Siyasi şərhçi Əziz Əlibəyli Qərbin son onilliklərdə həyata keçirdiyi yanlış və dağıdıcı xarici siyasətin dünyanın siyasi arxitekturasını təməlindən sarsıtdığını bildirir. Onun sözlərinə görə, əsas dövlətlərin daxili işlərinə müdaxilə, hakimiyyət dəyişikliklərinin təşviqi və müharibələrin alovlandırılması milyonlarla qaçqının məcburi miqrasiyasına səbəb olub və bu gün yaşanan siyasi gərginliyin kökü məhz buradan başlayır.
Ə.Əlibəyli vurğulayır ki, Liviyada Qəddafinin devrilməsi, ölkənin sərvətlərinin talan edilməsi, eyni ssenarinin Əfqanıstan, Suriya və digər ərəb ölkələrində tətbiqi regionun bütöv siyasi düzənini pozdu. “Afrikanın bir çox strateji ölkələrində isə dövlət anlayışı belə sıradan çıxarılıb,” – deyə o qeyd edir.
Şərhçi ABŞ Dövlət katibi Marko Rubionun Avropa, Kanada, Avstraliya və Yeni Zelandiyadakı amerikalı diplomatlara “immiqrasiyanı məhdudlaşdırmaq üçün ev sahibi hökumətlərə təzyiq göstərmək” barədə verdiyi göstərişi də bu xaotik prosesin davamı kimi qiymətləndirir. Rubionun açıqlamasında vurğulanan “bəzi immiqrant toplumlarında radikal islamın yayılması və antisemitizmin artması” iddiası siyasi manipulyasiyanın növbəti forması kimi təqdim edilir.
Əziz Əlibəylinin sözlərinə görə, faktlar göstərir ki:
Son 20 ildə Almaniyaya gedən 15 milyon miqrantın təxminən 6 milyonu İraq, Əfqanıstan, Türkiyə və Suriya kimi müsəlman ölkələrindəndir.
İslam dünyasında sabitliyə ən çox zərbə vuran ölkələrdən biri olan Fransada əhalinin artıq 5 faizi müsəlmandır.
Eyni dövrdə ABŞ-a köçən 30 milyon miqrantın böyük hissəsi Meksika və Hindistandan gələnlərdir, onların yalnız 4 milyonu islam mənsubudur.
Siyasi şərhçi hesab edir ki, Qərb ölkələri illərdir dağıtdıqları islam coğrafiyasından milyonlarla insanın hara köçəcəyini, bu axının hansı sosial-siyasi nəticələr yaradacağını düşünməyiblər. Bu səbəbdən bu gün həmin miqrantların axını nəticəsində:
Fransada radikal etirazlar və inqilabi meyllər artır,
Almaniyada qapalı “getto” cəmiyyətləri yaranır,
ABŞ-da isə bəzi qruplar mafiya tipli strukturlara çevrilir.
Bütün bunlar daxili narazılığı yüksəldir, siyasi sistemləri silkələyir və nəticədə seçici kütləsi liberal idarəçiliyin əleyhinə çevrilərək sağ millətçi qüvvələrə yönəlir.
Ə.Əlibəyli yekunda bildirir ki, hazırda Qərb ölkələrində baş verən sosial gərginlik dalğası, artan nifrət, antisemitizm və qarşıdurmalar yeni bir tarixi mərhələyə – “yeni yəhudi qırğını analogiyası” adlandırılan təhlükəli trendlərin yaranmasına zəmin hazırlayıb.