AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Silahlı Qüvvələrin modernləşdirilməsi dövlət siyasətinin strateji istiqamətlərindəndir

  • + A
  • - A
  • 25-06-2024, 14:49

    Silahlı Qüvvələrin modernləşdirilməsi dövlət siyasətinin strateji istiqamətlərindəndir

    “Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Azərbaycan 44 gün ərzində parlaq qələbə qazanaraq Ermənistanı məğlub etdi, işğala son qoydu. Bu 44 günün hər günü bizim şanlı tariximizdir. Hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu işğala son qoyulsun, bu haqsızlığa son qoyulsun, ədalət zəfər çalsın, tarixi ədalət zəfər çalsın və buna nail olduq” fikirləri Azərbaycan Silahlı Qüvvələrinin gücünün, qüdrətinin, öz şərəfli missiyasını yüksək səviyyədə yerinə yetirməsinin təqdimatıdır. Azərbaycan Ordusunun 106 ildə keçdiyi inkişaf yolunu tarixi Zəfərimizlə, suverenliyimizin tam bərpa edilməsi ilə ümumiləşdirməyimiz hər birimiz üçün böyük qürur, xoşbəxtlikdir. Cənab İlham Əliyev qələbəni şərtləndirən amillərdən bəhs edərkən maddi-texniki təchizat və ordumuzun döyüş qabiliyyətinin artırılması ilə yanaşı, ilk növbədə, gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə edilməsini qeyd edir. Bu çağırışı səsləndirir ki, nə qədər sənin silahın, sursatın olsa belə, nə qədər müasir hərbi texnologiyalardan istifadə etsən belə, qələbəni əldə edən əlində silah əsgərdir, zabitdir. O, sinəsini qabağa verir, o, ölümə getməyə hazırdır və biz bunu göstərmişik. Ən çətin, əlverişsiz coğrafi vəziyyətdə altı müdafiə zolağını yararaq, döşənmiş bir milyondan artıq minanın üzərindən keçərək, təpələrdə yerləşmiş düşmən mövqelərini məhv edərək, Azərbaycan əsgər və zabiti əsl qəhrəmanlıq və şücaət göstədi. Bütün dünyaya Azərbaycan xalqının gücünü, iradəsini, əyilməz ruhunu göstərdi. Bu günün gələcəyinə və Xankəndi şəhərində Azərbaycan Bayrağı altında hərbi paradın keçiriləcəyinə əmin idik.”

    Bu fikirləri Milli Məclisin deputatı Əliabbas Salahzadə bildirib.

