenidən seçilib-seçilməyəcəyini proqnozlaşdırmaq bizim işimiz deyil. Ancaq indidən əminliklə demək olar ki, bu ölkənin tarixində Makron qədər qeyri-ciddi prezident olmayıb və olmayacaq”.

    Bu sözləri AzadMedia.Az-a Milli Məclisin deputatı Elnur Allahverdiyev deyib.

    Millət vəkilinin sözlərinə görə, Makron Fransa kimi tarixi olan, BMT Təhlükəsizlik Şurasının üzvü dövlətin qeyri-ardıcıl, qeyri-ciddi reputasiya qazanması üçün əlindən gələni edir.

    “Görünür, bu adam prezidentlik postunun əhəmiyyətini bu illər ərzində dərk edə bilməyib. Onun tək Azərbaycana münasibətdə hərəkətləri yox, ölkəsinin daxilində də xüsusi hörmətə malik olmaması təsadüfi deyil. Prezidentliyinin ilk günlərindən qalmaqalların əhatəsində olan Makrona qarşı ölkəsinin hərbçiləri də qalxıb, ona Fransanın ciddi təhlükələrlə üz-üzə olduğuna dair xəbərdarlıqlar edirlər. Belə təəssürat yaranır ki, Makronun yanında mütləq ondan yaşca böyük və təcrübəli biri olmalıdır ki, atdığı addımların fəsadlarını izah etsin”, – deyə deputat vurğulayıb.

    E.Allahverdiyevin sözlərinə görə, Azərbaycanın Ermənistanla dövlət sərhədinin delimitasiya və demarkasiyası prosesini “ermənilərə qarşı təcavüz” olaraq qiymətləndirib tələsik qərəzli bəyanat verən, özü də bunu erməni dilində edən Makron ya anlamır, ya da anlaya bilmir ki, bununla Fransanın ədalətli vasitəçi statusunu birdəfəlik dəfn edir.

    “Əslində, Makronun Qarabağ probleminin nizamlanması prosesinə bir “xeyir”i oldu ki, indiyədək aşkar olmayanı etdi. Guya biz bilmirdik ki, Fransa ermənipərəst mövqedən çıxış edir və Azərbaycanın işğal altında olan torpaqlarının qayıtmasını istəmir? Sadəcə olaraq, Makron qərəzinin tündlüyündənmi, yaxud qeyri-peşəkarlığındanmı bu faktı bütün çılpaqlığı ilə ortaya qoydu. Vətən müharibəsinin ilk günlərindən verdiyi bəyanatlarla” – deyə deputat bildirib.

    Rəsmi Parisin Makronun qismində atdığı addımların Azərbaycan üçün heç bir əhəmiyyət kəsb etmədiyini Prezident İlham Əliyev dəfələrlə vurğulayıb. E.Allahverdiyev hesab edir ki, Azərbaycan ardıcıl şəkildə Fransanın ATƏT-in Minsk qrupundan uzaqlaşdırılmasını tələb etməlidir:

    “Qarabağ problemi həll olunub. Bunu Azərbaycan öz gücü ilə edib. BMT-nin, ATƏT-in etmədiyini biz etmişik. Ona görə də, Minsk qrupu faktiki olaraq əhəmiyyətsiz bir qurumdur. Ancaq nə qədər ki, fəaliyyətini rəsmi şəkildə bitirməyib, Fransa kimi tərəf tutan dövlətin orada olmasının heç bir məntiqi yoxdur. Çünki bu ölkə açıq formada, prezidenti səviyyəsində Ermənistanı müdafiə edir”.

    Millət vəkilinin sözlərinə görə, Vətən müharibəsindən sonra Azərbaycana səfər etmiş Fransanın rəsmi nümayəndəsi azad olunmuş torpaqların bərpasında ölkəsinin şirkətlərinin fəaliyyət göstərməyə hazır olduqlarını bildirirdi:

    “Bu tərəfdən də həmin ölkənin prezidenti gah bizi “təcavüz”də günahlandırır, gah da erməni diasporu ilə görüşündə Qarabağın Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazisi olduğundan təəssüflənir. Yəni aydın deyil, bu ölkənin Qarabağla bağlı formalaşmış siyasəti var, ya yoxdur. Belə görünür ki, Makron bütün bunları hisslərə qapılaraq edir”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR