KREML: PUTİNİ NÜVƏ ÇAMADANI HƏR YERDƏ MÜŞAYİƏT EDİR

KREML: PUTİNİ NÜVƏ ÇAMADANI HƏR YERDƏ MÜŞAYİƏT EDİR
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Vladimir Putini nüvə çamadanı daim müşayiət edir.
Peskov bu barədə jurnalistlərin suallarını cavablandırarkən danışıb. O, Rusiya prezidentinin Çinə səfəri zamanı tədbirlərdə diqqət çəkən nüvə çamadanı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Kremlin sözçüsünün sözlərinə görə, nüvə çamadanı Putinin bütün səfərlərində onunla birlikdə olur və bu, yeni hadisə deyil.
“Görünür, nüvə çamadanı ilə bağlı xəbərlər ilk dəfə prezidenti görən jurnalistlər üçün sensasiyaya çevrilib. Bu çamadan bütün həyatı boyu onunla birlikdə səfər edir və indiyədək belə başlıqlara səbəb olmayıb. Yəqin ki, bunu təcrübəsiz jurnalistlərdən biri gündəmə gətirib”, – deyə Peskov vurğulayıb.
Qeyd edək ki, Putinin Çinə səfəri zamanı nüvə çamadanının görüntülənməsi müxtəlif KİV-lərdə geniş müzakirələrə səbəb olub. Media orqanları çamadanı kimin daşıdığı, onun daxilində nələrin olduğu və Çindəki tədbirlərdə görünməsinin hansı məna daşıdığı barədə materiallar yayımlayıblar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.