    Millət vəkili qeyd edib ki, bütün bu uğurların təməlində düzgün qurulan və gələcəyə hesablanmış siyasət dayanır: “Müstəqilliyimizin bərpasının ilk illərində ölkədəki hakimiyyətsizlik bütün sahələrə öz mənfi təsirini göstərmişdi. Ordu quruculuğu sahəsində uğursuzluqlar isə torpaqlarımızın işğalına səbəb olmuşdu. 1993-cü ilin yayında Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ordu quruculuğu istiqamətində mühüm addımlar atıldı. 1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqqında müqavilə imzalandıqdan sonra Azərbaycan Milli Ordusunun formalaşması daha da sürətləndi. Həyata keçirilən uğurlu siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına və döyüş ruhunun yüksəldilməsinə xüsusi diqqət ayrıldı. Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanına əsasən Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir. Bu mühüm addım ordu quruculuğunun dövlətin siyasətində prioritet məsələ olduğunu bir daha təsdiqləyir. Ümummilli Lider hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə 1999-cu ildə Hərbi Akademiyanın yaradılması haqqında Fərman imzaladı. Onu da qeyd edək ki, hərbi kadrların hazırlanması Ümummilli Lider Heydər Əliyevin hakimiyyətinin birinci dövründə də əsas hədəflər sırasında olub. Belə ki, Ulu Öndər 1971-ci ildə böyük zəhmətlər bahasına Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin – görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail oldu. Sözügedən məktəbin fəaliyyəti Azərbaycanda hərb sahəsinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına gətirib çıxarmışdı. Azərbaycan müstəqilliyini bərpa edəndən sonra C.Naxçıvanski adına Hərbi Məktəb ordu quruculuğunun əsas bazalarından birinə çevrildi. Ulu Öndər Heydər Əliyevin sayəsində azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərində oxuması, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunması mümkün oldu.”
    Əliabbas Salahzadə vurğulayıb ki, son 20 ildən artıq dövrdə Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev tərəfindən Silahlı Qüvvələrin maddi-texniki təchizatının yenilənməsinə, müasir infrastrukturun yaradılmasına, hərbi qulluqçuların sosial müdafiəsinə, mənzil təminatının yaxşılaşdırılmasına, həmçinin müdafiə sənayesinin inkişaf etdirilməsinə hər zaman xüsusi diqqət yetirilir: “Azərbaycanda son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Ölkəmiz öz zavodlarında istehsal etdiyi hərbi təyinatlı məhsullarla ordumuzu əhəmiyyətli dərəcədə təchiz edə bilir. Silah və hərbi texnikaların satın alınması və hərbi məhsulların istehsalına dair bir sıra ölkələrlə müqavilələr imzalanaraq hərbi əməkdaşlıq əlaqələri genişləndirilib. Silahlı Qüvvələrin modernləşdirilməsi dövlət siyasətinin strateji istiqamətlərindəndir. Ölkəmizin son illərdə dinamik inkişafı Silahlı Qüvvələrin büdcəsinin artması və nəticə etibarilə ordumuzun güclənməsi ilə müşayiət olunması Prezident İlham Əliyevin ordu quruculuğu ilə əlaqədar öz vədinə sadiq olduğunu təsdiq edir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə ordunun döyüş qabiliyyəti daha da yüksəlmiş, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilmiş, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır.”
    Millət vəkili qeyd edib ki, bu gün regionda ən müasir ordu Azərbaycan Ordusu hesab edilir: “Prezident İlham Əliyev çıxışlarında daim bu əminliyi ifadə edirdi ki, biz elə bir güclü ordu yaratmışıq ki, istənilən vəzifəni icra edə bilərik. Silahlı Qüvvələrimizin müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması, bütün bunlar məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir. Azərbaycan Ordusunun dünyanın ən güclü 50 ordusu sırasında olması dövrün çağırışlarına uyğun olaraq aparılan islahatlarla bağlıdır.”
    Əliabbas Salahzadə Silahlı Qüvvələr Gününü məhz tarixi Zəfərimizin, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsinin sevincini yaşamaqla qeyd etdiyimizi böyük qürur hissi ilə bildirib: “Hər bir bayram tədbiri əldə olunan uğurlarla bağlı bir ümumiləşdirmə aparmağı, qarşıdakı dövr üçün prioritetləri açıqlamağı bir zərurətə çevirir. 26 İyun- Silahlı Qüvvələr Günündə 106 yaşlı ordumuzun keçdiyi inkişaf yolunu bir yazıda əhatə etmək mümkün olmasa da, reallıq budur ki, Azərbaycan Ordusu şərəfli missiyasını yüksək səviyyədə həyata keçirir. 44 günlük İkinci Qarabağ müharibəsində tarix yazıb, bir günlük antiterror tədbirlərini həyata keçirməklə suverenliyimizi tam bərpa edib, bu Zəfərlərin fonunda Böyük Qayıdışa yol açıb. Bu ilin qayıdış ünvanları sırasında Şuşanın, Xocalının olması, sentyabr ayından isə Xankəndi şəhərinə köçün başlanmasının nəzərdə tutulması Azərbaycanın hər bir hədəfə addım-addım irəlilədiyini nümayiş etdirir. Daim müdafiə qüdrətimizin artırılmasını Azərbaycan dövlətinin daxili məsələsi olduğunu önə çəkən cənab İlham Əliyevin vurğuladığı kimi, ölkəmizdə ordu quruculuğu prosesi uğurla gedir. Bu gün Azərbaycanda nizami ordu vardır. Ordumuzda peşəkarlıq, döyüş qabiliyyəti, ruh yüksəkliyi yüksək səviyyədədir.”


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR