İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal: Prokurorluq araşdıracaq

İsmayıllıda yerləşən məşhur “Talıstan Forest” istirahət mərkəzi ətrafında 2 milyon manatlıq qalmaqal yaşanıb.
xitab24.az-a istinadla xəbər verir ki, mübahisə sözügedən istirahət mərkəzinin tikintisində sərf olunan 1.907.000 manatlıq vəsaitlə bağlıdır.
2005-ci ildə Süleymanovlar ailəsi Məhərrəmovlar ailəsinə müraciət edərək, şərikli olaraq İsmayıllı rayonunun Talıstan kəndində istirahət mərkəzinin tikintisini təklif ediblər.
Tərəflər arasında hər birinin 50% payı olmaqla razılığa gəlinib və razılaşmaya əsasən tikintinin layihəsi, maliyyələşdirilməsi, inşası, avadanlıq və mebellə təchizi Məhərrəmovlar ailəsinin vəsait hesabına həyata keçirilməli, qarşı tərəf isə yalnız torpaq sahəsini təqdim etməli idi.
İstirahət mərkəzi tam tikilib istifadəyə verildikdən sonra isə Məhərrəmovlar ailəsi nəinki “Talıstan Forest"in idarə edilməsində iştirakdan kənarlaşdırılıb, hətta Süleymanovların göstərişi ilə mühafizəçilər tərəfindən ərazisinə belə buraxılmayıblar.
Bu şikayətlə Məhərrəmovlar ailəsi hüquq-mühafizə orqanlarına müraciət edib.
Ailənin şikayətinin Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Preventiv Tədbirlər və Təhqiqat İdarəsində araşdırılması təmin edilib.
“Talıstan Forest”in sahibi İsmayıllının icra başçısının birinci müavini Mahmud Süleymanovdur. Mətbuatda yayılan məlumatlara görə, o, istirahət mərkəzini həyat yoldaşı İbrahimova Fazilə Fazil qızının adına rəsmiləşdirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.