AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

BMT-nin İnkişaf Proqramı daha 130 qadına öz biznesini qurması üçün dəstək verəcək

  • + A
  • - A
  • 26-12-2022, 17:08

    BMT-nin İnkişaf Proqramı daha 130 qadına öz biznesini qurması üçün dəstək verəcək

    ““Azərbaycanda Qadınların İqtisadi Səlahiyyətləndirilməsi” (WEEA) layihəsinin əsas məqsədi Azərbaycanda qadınların, xüsusən də yoxsul və sosial cəhətdən təcrid olunmuş qadınların iqtisadi cəhətdən səlahiyyətləndirilməsini və müvafiq qərarların qəbul edilməsində iştirakını təmin etməkdir.”
    Bu barədə məlumatı BMT-nin İnkişaf Proqramının(BMTİP-Azərbaycan) layihə rəhbəri Aygün Əhmədova bildirib.
    Onun sözlərinə görə, bu layihə “UN WOMEN” tərəfindən həyata keçirilən daha böyük “Cənubi Qafqazda Qadınların İqtisadi Səlahiyyətləndirilməsi” (WEESC) regional proqramının bir hissəsidir və Qadınların İqtisadi Səlahiyyətləndirilməsi gündəliyinin Azərbaycanda (2018-2021) həyata keçirilməsinin I mərhələsinin nəticələrinə əsaslanır.
    “Hazırda BMTIP-nin Azərbaycanda icra etdiyi layihə İsveçrə Əməkdaşlıq və İnkişaf Agentliyi, Avstriya İnkişaf Agentliyi, və BMT-nin Qadınlar Təşkilatının koordinasiyası ilə həyata keçirilir. Bu məqsədlə Azərbaycanın 4 rayonunda, Bakının Xəzər rayonunda, Sabirabad, Qusar və Füzuli rayonlarında Qadın Resurs Mərkəzləri yaradaraq qadınların iqtisadi cəhətdən inkişaf etməsinə dəstək göstərir. Layihənin ikinci mərhələsi 2022-2024-cü illər üçün nəzərdə tutulub. Demək olar ki, ötən bir il ərzində uğurlu işlərə imza atmışıq.
    Layihə həmçinin BMT-nin Qlobal Sazişi və BMT-nin Qadınlar təşkilatının qlobal təşəbbüsü olan Qadınların Səlahiyyətlərinin Genişləndirilməsi Prinsiplərini (WEPs) , özəl şirkətlər arasında təbliğ edərək onları qəbul etməyə dəvət edir. Hazırda bu prinsipləri Azərbaycan üzrə layihə cərçivəsində 20 –yə yaxın şirkət qəbul edib. Nüfuzlu şirkətlərin də bu əməkdaşlıqda iştirakı məqsədimizə çatmağımıza şərait yaradır ”, A. Əhmədova əlavə edib.
    O həmçinin vurğulayıb ki, layihə müddətində 130 qadının biznes qurmasına dəstək verilməsi, 250 qadının isə formal əmək bazarında iş tapmaq üçün bacarıqlarının inkişaf etdirilməsi nəzərdə tutulur.
    Zorakılıqla mübarizə iqtisadi maraqlardan, biznesdən qabaq gəlir
    Bu yaxında uğurla həyata keçirilən layihə çərçivəsində media nümayəndəsi kimi BMTİP xətti ilə Qusarda qonaq oldum. Bu səfər bölgə qadınlarının maarifləndirilməsi ilə bağlı növbəti tədbirdə iştirak, həm də layihənin işi ilə yaxından tanışlıq üçün fürsət oldu.
    Bu dəfə Gender Zorakılığına qarşı 16 Günlük Fəallıq kampaniyasına qoşularaq bir qrup qusarlı xanımla Qusar qadın Resurs Mərkəzində toplaşdıq.
    Tədbirdə çıxış edən layihə rəhbəri Aygün Əhmədova beynəlxalq kampaniya haqqında məlumat verdi. O illərdir bu kampaniyanın “25 noyabr Qadınlara qarşı Zorakılıqla Mübarizə Günü”ndə başladığını və “10 dekabr İnsan hüquqları Günü”ndə başa çatdığını bildirdi. Bir daha qadın hüquqlarının vacibliyini və hüquqlar haqqında məlumatlanmağın həm şəxsi, həm sosial, həm də ictimai sahələrdə vacib olduğunu vurğuladı.
    Tədbirdə çıxış edən gender məsələləri üzrə ekspert Fidan Qasımova isə qadınlara qarşı zorakılığın, gender əsaslı və məişət zorakılığının formalarından bəhs etdi , zorakılıq qurbanlarının davranışı, müdafiəsi ilə bağlı tədbirlər haqqında məlumat verdi.
    Görüşdə jurnalist kimi medianın zorakılıqla mübarizədə rolundan danışdım, digər qonaq “Əli və Nino” kitab mağazalar şəbəkəsinin rəhbəri Nigar Köçərli isə bölgə xanımları ilə motivasiya və tövsiyə xarakterli həyat və uğur hekayəsini bölüşdü.
    Nəticə olaraq, əsas şüarımız bu oldu: uğur və inkişaf həm də stereotiplərdən qurtulmaqdan, ətrafda baş verən hər cür zorakılıqlara, erkən nikah kimi məsələlərə biganə qalmamaqdan başlayır.
    Elə tədbirdəki müzakirələr də region qadınlarının heç də zəif, passiv olmadığını təsdiqlədi, bu sevindirici hal idi. Deməli, icra edilən layihə öz məqsədinə, hədəfinə çatmaqdadır.
