İlham Əliyev: «Gələn ilin büdcəsi daha böyük olmalıdır»
“Kənd təsərrüfatı ilə bağlı önəmli addımlar atılır”.
Bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Salyan rayonunun Çuxanlı-Gəncəli-Piratman-Parça Xələc-Seyidan avtomobil yolunun açılışında rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə söyləyib.
Dövlət başçısı deyib ki, Salyanda pambıqçılığın bərpası istiqamətində işlər yaxşı gedir: “Mənə verilən məlumata görə, 7 min hektarda pambıq əkilib, bu da məşğulluğu təmin edir. Minlərlə insan indi bu sahədə işləyir, pul qazanır. Qazlaşdırma Salyan rayonunda 80 faizdən çoxdur. Bu da yaxşı göstəricidir. Növbəti illərdə əlbəttə ki, daha da artacaq. Bu gün biz elektrik yarımstansiyasının açılışını etdik və elektrik enerjisi ilə təminat daha da yaxşılaşacaq. Keçən il biz içməli su layihəsinin birinci mərhələsini mənim iştirakımla istismara verdik və növbəti dövrdə bu layihənin tam tamamlanması nəzərdə tutulur. Bir sözlə, Salyan rayonunun həm sosial, həm iqtisadi inkişafı diqqət mərkəzindədir. Nəzərə alsaq ki, infrastruktur layihələrinin bir çoxu icra edilib, növbəti illərdə qalan layihələr də icra ediləcək. Biz diqqəti daha çox kənd təsərrüfatı və sənaye istehsalının inkişafına yönəltməliyik. Bu istiqamətdə də addımlar atılır. Qeyd etdiyim kimi, böyük fasilədən sonra Salyanda pambıqçılıq bərpa olundu və 7 min hektarda pambıq əkilib. Bu, böyük nailiyyətdir və sənaye istehsalının artırılması istiqamətində də addımlar atılmalıdır. Bu gün mən Neftçala şəhərində Sənaye Məhəlləsinin açılışında da iştirak etmişəm. Bizim bir çox şəhərlərimizdə, o cümlədən Salyan şəhərində buna oxşar sənaye zonaları yaradılmalıdır. Müvafiq göstəriş verilib, gərək yerli icra orqanları yer ayırsınlar və dövlət tərəfindən bütün infrastruktur layihələri orada icra ediləcək və sahibkarlar üçün yaxşı şərait yaradılacaq. Çünki bundan sonrakı dövrdə sənayenin və kənd təsərrüfatının inkişafı ölkəmizin uzunmüddətli ümumi inkişafını təmin edəcək”.
Prezident İlham Əliyev bildirib ki, son vaxtlar Azərbaycanda aqroparkların yaradılması geniş vüsət alıb: “Onlardan biri də Salyan rayonunda yaradılır. Mənə verilən məlumata görə, bu, 3 min hektar sahədə yaradılır. Biz həm məşğulluğu artıracağıq, işsizliyi daha da aşağı salacağıq, yerli istehsalı artıracağıq, ixracyönümlü məhsulları istehsal edəcəyik və beləliklə, ölkə iqtisadiyyatı neftdən, qazdan daha da az asılı olacaq. İndi də bu asılılıq azalır və regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası nəticəsində bu gün Azərbaycanın qeyri-neft sektoru uğurla inkişaf edir. Son vaxtlar mənim təşəbbüsümlə kənd təsərrüfatının müxtəlif sahələrinə dəstək, yeni təkan vermək üçün müşavirələr keçirilib – pambıqçılıq, tütünçülük, baramaçılıq, fındıqçılıq, çayçılıq, çəltikçilik, sitrusçuluq – biz bütün bu sahələrə xüsusi diqqət göstəririk. Hər bir rayonun özünə xas olan kənd təsərrüfatı sahələri var və ixtisaslaşma istiqamətində də çox ciddi addımlar atılır. Ona görə, bu gün Salyan rayonunun gələcək inkişafı ilə bağlı məndə çox nikbin fikir var. Əminəm ki, bu günə qədər həll olunmayan məsələlər öz həllini tapacaq və rayonun sürətli inkişafı təmin ediləcək. Bu yolun açılışı da, əslində, Azərbaycanın ümumi inkişafını göstərir. Bizim ölkəmiz inkişaf edir, sosial-iqtisadi layihələr icra olunur. Baxmayaraq, neftin qiymətinin kəskin aşağı düşməsinə görə bizim gəlirlərimiz azalıb, ancaq sosial və infrastruktur layihələrində heç bir geriləmə yoxdur. Gələn ilin iqtisadi göstəriciləri daha da yaxşı olacaq. Gələn il bu ilə nisbətən daha da böyük həcmdə Dövlət İnvestisiya Proqramı icra ediləcək. Gələn ilin büdcəsi də daha böyük olmalıdır və dövlət investisiya xərcləri daha da böyük olacaq. Yəni, iqtisadi, maliyyə sahələrində qarşımızda heç bir problem yoxdur. Azərbaycan möhkəm iqtisadi potensiala malik olan bir ölkədir. Gələcək illərdə bizim iqtisadi gücümüz ancaq artacaq və beləliklə, bütün rayonlarda işlər daha da yaxşı gedəcək”.