Son günlər qohum evliliklərin ləğv edilməsi məsələsi gündəmdədir. Təbii ki, bununla bağlı fikirlər birmənalı deyil. Qohum evliliklərə “hə” deyənlərlə yanaşı, “yox” deyənlər də var. Hətta məsələ Milli Məclisin plenar iclasında birinci oxunuşda qəbul edilib.
Məsələ ilə AzadMedia.az-a danışan Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev qohum evliliklərin tibbi fəsadlarını qeyd edib:
“Vaxtilə müsəlman ölkələrində də qohum evliliklər normal sayılırdı. Hətta belə bir ifadə də vardı. “Əmiqızı ilə əmioğlunun kəbini göylərdə kəsilib”.
Təcrübə fərqli məqamları üzə çıxartdı. Səhiyyə və tibbin inkişafı göstərdi ki, belə nikahlar xoşbəxtlikdən daha çox bədbəxtliklər gətirir. İrsi genetik xəstəliklərin ortaya çıxmasında qohum nikahların “payı” normal nikahların “payından” 2-3 dəfə çoxdir. Üstəlik genetik xəstəliklərin də müalicəsi yoxdu. Bu da uzun illər ailə faciəsinə gətirib çıxarıb”.
Musa Quliyev 10 il bundan öncə talasimiya və hemofoliya ilə bağlı parlamentin çox vacib qanun qəbul etdiyini bildirib. Bu zaman Əmək Məcəlləsinə dəyişiklik edildiyini və nikahdan öncə icbari tibbi müalicənin həyata keçirilməsinin olduqca müsbət nəticələr verdiyini xatırladıb:
“Heç şübhəsiz ki, azalma meylləri müşahidə olunur. Təəssüflər olsun ki, son dövrlərin statistikası qohum evliliklər nəticəsində irsi genetik xəstəliklərin sayının artdığını göstərir. Bu da Azərbaycanın genefonduna olduqca ciddi zərər verir. Dünyanın bir çox ölkələri nəinki 2-cü nəsil hətta 3-cü və 4-cü nəsil qohumların da evliliyinə icazə vermir. Bəzən genetik xəstəliklər7-ci nəsildə belə özünü göstərir. Belə bir qanunun qəbul olunması xalqımızın genefondunun sağlam böyüməsi üçün əhəmiyyətlidir”.
Komitə sədri maarifləndirmə işlərindən də söz açıb:
“Hesab edirəm ki, çox ciddi maarifləndirmə tədbirləri də aparılmalı və insanlara vəziyyət izah olunmalıdır. Çünki bu, dünyaya gələcək uşaqların sağlam olması üçün vacibdir”
Musa Quliyev qanunun bu il qəbul ediləcəyini söyləsə də, gələn ilin 1 iyulundan icra olduğunu bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.