AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rusiya Qafqazdan sıxışdırılır: Kremlin narahatlığı və dəyişən dəngələr - TƏHLİL

  • + A
  • - A
  • 18-06-2021, 20:40


    Rusiya Şuşa Bəyannaməsini narahatlıqla qarşıladı və Azərbaycanla Türkiyə arasında imzalanmış müttəfiqlik sazişini Cənubi Qafqazdakı maraqlarına uyğun hesab etmir.

    Bunu Rusiya Xarici İşlər Nazirliyinin bəyanatından da görmək olar: “Biz Azərbaycan və ya Ermənistanın üçüncü tərəflərlə ikitərəfli münasibətlərini Dağlıq Qarabağ mövzusu ilə qarışdırmağı düzgün hesab etmirik. Sonuncu Azərbaycan-Türkiyə yüksək səviyyəli təmaslarına məhz bu əsasda baxırıq”.

    Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Azərbaycanla Türkiyə arasında imzalanmış müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinə münasibət bildirərkən belə deyib.

    “Hesab edirik ki, regionda ikitərəfli əlaqələr, o cümlədən hərbi əlaqələr digər dövlətlərə qarşı qurulmamalıdır. Bakı ilə İrəvan arasında, o cümlədən İrəvan-Ankara dialoqunun normallaşmasına yönəlmiş bütün addımları dəstəkləyirik. Cənubi Qafqazda əməkdaşlıq mehriban qonşuluq prinsipi və əlbəttə ki, regionun bütün ölkələrinin maraqları nəzərə alınmaqla inkişaf etməlidir”, - deyə Rusiya XİN rəsmisi vurğulayıb.

    Əslində, Rusiyanın Şuşa Bəyannaməsini mənfi reaksiya verəcəyi gözlənilən idi. Sadəcə olaraq, rəsmi Moskvanın mövqeyi Rusiya və ABŞ prezidentlərinin görüşü fonunda bir qədər ləngidi. Rusiya XİN Azərbaycan və Türkiyə arasında imzalanmış müttəfiqlik sazişinə açıq mətnlə olmasa da, sətiraltı mesajlarla öz etirazını bildirib. Mariya Zaxarovanın bəyanatında diplomatik tərzdə Rusiyanın “qırmızı xətt” hesab edilən məqamları görmək olar.

    Bəyanatda yer almış “Biz Azərbaycan və ya Ermənistanın üçüncü tərəflərlə ikitərəfli münasibətlərini Dağlıq Qarabağ mövzusu ilə qarışdırmağı düzgün hesab etmirik” ifadəsi əslində, rəsmi Bakıya və Ankaraya xəbərdarlıq məqsədi daşıyır. Rusiya diplomatik tərzdə bildirmək istəyir ki, Azərbaycan və Türkiyə arasında imzalanmış qarşılıqlı hərbi yardım haqqında müqavilə Dağlıq Qarabağ probleminə münasibətdə və Ermənistana qarşı tətbiq edilə bilməz.

    Çünki Dağlıq Qarabağ və Ermənistan Rusiyanın maraq dairəsidir. Eyni zamanda Ermənistan Rusiyanın hərbi müttəfiqidir. Ona görə də təcavüzkar tərəf Ermənistan olsa belə, Türkiyə Rusiyanın müttəfiqinə qarşı mübarizədə Azərbaycana açıq hərbi yardım göstərə bilməz.

    Zaxarovanın açıqlaması ilə Rusiya regiondakı münaqişələri tənzimləmək səlahiyyətini özündə saxladığını, o cümlədən Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsində əsas aktor olduğunu Türkiyənin nəzərinə çatdırmaq istəyir. Rusiya mesaj verir ki, Türkiyənin Şuşa Bəyannaməsindən irəli gələn fəaliyyəti Ermənistanın əleyhinə deyil, onunla münasibətlərin normallaşmasına xidmət etməlidir. Əks təqdirdə, Azərbaycan-Türkiyə ittifaqına qarşı Rusiya-Ermənistan hərbi alyansı dayana bilər.

