İranın digər qonşuları kimi, Ermənistan və Azərbaycan da ölkənin yeni seçilmiş mühafizəkar prezidenti İbrahim Rəisinin Tehranın bölgəyə yönünü necə dəyişdirə biləcəyini anlamağa çalışırlar.
Reyting.az xəbər verir ki, bunu “Responsible Statecraft” saytında analitik Eldar Məmmədov yazıb.
O qeyd edir: Azərbaycan baxımından, Həsən Ruhaninin möhlətini başa vuran mötədil administrasiyası tərəfindən həyata keçirilən siyasətə davamlı üstünlük veriləcək. İyunun 18-də keçirilən seçkilərdə qalib gələn və avqust ayında vəzifəsinin icrasına başlayacaq Rəisiyə təbrik mesajında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iki ölkə arasındakı “strateji əməkdaşlığı” yüksək qiymətləndirib. Əliyev, 2020-ci il müharibəsi nəticəsində İran-Azərbaycan sərhədində suvereliyinin bərpasının “regional əməkdaşlıq üçün yeni imkanlar açdığını” vurğulayıb.
Bakıdakı bəzi analitiklər bunu İranı Cənubi Qafqazdakı müharibədən sonrakı yeni nizamda maraqlı tərəf olmaq üçün dəvət kimi şərh etdilər. Həqiqətən də, azəri ultra-millətçilərinin və amerikalı anti-İran “şahinləri”nin bəzi müdhiş iddialarına baxmayaraq, Tehran heç bir şəkildə Bakının müharibə cəhdlərini pozmayıb və əslində, Azərbaycanın ərazi bütövlüyünü davamlı olaraq dəstəkləyib.
Ermənistan, əksinə, son dərəcə travmatik bir dövrdən çıxır: keçən il Azərbaycana qarşı müharibədə ağrılı itki verən və cəmiyyəti kəskin qütbləşdirmiş iyun ayında keçirilən seçkidən sonar hələ də yeni reallıqlar üçün uyğun bir xarici siyasət strategiyası hazırlamayıb. Həmişəki kimi, xarici güclər arasında son seçkidə Rusiyanın kölgəsi görünürdü. Bəzi erməni analitiklər, xüsusən, müxalifətə rəğbəti olanlar, indi Bakı-Ankara ittifaqına qarşı, bir növ, Moskva-İrəvan-Tehran ittifaqına ümid edirlər. Yenidən seçilən baş nazir Nikol Paşinyan, parlamentdə yenilənmiş və gücləndirilmiş bir mandata sahib olsa da, Rusiya ilə İranın köməyi ilə Azərbaycan və Türkiyəni tarazlaşdırmaq cəhdindən daha çox Azərbaycanla barışıq sazişi axtarma ehtimalı daha yüksək görünür.
Bu, Tehran üçün tam normal sayıla blər. Amma Rəisinin əsas prioriteti ölkənin çıxılmaz iqtisadi vəziyyətini həll etməkdir. Onun seçilməsi geniş şəkildə Ali Rəhbər Ayətullah Əli Xamnəinin varisi olmaq üçün ilk addım kimi göründüyündən, çoxsaylı daxili problemlərinə diqqət yetirmək naminə İbrahim Rəisi ölkə sərhədlərində sabitliyə ehtiyac duyur. İran təhlükəsizlik sektorunun Yaxın Şərq və Fars körfəzinin milli təhlükəsizlik baxımından həyati əhəmiyyət daşıyan arenalar olduğu və Cənubi Qafqazın olmadığına dair fikir birliyi var. Bundan əlavə, Amerika qüvvələrinin sürətli şəkildə geri çəkilməsi dövründə Əfqanıstan İran üçün başqa bir təhdid mənbəyi olaraq sürətlə ortaya çıxmaqdadır. Bu bölgələr İran prezidentliyini kimin tutmasından asılı olmayaraq prioritet qalır.
İranın Cənubi Qafqaza nisbətən təvazökar müdaxiləsi Türkiyə və Azərbaycanla bağlı təhdid qavrayışı daha kəskin böyüyərsə, dəyişə bilər. İran, Türkiyənin Azərbaycanla müttəfiqliyini və Orta Asiyada artan ambissiyasını öz mənafelərinə qarşı yönəlmiş olaraq görür. Türkiyənin bölgədəki hərbi iştirakı NATO-nun İran sərhədləri ətrafında genişlənmə şansını artırır.
Həm də Tehranı Azərbaycandakı anti-İran irredentizmi qorxudur. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın özü keçən ilin dekabr ayında bir çox etnik azərbaycanlının yaşadığı İranın şimal əyalətlərinə dair bu qorxuları artırıb. Bakı “Cənubi Azərbaycan”ın ayrılması çağırışlarını rəsmi olaraq təsdiqləməsə də, İranda Azərbaycan separatizmini alovlandırmağa çalışan “şahin” Vaşinqton qurumlarının alimlərini dəstəkləyir.
