Hakimiyyətlə Putin qarşıdurması dərinləşir: Avropadan etirazlar başladı - Gəlişmə
Bakı-Moskva arasında gərginlik səngimir. Rusiya Azərbaycana təzyiq üçün diaspora təşkilatıın ləğv etməklə ciddi soyuqluq yaradıb. Artıq dünyanın hər yerindən etirazlar var
Qərb ölkələrindən də bəyanatlar səslənməkdədir və Kremlə mesajlar ünvanlanmaqdadır. Almaniyada fəaliyyət göstərən bir sıra Azərbaycan diaspor təşkilatları çıxış ediblər.
Drezdendəki Alm.Az Cəmiyyətinin, Saksoniya-Anhaltdakı Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin və Avropa Əməkdaşlıq Forumu Təşkilatının idarə heyətinin üzvləri Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğvi ilə əlaqədar Rusiya Prezidenti Vladimir Putinə müraciət ünvanlayıb.
Almaniyadakı Azərbaycan diasporunun bəyanatında bildirilir ki, Rusiya ilə Azərbaycan arasında münasibətlər hər zaman yüksək səviyyədə olub və bütün sahələrdə səmərəli əməkdaşlıq mövcuddur.
Bu münasibətlərin qorunub saxlanılmasına iki ölkə prezidentinin qarşılıqlı anlaşması öz töhfəsini verməkdədir.
Azərbaycan beynəlxalq təşkilatlar çərçivəsində Rusiya ilə əməkdaşlığı inkişaf etdirərək bu ölkənin bölgədəki strateji maraqlarını hər zaman nəzərə alıb.
Rusiyadakı Azərbaycan əleyhinə olan qüvvələr təxribatçı fəaliyyətlərini gücləndirərək münasibətlərə kölgə salmaq üçün əlindən gələni edir.
İsveçrədə Azərbaycanlıların Mədəniyyəti Dərnəyi Rusiya Prezidentinə, bu ölkənin Ali Məhkəməsinə, Ədliyyə Nazirliyinə Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğvi ilə bağlı bəyanat ünvanlayıb.
Bəyanatda Rusiya Federasiyasının dövlət strukturlarının bütün millətlərə və etnik qruplara tolerant münasibətini bilərək bu anlaşılmazlığın tezliklə həll olunacağına, Ümumrusiya Azərbaycanlıları Konqresinin yenə də Rusiyada Azərbaycan diasporunu fəxrlə təmsil edəcəyinə inam ifadə olunub.
Ulus.Az xəbər verir ki, postsovet məkanında Azərbaycan müstəqil siyasət yeridən nadir ölkələrdən biri olması bir çox qüvvələrin xoşuna gəlmir.
Rusiya prezidenti Vladimir Putinin Bakıya səfəri ilə müşahidə olunan süjetdə rusların Azərbaycanda rahat yaşaması, həm dini, həm mədəni ənənələri üçün bütün şəraitin yaradıldığı, rus dilinin inkişafı və rus icmalarının sərbəst fəaliyyəti qeyd olunur.
Bildirilib ki, Azərbaycanın dünyada artan rolu bəzi dairələrin narahatlığına səbəb olub. Vitse-spiker Bahar Muradova deyib ki, bu qərarın arxasında olan qüvvələr Azərbaycanla Rusiya arasında münasibətləri “düşmənçilik həddinə çatdırmaq” niyyəti güdüblər ki, bu niyyət alınmayacaq.
Bu qərarın qəbulunda Rusiyanın ədliyyə sisteminə yerləşmiş ermənipərəst şəxslərin rolu da az olmayıb. Rəsmi Bakı Rusiya tərəfinin ÜAK-ın qeydiyyatının ləğvi ilə bağlı “hüquqi pozuntular” iddiasını əsassız hesab edir.
Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədri Əli Hüseynov deyib ki, Ədliyyə Nazirliyinin ÜAK-ın ləğvi ilə bağlı birbaşa Ali Məhkəməyə müraciəti bu məsələdə qərəz olduğunu təsdiqləyir.
Azərbaycan Bakı Tiflis-Qars dəmiryolunu, TANAP qaz layihəsini işə salmaq ərəfəsindədir. O cümlədən bu qərarın Azərbaycan ordusunun güclənməsində və Qarabağ məsələsində tutduğu prinsipial mövqeyinin də təsiri olub.
ÜAK-ın ləğvi ilə bağlı hakimiyyət dövlət televiziyası vasitəsilə tutarlı cavab verib. Bu mövqedə əsas xəttin Kremli qıcıqlandıran Azərbaycanın transmilli layihələrinin və Qarabağ məsələsinin üzərində cəmləşməsi diqqət çəkir.