ABŞ-ın gizli Ermənistan projesi – hərbi bazalar çıxarılır, Qarabağ üçün şans
Ermənistanın daxili siyasi həyatında 8 may hakimiyyət çevrilişindın sonra Qərb amilinin çəkisi artmaqdadır. Yeni baş nazir Nikol Paşinyan nə qədər Rusiyaya sədaqət andları içsə də, əməldə onun işğalçı ölkədə Moskvanın dayaqlarını zəiflətməyə kurs götürdüyü açıq-aydındır.
Eks-prezident, Rusiyanın sadiq adamlarından sayılan Robert Köçəryan başda olmaqla, “Qarabağ klanı”nın ən odioz simalarının təqibi və həbsinin davam eləməsi, onların maliyyə resurslarına əl qoyulması, bütövlükdə Rusiyaya bağlı siyasi, hərbi fiqurların zərərsizləşdirilməsi, hətta Putinin projesi olan KTMT-nin baş katibi Yuri Xaçaturova qarşı cinayət işinin açılması, işğalçı ölkədə “məxməri inqilab”ın əsas memarı sayılan ABŞ-ın, Qərbin regiondakı strateji maraqlarına işləyir. Ən əvvəl o səbəbə ki, proses komandasını qərbyönlü kadrlardan quran Paşinyan iqtidarının dayaqlarının möhkəmlənməsinə xidmət edir.
Bəzi iddialara və əminliklərə görə, bu prosesin arxasında elə ABŞ-ın özü, yaxud mükəlləf elədiyi gizli siyasi qüvvələr dayanır. Siyasi müşahidəçilər son vaxtlar Ermənistanda qərbyönlü QHT-lərin artmasına da diqqət yönəldirlər. Belə qənaət formalaşır ki, Ermənıstan uğrunda və Ermənistanın özündə ABŞ-la Rusiya arasında daha amansız savaşın başlayıb. Tədricən açıq müstəviyə keçəcək bu savaşda Amerikanın əsas hədəfi sözsüz ki, Ermənistandan Rusiya hərbi qüvvələrinin çıxarılması, onun Moskvanın hərbi qalası olmasına son qoymaqdır.
Bu xüsusda Ermənistanda artıq facebook sosial şəbəkəsi vasitəsilə 102-ci bazanın ölkədən çıxarılması haqda çağırışların tirajlanması diqqət çəkməyə bilmir. Bazanın çıxarılmasına əsas səbəb kimi onun “Ermənistanın maraqlarına xidmət etməməsi göstərilir”. Başqa bir maraqlı detal məlumatların facebook-da əsas mənbə olaraq eyni səhifədən yayılmasıdır. Xəbər verildiyi kimi, həmin səhifənin “Soros” Fondunun keçmiş əməkdaşı Daniyel İonisyan və ölkədə LGBT haqlarının aktiv təbliğatçısı Karpis Paşoyana məxsus olduğu müəyyən edilib.
Xəbər verildiyi kimi, İonisyan “Soros” Fondunda çalışdıqdan sonra hökumətdə özünə yer edib və hazırda Ermənistan baş nazirinin müavini Ararat Mirzoyanın rəhbərliyi altında Seçki Məcəlləsinin dəyişdirilməsi ilə bağlı yaradılan komissiyanın fəaliyyətini koordinasiya edir. Paşoyana gəlincə isə, o, həm də uzun müddət Ararat Mirzoyanın mətbuat katibi kimi çalışıb. 2012-2013-cü illərdə o, ABŞ Dövlət Departamentinin dəstəyi ilə təşkil edilən Seçki Sistemləri Beynəlxalq Fondu proqramına rəhbərlik edib...
*****
Bəs proseslərin gedişi, Amerikanın gizli Ermənistan projesi bölgə üçün hansı geosiyasi nəticələr doğura bilər? Azərbaycan, Dağlıq Qarabağ üçün fürsət, yaxud şans pəncəsi açıla bilərmi?
“Rus hərbi bazalarının Ermənistandan çıxarılması çox ciddi prosedurların həyata keçirilməsini tələb edir”.
Bunu Gümrü hərbi bazasının Ermənistandan çıxarılması məsələsini şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib (axar.az). Politoloq ermənilərin 102-ci briqada ilə bağlı radikal tədbirlərə hazırlaşmasını təsadüfi hesab etmir.
“Zənnimcə, Qərb və NATO-ya bağlı müəyyən qüvvələr Ermənistan əhalisi arasında təbliğata başlayıb. Əsas təbliğat da məhz Rusiya hərbi bazalarının Ermənistandan çıxarılmasına yönəldilib. Ermənistandakı hərbi bazalar içərisində ən təhlükəlisi və əhali üçün ciddi problemlər yaradanı Gümrüdəki 102-ci briqadadır”, - deyə politoloq qeyd edib.