    Lakin Rusiya bu bəyanatı verməklə bölgədəki maraqlarını qorumağa çalışsa da, paradoksal mövqe nümayiş etdirib. Çünki bu məntiqlə yanaşdıqda, Azərbaycan Rusiya sülhməramlılarının Dağlıq Qarabağdan çıxarılmasından hər an imtina etmək hüququna malikdir. Yəni Rusiya ilə olan ikitərəfli münasibətlərini Dağlıq Qarabağ mövzusuna aid etməməlidir. Yaxud Rusiya Dağlıq Qarabağda hərbi kontingentinin öz müttəfiqi olan Ermənistan ərazisindən istifadə etməklə və Laçın dəhlizi vasitəsilə dislokasiyasını dayandırmalıdır.

    Zaxarovanın bəyanatında yer alan bir sıra məqamlar isə yalnız Ermənistanın deyil, həm də Rusiyanın Cənubi Qafqazdakı gestrateji maraqlarının müdafiəsinə yönəlib. “Regionda ikitərəfli əlaqələr, o cümlədən hərbi əlaqələr digər dövlətlərə qarşı qurulmamalıdır” - deməklə rəsmi Moskva yalnız Ermənistanı deyil, Azərbaycan-Türkiyə müttəfiqliyinin Rusiyanın özünün Cənubi Qafqazdakı hərbi-siyasi mövcudluğuna zidd olmasından narahatlığını ortaya qoyur.

    Kreml açıq tezislərlə Cənubi Qafqazda əməkdaşlığın mehriban qonşuluq prinsipi və regionun bütün ölkələrinin maraqlarının, yəni nəzərə alınması şərtini irəli sürür ki, burada söhbət ilk növbədə Rusiyadan gedir. Kreml Türkiyənin Cənubi Qafqazda hərbi iştirakının artmasını özünün geosiyasi üstünlüyünə qarşı təhlükə hesab edir. Çünki 1920-ci ildən sonra Cənubi Qafqaz Rusiyanın təsir dairəsinə daxil olub və son zamanlara qədər bu regionda hərbi iştiraka malik yeganə dövlətdir. Lakin Şuşa Bəyannaməsinin imzalanması ilə Türkiyə Cənubi Qafqazda legitim hərbi fəaliyyət hüququ qazandı. Bununla da regionda qüvvələr nisbəti dəyişmiş oldu. Artıq Rusiya-Ermənistan ittifaqına qarşı Azərbaycan-Türkiyə müttəfiqliyi var. Doğrudur, bu sənəd Rusiyanın bölgədəki mövcudluğuna və ya Ermənistanla hərbi müttəfqiliyinə qarşı yönəlməyib. Ancaq Şuşa Bəyannaməsi istənilən halda Rusiyanın Ermənistan yaxud Qarabağdakı erməni separatçıları vasitəsilə Azərbaycana qarşı hərbi təzyiqlərinin qarşısını almaq imkanı yaradır.

    Digər tərəfdən, Türkiyə NATO-nun üzvüdür. Bu ölkənin Cənubi Qafqazda hərbi-siyasi mövcudluğu NATO-nun Cənubi Qafqaza daxil olması deməkdir. Yəni bölgədə hərbi balans dəyişməyə başlayır və ən azı NATO-nun xeyrinə bərabərləşir. Prezident Rəcəb Tayyib Ərdoğan yaxın gələcəkdə Türkiyə hərbi bazalarının Azərbaycanda yerləşdirilməsini də istisna etməyib və bunun həm Azərbaycan, həm də Rusiya ilə razılaşdırmadan asılı olacağını deyib. Kreml isə bunu bölgədəki geostrateji maraqları üçün təhlükə sayır. Hətta qeyd edilən proses Cənubi Qafqazın sərhədlərindən də kənara çıxa bilər. Belə ki, Azərbaycanın Xəzər dənizində sərhəd əraziləri var. Xəzərin statusuna dair müqaviləyə görə, dənizdə sahilyanı olmayan ölkələrin hərbi donanması təmsil oluna bilməz. Lakin Xəzər dənizində Rusiya və ya İran kimi ölkələrdən Azərbaycanın su sərhədlərinin pozulması və ərazi bütövlüyünə qarşı müdaxilə halı baş verərsə, Şuşa Bəyannaməsi Türkiyəyə hərbi yardım etmək hüququ verir.

    Bu isə Türkiyənin timsalında NATO-nun Cənubi Qafqazda və Xəzər regionunda hərbi gücə sahib olması deməkdir.
    Cebhe.info


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR