Nikol Paşinyan hökumətini Bakı ilə sülh sazişindən daha çox, darmadağın edilmiş ordusunu qurmaq maraqlandırır yazsaq, yanılmarıq. Bu hökumətin üç ildir verdiyi saxta sülh bəyanatları fonunda güddüyü əsas hədəf kənardan artıq apaydın görünməkdədir.
“Beynəlxalq ictimaiyyət tərəfindən sülh quruculuğu tədbirlərinin dəstəklənməsi, Ermənistanın qeyri-konstruktiv mövqeyinin davam etdirilməsindən çəkindirilməsi həmişəkindən daha vacibdir”.
Bunu dünən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov hindistanlı həmkarı ilə görüşdə bildirib. O Hindistan ki, nə qədər qəribə də olsa, Ermənistan ordusunun təzədən bərpası planlarında öncül yerlərdən birinə sahiblənib. Nə barədə ki, şəkk-şübhəsiz bizim baş diplomat qarşı tərəfə sərt iradını bildirib...
Deyilə bilər ki, BMT üzvü olan hər normal dövlətin silahlanma, daha dəqiqi, özünümüdafiə hüququ var. Ancaq məhz normal və adekvat dövlətin və məhz müdafiə hüququ!
Ermənistan isə Azərbaycandan fərqli olaraq, dünənin işğalçısı olmaqla bahəm, potensial şər yuvası, fitnə-fəsad mənbəyi olaraq qalır. Çünki nəinki öz əsas qonşuları Azərbaycan və Türkiyə ilə sülh müqavilələri imzalamaq istəmir, onun hazırda qüvvədə olan konstitusiyasında hər iki ölkəyə qarşı ərazi iddiası əksini tapıb: Azərbaycanın keçmiş DQMV boyda ərazisi, Türkiyənin isə 6 vilayəti həmin konstitusiyaya görə, Ermənistan torpağı sayılır.
Bu yerdə yaddaşları bir daha təzələyərək qeyd eləyək ki, 1995-ci ildə qəbul olunmuş bu konstitusiyanın preambula hissəsində Ermənistanın Müstəqillik Aktına istinad edilir, Müstəqillik Aktında isə keçmiş DQMV-nin Ermənistana birləşdirilməsi haqda müddəa var. Yəni “Ermənistan ərazisi” deyəndə indiki konstitusiya təkcə 29.8 min kv km-lik Ermənistan SSR-i yox, həm də DQMV-i (4.4 min kv km) özündə ehtiva edir – 34.1 kv km.
Müstəqillik haqqında Aktda (maddə 11) və konstitusiyada (maddə 13) həmçinin Türkiyə ilə bağlı “soyqırım” və təzminat iddiaları yer alır: qardaş dövlətin qanuni torpaqları (6 vilayət, yəni 187 min kv km, iki Azərbaycan Respublikası boyda ərazi!) “Qərbi Ermənistan” kimi təsbit edilir. Bu azmış kimi, 1992-ci ildə Ermənistanın ovaxtkı parlamentinin qəbul elədiyi və bu günədək qüvvədə olan qanuna əsasən erməni rəsmiləri “Dağlıq Qarabağın Azərbaycan tərkibində göstərildiyi hər hansı sənədə imza ata bilməzlər”.
Və belə bir ölkə Hindistandan, Fransadan, son vaxtlar isə Rusiyadan dayanmadan hücum silahları alır. Xeyir ola? Azərbaycan narahat olmalı deyil ki?..
Gerçək həm də bu ki, hələ də xaricdəki ağalarının əlində öz qonşularına qarşı dəyənək rolu oynayan bu cırtdan ölkə və onun zavallı xalqı təcavüzkar və soyqırımı siyasətinə görə indiyədək zərrəcə peşmanlıq hissi keçirməyib. Torpaqlarımızda törətdiyi vəhşiliklərə görə üzr istəməyib, təzminat ödəməyib. Əksinə, heyrətedici həyasızlıqla Azərbaycanı öz ərazisinə təcavüzdə suçlayır. 30 il beynəlxalq hüquqa, BMT qətnamələrinə tüpürən bir ölkə başı əziləndən sonra beynəlxalq hüquqdan, BMT-dən-zaddan dəm vurub baş-beyinləri aparır. Üstəgəl, bizdən təzminat tələb edir, Bakını beynəlxalq məhkəmələrə verir!
Dünyada hələ belə anormal ölkə, toplum olmayıb. Axı hücum ordusu Ermənistanın nəyinə lazım?
Sual ritorikdir təbii ki. Nə qədər ki, almanlar yəhudi xalqından üzr istəyib ona böyük məbləğdə təzminat ödədiyi kimi, Ermənistan da Azərbaycan və onun xalqından rəsmən üzr istəməyib və təzminat ödəməyib, eyni zamanda, öz konstitusiyasını beynəlxalq hüququn normalarına uyğunlaşdırmayıb, bizim tam haqqımız çatacaq düşünək ki, kapitulyant ölkə real təhlükə qaynağı kimi qalır və revanşist planlardan əl çəkməyib. Lap sülh müqaviləsi imzalansa da.(Musavat)
Belə bir ölkə hücum ordusu saxlaya bilməz. Zira, niyyətin hara, mənzilin də ora...