İran həm də Rusiyanın vasitəçisi olduğu atəşkəs sazişinin Azərbaycan ərazisi, anklav Naxçıvan və Türkiyə arasında birbaşa quru dəhlizinin İran ərazisindən yan ötərək Ermənistan ərazisindən keçməsindən narahatdır. Nəticədə, Ermənistanla sərhədinin potensial itirilməsindən qorxan İran parlamentinin milli təhlükəsizlik komitəsinin sədri Müctəba Zünnuri may ayında İranın Cənubi Qafqazdakı beynəlxalq səviyyədə tanınmış sərhədlərindəki hər hansı bir dəyişikliyə qarşı sərt etirazını bildirib. Bu, Azərbaycandakı aparıcı iqtidarçı veb saytının gurultulu təpkisinə səbəb olub: “İran Azərbaycana arxadan xain zərbə vurub”. Bu cür hadisələr Bakı ilə Tehran arasındakı münasibətlərdə yatan gərginliyi qabardır.
Tehran üçün başqa bir böyük qıcıqlandırıcı Qərb və İsrailin şimal sərhədlərindəki kəşfiyyat fəaliyyətini genişləndirməsi ola bilər. Vaşinqton düşüncə mərkəzlərindəki bəzi guya Azərbaycan tərəfdarı analitiklər bu məqsədlə təxribat xarakterli çağırışlar edirlər. Veteran mühafizəkar alim Uolter Rassell Mid iyun ayında “Wall Street Journal” qəzetində açıq şəkildə bütün etnik qrupu - İran azərbaycanlılarını İranın düşmənləri üçün kəşfiyyat toplama mənbəyi kimi istifadə etməyə çağırıb.
Bu meyllər istənilən İran hökumətini, ideoloji çalarından asılı olmayaraq, Cənubi Qafqazda çəkindirmə qabiliyyətlərini inkişaf etdirməyə təhrik edəcəkdir. Rəisinin mühafizəkar keçmişi və İslam İnqilabı Keşikçiləri Korpusu ilə yaxınlığı, diplomatik və təhlükəsizlik sahələri arasında daha çox uyğunlaşma və əlaqələrin daha geniş şəkildə təhlükəsizləşdirilməsini təmin edəcəkdir.
Belə bir dönüş yeni bir şey olmayacaq. 2005-2013-cü illərdə Mahmud Əhmədinejadın sərt idarəçiliyi dövründə Azərbaycanla münasibətlər gərgin idi, o yerə qədər ki İranın Baş Qərargah rəisi general-mayor Həsən Firuzabadi Əliyev rejimini “xalqın oyanışı” ilə hədələmişdi. Rəisinin prezidentliyi Əhmədinejaddan çox fərqli ola bilsə də, artan gərginlik üçün potensial qalmaqdadır.
Bakı bu cür gərginlikdən qazana bilər. O, Azərbaycanın “İran təhdidi”nə qarşı Amerika və İsrail müttəfiqi kimi qəbul edilən geosiyasi dəyərini artıracaq. Bu, rejimə daxildən də fayda verəcək: İranda sərt bir prezident olduğu üçün daxili təzyiqləri “İranın dəstəklədiyi ekstremistlərə” qarşı zəruri bir tədbir olaraq “satmaq” hər zaman daha asandır – Bakının müxalifəti boğmaq üçün uzun müddət üstünlük verdiyi bir taktika. Bu yaxınlarda təsdiqlənmiş qanunvericilik dəyişiklikləri, bir çoxunun şiə inanclıları hədəf aldığını düşündüyü ölkədəki müstəqil dini fəaliyyət sahələrini daha da məhdudlaşdırıb və gələcəkdə bu cür məhdudiyyətlərə daha çox zəmin yaradıb.
Bununla birlikdə, Rəisinin sərt nüfuzu, eyni zamanda, hər hansı bir qarşıdurma meydana gələ bilsə də, nəzarətdən çıxmayacaq. O, İranla dünya gücləri arasında nüvə anlaşmasını bərpa etmək üçün Vyana danışıqlarını dəstəkləyir, həm də mühafizəkar yönün Qərblə, xüsusən də ABŞ ilə əlaqələrin dərinləşməsinə şübhə ilə yanaşır. İranın Qərblə davamlı disfunksional əlaqəsi, Türkiyə və Azərbaycan da daxil olmaqla, regional oyunçulardan iqtisadi asılılığını artırır.
Türkiyə məsələsində Tehranın təmkin üçün əlavə təşviqləri var: onun Ankara ilə münasibətləri Cənubi Qafqazın yalnız bir tərəf olduğu kompleks bir şahmat taxtasına bənzəyir. Türkiyədə siyasi İslam və Qərb əleyhinə söyləmələr geri çəkildikcə və mühafizəkar sağçı milliyyətçilik yüksəldikcə, Tehran Ərdoğandan sonrakı hər bir türk liderinin İrana daha düşmən mövqedə ola biləcəyini düşünür.
Önümüzdəki illərdə Cənubi Qafqazda, bir tərəfdən, Türkiyə ilə Azərbaycan, digər tərəfdən, İran arasında qarşıdurma genişlənəcəkdir. Bu, İrandakı istənilən prezidentin dövrünə şamildir. Mühafizəkar Rəisinin seçilməsi Tehranın bölgəyə qarşı daha sərt, təhlükəsizlik yönümlü bir yanaşmasını təmin edir. Eyni zamanda, iqtisadi maraqlar, xüsusən də, İranın Qərblə münasibətləri durğunlaşmağa davam edərsə, tamamilə qarşıdurma risklərini azaltmalıdır.