Ancaq onun fikrincə, etirazlara baxmayaraq, indiki şəraitdə Gümrü bazasının Ermənistandan çıxarılması çətin məsələdir: “Çünki həm 102-ci briqadanın, həm də İrəvan yaxınlığındakı Erebuni aviasiya bazasının ölkədə qalması üçün 50 illik müqavilə imzalanıb. Müqaviləyə əsasən, həm Rusiya ilə Ermənistan arasında hərbi-siyasi saziş imzalanıb, həm də iki hərbi bazanın Ermənistanın ərazisində dislokasiya edilməsi barədə ümumi razılığa gəlinib. Əvvəlcə məsələ parlament səviyyəsində müzakirə edilməli və əldə olunmuş razılaşmalar de-ratifikasiya olunmalıdır. Əgər məsələ danışıqlar yolu ilə baş tutmasa, onda Beynəlxalq Arbitraj Məhkəməsinə müraciət edilməlidir. Bir sözlə, indiki halda Paşinyan hökumətinin Rusiyaya yaltaqlığını, hətta onun Rusiyadan Azərbaycanın müharibəyə başlamasının qarşısının alınması üçün etdiyi xahişləri və Nikolun Moskvada Putinlə gözlənilən görüşü onu göstərir ki, rus bazalarının Ermənistan ərazisindən çıxarılması o qədər də asan məsələ deyil”.
*****
Bununla belə, Paşinyan hökumətinin Qərbə, ABŞ-a reveranslarının davam edəcəyi şübhə doğurmur. Çünki o, Rusiyanın adamı deyil, olmaq istəmir. Şübhəsiz, Rusiya vəziyyətin fərqindədir və işğalçı ölkədəki gəlişmələri diqqətlə izləyir, özünün hansısa kontur gedişlərini hazırlayır. Yeri gəlmişkən, dünən “Kommersant” qəzeti yazıb ki, Moskvanı ən çox qəzəbləndirən KTMT baş katibi Yuri Xaçaturovun məhkəməyə cəlb edilməsidir: “Kreml bunu hərbi blokun imicinə ciddi zərbə hesab edir və KTMT rəhbərliyinin bundan sonra digər ölkəyə keçəcəyini istisna etmir. Başqa yandan, Ermənistanla əvvəlcədən razılaşdırılmış 100 milyon dollarlıq silah tədarükü də sual altına düşüb”.
Bunun da altını xüsusi cızmağa lüzum var ki, Moskva Ermənistanla Azərbaycan arasında sülhün, barışığın əldə olunmasında maraqlı deyil, Ermənistanın Azərbaycan və Türkiyə ilə düşmən qalmasını istəyir. Bazanın işğalçı ölkədə uzun müddətə qalmasının yeganə şərti budur. Ermənistan Azərbaycan və Türkiyə ilə böyük barışa gedəndən, sərhədlər və kommunikasiyalar açılandan, üç ölkə arasında vizasız gediş-gəliş rejimi qurulandan sonra bu bazalar ermənilərin nəyinə lazımdır ki? Üstəlik, onların varlığı Ermənistanın iqtisadiyyatı və kasad büdcəsi üçün əlavə yük və xərcdir. Hərbi bazalar və onun personalın zəbt elədiyi və istifadəsiz qalan böyük ərazilər, binalar, mülklər də öz yerində. Ermənistanın Türkiyə və İranla sərhədlərini rusların qorumasına və Rusiya silah-sursatına yönələn xərcləri də bura əlavə edin.
Paşinyanın ürəyindən sözsüz ki, bazaları çıxarmaq və Rusiya orbitindən Ermənistanı uzaqlaşdırmaq keçir. Bu isə qonşu Türkiyə və Azərbaycanla barışıq olmadan qeyri-mümkündür. Lakin Ermənistanın indiki hökuməti Türkiyə və Azərbaycanın heç bir şərt qoyulmadan, sanki Dağlıq Qarabağ məsələsi, işğal faktı yoxmuş kimi əlaqələrin bərpasını istəyir. Bu isə real deyil. Hətta ABŞ-ın bu yöndə Bakı və Ankaraya təsir imkanları şifrin yanındadır. Bədnam “Sürix protokolları”nın taleyi görkdür.
Demək, Nikol Paşintan iqtidarı bazaların varlığı ilə barışmalı olacaq. Bu isə Ermənistan üçün itirilmiş müstəqillik dönəminin davamı, xalqa verilən vədlərin fiaskosu demək olacaq. Həm də o səbəbə ki, o halda Qərbin, Amerikanın ciddi maliyyə-siyasi dəstəyini almaq mümkün olmayacaq. İstənilən halda hər şey Paşinyanın siyasi qərarından asılı olacaq.
Əlbəttə ki, Rusiyanın Ermənistandan çıxması, bölgədən “ayağının” kəsilməsi Azərbaycan və Türkiyənin strateji maraqlarına uyğundur. O zaman Türkiyə-Azərbaycan siyasi-hərbi tandemi bölgədə ABŞ-ın da hesablaşacağı ciddi güc mərkəzinə çevriləcək. Deməli, Dağlıq Qarabağ ixtilafının həllində də bu amil həlledici rol oynaya, yeni “şans pəncərəsi” açıla bilər...
“Yeni Müsavat”