    Məlumat üçün bildirək ki, Gender Əsaslı Zorakılığa qarşı 16 Günlük Kampaniya çərçivəsində Qusardan əvvəl, Bakının Xəzər rayonunda, Sabirabbadda da bənzər mövzuda məlumatlandırma tədbirləri təşkil olunub.
    Sabirabbada kampaniyaya qoşulmaq üçün kişilər də təlimə cəlb olunub. Təşkilatçılar kişilərin də zorakılıqla mübarizədə aktiv iştirak etməsinin, bu mövzuda gender bərabərliyinin təmin olunmasının vacibliyini bildiriblər.
    Onlar indi daha əmin addımlarla irəliyə gedirlər
    Qusarda olduğum müddətdə layihənin icrası və əldə olunan nəaliyyələriylə bağlı daha ətraflı məlumatlandırıldım. Layihənin qəhrəmalarına çevrilmiş xanımlardan bir neçəsi ilə söbət etmək fürsətim oldu. Maraqlıdır, layihə onlara nə verdi?
    Qusarın Çiləgir kənd sakini Məmmədova Maisənin sözlərinə görə, layihə onun gördüyü işin daha da inkişaf etdirilməsinə, eləcə də məhsuldarlığın artırılması üçün avadanlıqla təmin edilməsinə böyük dəstək verib:
    “İllərdir, yaşadığım ərazidəki məktəbin bufetinə bişirdiyim şirniyyat məhsullarından verirdim, satışdan əldə olunan gəlirim vardı. Bunu öz bidiyim kimi edirdim. Qusar Resurs Mərkəzinin yaradılması buranın xanımları üçün məlumatlanma, dəstək qaynağı oldu. Elə qeyd olunan layihə ilə bağlı məlumatı bilməyim yerinə düşdü. Mərkəzin rəhbəri Kamilə xanım biz xanımların orada keçiriləcək təlimlərə qoşulması üçün şərait yaratdı. Həqiqətən də, təlim sonrası həm düşüncədə, həm iqtisadi savadlanmada böyük dəyişikliyi hiss edirsən. Əvvəllər məqsəd sadəcə nə isə bişirib satmaq idisə, indi artıq kiçik biznesi idarə etmək yollarından da az-çox xəbərdar olmuşam. Təlimin yekunu olaraq xanımlar arasında müsabiqə aparıldı, mən də həmin müsabiqə qalibi kimi kiçik şirniyyat seximi açdım, fəaliyyətimi bir az da genişləndirdim, mənə maddi dəstək kimi avadanlıqlar da hədiyyə edildi.”
    Qusar rayonu Xürel kənd sakini Rəhimxanova Seda da layihədən bəhrələnən xanımlardandır. Seda ilə söhbət zamanı o bildirdi ki, 11 ildir ki, saç ustası kimi işləyir , fəaliyyəti evindən kənara çıxmayıb, amma layihə sonrası onun xidmətindən daha geniş insan kütləsi yararlana bilir.
    “Layihəyə qoşulana qədər öz kəndimizdə, öz evimdə işləyirdim, müştərilərim öz kəndimizin xanımları idi. Layihə haqqında məlumatı eşitdikdən sonra Qusar rayon Qadın Resurs Mərkəzinə ərizə ilə müraciət edib Mərkəzə üzv oldum. Müxtəlif təlimlərdə iştirak etdim. Biznes qurmaqla bağlı təlimə qoşulub qalib gəldim. Bu məni çox sevindirdi. Çünki arzularımın gerçəkləşməsinə az qalırdı. Mənə bərbər fəaliyyətim üçün avadanlıq verildi və mən Qusarda kirayə yer götürüb fəaliyyətə başladım. İndi günü gündən müştərilərimin sayı artır. Hətta layihə çərçivəsində mən peşə təlimçisi kimi seçildim və Mərkəzə müraciət edən xanımlara bərbərliyin sirlərini öyrətdim. İşimdən və müştərilərimdən çox razıyam. Layihədən aldığım dəstək məni daha həvəslə işləməyimə motivasiya etdi. Sosiallaşmaq və dünya görüşünü artırmaq insanın düşüncələrini də dəyişirmiş. Layihə çərçivəsində aldığım dəstək məni rayonumuzda tanınmış bərbərə çevirib.”
    Qusar royununun başqa bir sakini Nicabət Pirmətova ixtisasca müəllim olsa da, xalçaçılıq peşəsi ilə məşğuldur. Nicabətin sözlərinə görə, o müasir üslubda xalçalar hazırlayır və bu işdə də layihədən bəhrələnib və dəstəyini alıb.
    “Mən xalçaçalıq sahəsində yenilik axtarmışam. Artıq bir ildir ki, tafting üsulu ilə( yeni üslübda fotoların xalçalara həkk edilməsi) xalçalar artıq maraq doğurur. Layihə çərçivəsində Qusar Qadin Resurs Mərkəzi məni iş prosesimi sürətləndiriləcək, rahatlaşdıracaq müxtəlif alətlərlə təmin edib ki, bu da istehsala öz təsirini göstərib.
    Hazırda nn_rugs brendi altında xalça hazırlayıram, alıcılıq qabiliyyəti də yüksəlib, müştərilərdə maraq çoxalıb. Tanınmış mağazalar, nüfuzlu şəxslərdən sifarişlər qəbul edirəm .”
    Raminə Eyvazqızı











    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR