AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Bütün qələbələrin təməlində iti qılıncla yanaşı, həm də kəsərli söz dayanır"

  • + A
  • - A
  • 22-07-2021, 19:08


    Ülvi Quliyev
    Milli Məclisin deputatı

    Mənsub olduğumuz cəmiyyətdə və dünyada nələrin baş verdiyini bilmək istədikdə, ilk müraciət edə biləcəyimiz mənbə mətbuatdır. Yaşadığımız yüksək texnologiyalar, internet dövründə sosial media və Youtube kanalları ənənəvi qəzetçiliklə ciddi rəqabət aparır. Müasir zəmanənin çağırışı və diqtəsi olduğuna görə, bu rəqabətin müsbət və ziyanlı tərəfləri üzərində, xüsusən jurnalistlərin peşə bayramı günündə,əlahiddə dayanmaq istəmirəm. Əsas olan budur ki, rəqabət sağlam olsun, media məkanından asılı olmayaraq, verilən informasiya həqiqətə və haqqa söykənsin. Elə ona görə də, peşəkar jurnalistlərimiz yoxladıqları və dürüstlüyünə əmin olduqları məlumatların tirajlanmasına üstünlük verirlər. Bu, həm də ona xidmət edir ki, ictimai nəbzdəki aritmiyanın doğal olması, yaxud sonradan, süni və məqsədli təsirlər altında qazanılması barədə obyektiv qənaətə gələ biləsən.

    Bu peşə bayramı böyük ziyalımız Həsən bəy Zərdabinin adı ilə bağlıdır. O Ziyalımızın ki, əlində tutduğu qələm hər zaman həqiqətə, millətimizin işıqlı sabahına, cəmiyyətdə olan əyintilərin təhrif edilmədən, olduğu kimi işıqlandırılmasına xidmət göstərib və Həsən bəy bütün bunları təmənnasız edib. Qərəzsiz, istedadlı və peşəkar qələm sahibləri üçün örnək olan, jurnalist peşəsinin əbədi dəyərlərinin təməlini qoymuş Həsən bəy Zərdabi deyərdi:

    “Qiymət, öz işin üçün mükafat, tərif və s. axtarma. Xalq üçün çalış, o, arxanca gedəcək və səni qiymətləndirəcək. Bunun üçün əvvəlcə onun inamını qazan”. Heç şübhəsiz ki, müasir Azərbaycan jurnalistikasında oxucu və tamaşaçı inamını qazanmış, Zərdabi yoluna sadiq qalan, sözün həm sağalmaz yara vura biləcəyinin, həm də məlhəm olduğunun mahiyyətinə varan qələm sahiblərimiz az deyil. İnanıram ki, məhz bu camiyənin mövcudluğu sayəsində Zərdabi yolu davam etdiriləcək, ümummilli maraqlarımızın qorunmasında və cəmiyyətə obyektiv informasiyanın çatdırılmasında bundan sonra da gərəkli sözünü deyəcək. Ona da əminəm ki, yetişməkdə olan gənc nəsil bizlərdən daha savadlı, daha elmli və daha çox milli ruhlu olacaq.

    Bugünkü Azərbaycan gəncliyi vətənpərvərlik hissinin onlarda nə qədər yüksək olduğunu Vətən müharibəsində göstərdiyi şücaətlə, milli ruhumuzun qorunması və tarixi Qələbəmiz naminə həyat və sağlamlığından keçməklə sübut etdi.Əminliyim həm də ona söykənir ki, milli ruhla yanaşı, daha savadlı və elmli nəslin yetişdirilməsi bu gün dövlətimizin, cəmiyyətimizin, valideyn olaraq hər birimizin xüsusi diqqət mərkəzindədir. Təsadüfi deyil ki, zamanında Həsən bəy Zərdabi bunu da demişdi : “Damcı-damcı ilə yaramız sağalası yara deyil. İndi sel vaxtıdır. Elm gərək sel kimi axsın ki, hər istəyən ondan içib doya bilsin”.

    Peşə bayramınızı səmimi qəlbdən təbrik edir, haqq sözün təntənəsi, xalqımız və dövlətimiz naminə fəaliyyətinizdə yeni-yeni uğurlar arzu edirəm. Gəlin, unutmayaq ki, bütün qələbələrin təməlində iti qılıncla yanaşı, həm də kəsərli söz dayanır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR