2007-ci ildən bu yana Azərbaycan Fransada mədəniyyətlər mübadiləsi çərçivəsində onlarla layihə və tədbirlər həyata keçirib. Fransa ərazisində olan və dünya mədəniyyəti inciləri tarixini əks etdirən siyahıya düşən abidələrin bərpasından tutmuş, mədəniyyət gecələri, təqdimatlar, müxtəlif məzmunlu mədəniyyət və incəsənət sərgilərinədək. Bunların bir qismi Azərbaycanın zəngin mədəni irsinin nümayişi ilə yanaşı dövlətimizin dünya və birbaşa Fransanın mədəniyyət və incəsənət nümunələri, tarixi abidələrinə nə qədər önəm verdiyinin göstəricisidir.
Bu işlər təbii ki, maddiyyat tələb edir. Məsələn, tək Heydər Əliyev Fondunun dəstəyi ilə Fransada Versal Sarayının parkındakı qədim ümumbəşər abidələrin bərpa işləri həyata keçirilib (2007-ci ildə), Strasburq Kafedral kilsəsinin XIV əsrə aid olan beş pəncərəsi (2009-cu ildə), Fransanın müxtəlif regionlarında 20-dən çox kilsə (2011-2012-ci illərdə), Fransanın Orn departamentinin X-XII əsrlərə aid 7 kilsəsi bərpa edilib və Leaugle şəhər musiqi məktəbinin bir zalının təmirinə yardım göstərilib.
Fransa kimi dövlətin bu işləri həyata keçirməyə vəsaiti olmamış deyil və Azərbaycanın maddi dəstəyinə ehtiyacı yoxdur. Ancaq bu addımları ilə Azərbaycan sivil, sülhpərvər dövlət olaraq dünya maddi və mənəvi zənginliklərinə necə böyük önəm verdiyini nümayiş etdirib və tam haqqlı olaraq bunun qarşılığında da adekvat münasibət gözləyir.
Mən əminəm ki, Fransa prezidenti Emmanuel Makronun bütün bunlardan xəbəri yoxdur. O heç bilmir ki, Fransa və Azərbaycanın şəhərləri arasında qardaşlaşma və dostluğa dair 13 sənəd imzalanıb. Makron zəngin Azərbaycan mədəniyyəti, incəsənəti, musiqisi və tarixindən də bixəbərdir. O, bunları bilməyə bilər.
Ancaq ona kimsə izah etməlidir ki, dünyanın mədəniyyət mərkəzi olan ölkəsinin başçısı kimi Azərbaycanın işğal olunmuş torpaqlarında yüzlərlə, minlərlə maddi-mədəniyyət və tarixi irs nümunələri dağıdılıb və saxtalaşdırılıb. Onun bu gün himayə etdiyi ermənilər və Ermənistan dövləti tərəfindən...
Ermənistanı açıq müdafiə edən bəyanatları ilə Makron müharibəyə, humanitar böhrana, Ermənistanın Azərbaycan xalqına qarşı etnik təmizləmə siyasətinə, təxribatlarına, tarixi abidələrimizin, maddi mədəniyyətimizin ermənilər tərəfindən məhvinə dəstək vermiş oldu.
Şübhə yoxdur ki, Fransa lideri Azərbaycana münasibətdə səsləndirdiyi qərəzli bəyanatlarla tələskənliyə yol verdi və zaman-zaman bunu dərk edəcək. Makronun bu tərəfkeşlik və ermənipərəstliyi Fransanın dünyadakı humanitar xarakterli addımlar və aksiyalarını kölgə altına salacaq. Kimdir indidən belə Parisin xoşməramlılığına inanıb etibar edən?
Biz bilirdik ki, Minsk qrupunun həmsədri olan Fransa təpədən dırnağa kimi ermənipərəst dövlətdir. Bilirdik ki, erməni lobbisinin bu ölkənin xarici siyasətində qəbul etdiyi ədalətsiz və birtərəfli qərarlarda imzası var. Makronun sələfi Olland da onun tayı idi, Nikola Sarkozi də. Sonuncu Ermənistanı Fransanın “kiçik bacısı” hesab edirdi.
Ondan əvvəl Jak Şirak da eyni düşüncənin daşıyıcısı idi. Ancaq üç həmsədrdən, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün üzərinə beynəlxalq öhdəlik götürmüş üç dövlətdən birinin başçısının “Dağlıq Qarabağın Azərbaycanın nəzarətinə keçməsinə razı ola bilmərik” deməsi...
Yenə də, ona görə yox ki, Fransa altda-altdan və qəlbən bacısı Ermənistanın tərəfindədir. Sadəcə olaraq, rəsmi Paris BMT TŞ-nin 5 üzvündən biri kimi Ermənistanın aqresiyasını və onun Azərbaycanın işğal edilmiş torpaqlarını tərk etməsini əsas tutan 4 qətnaməyə səs verib.
Fransa Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənən sərhədləri çərçivəsində ərazi bütövlüyünü tanıyıb. Bu ərazilərə Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayon da daxildir. Fransa ərazi bütövlüyümüzü tanıması barədə onlarla bəyanat verib. Prezidentlər və XİN rəhbərləri çərçivəsində. Makron bax bütün bunları, yəni dövlətinin beynəlxalq imicini kölgə altına saldı.
İndi belə bir mənzərə yaranıb: Fransanın da daxil olduğu üç vasitəçi tərəfləri masa arxasında oturub sülh axtarmağa çağırırlar. Ancaq eyni zamanda, onlardan biri, yəni Fransa aşkar və qaba şəkildə münaqişə edənlərdən birini dəstəkləməklə nizamlama prosesini dəfn edir. İndidən belə bizim Ermənistanı sülh prosesini pozmaqda günahlandırmağımıza ehtiyac yoxdur, bunu vasitəçilərdən biri – Fransanın özü edir.
Biz bilirik ki, Ermənistan lideri Nikol Paşinyan Makron və onun kimi digərləri üçün Sarkisyandan və Koçaryandan daha əzizdir. Çünki Paşinyan onların “öz uşağı”dır. İllər sonra Yerevanın siyasi isteblişmentinə öz adamlarının dırmanıb qalxmasına nail olublar və bu fürsəti əldən verməyə qorxurlar. O qədər qorxurlar ki, belə məsuliyyətsiz, əsassız, beynəlxalq hüquqa hayqırı, Fransa çapında dövlətin başçısı üçün cılız görünən bəyanatlar verirlər.
Azərbaycanla Ermənistanı müqayisə etməyin mümkünsüzlüyünü Parisdə başa düşməmiş deyillər və bunu Makrona izah edəcəklər. Bizlə erməniləri eyni tərəzinin gözlərinə qoymaq mümkün deyil. Praqmatik dünyamızda mənəvi öhdəlik nələrisə həll edə bilər, ancaq hər şey yenidən gəzib dolaşıb, gəlib çatır maddiyata. Biz bunu unutmayacağıq, mösyo Makron!
Elnur Allahverdiyev
Milli Məclisin deputatı