AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanın ən güclü silahı: yerli istehsal önə keçir…

  • + A
  • - A
  • 2-10-2018, 11:02

    Azərbaycanın ən güclü silahı: yerli istehsal önə keçir…














    Ekspert: “2008-ci ildən etibarən Azərbaycan özü milli silahların yaradılmasına və istehsalına başlayıb”

    Azərbaycan xaricdən aldığı silah və hərbi texnikalar vasitəsilə silah arsenalını daha da gücləndirir. Bundan başqa, ölkənin daxilində də silah istehsalı sahəsində xeyli irəliləyişlər müşahidə olunur. Belə ki, ötən həftə başa çatan “ADEX-2018″ 3-cü Beynəlxalq müdafiə sərgisində biz xeyli yerli istehsal olan silahlarımızı gördük.

    Onlardan “AZ- 50″ adlı avtomatı göstərə bilərik. Bu avtomatın kalibri 7,62×39 mm, atış məsafəsi 1000 metr, çəkisi 3,6 kq-dır. Avtomat 6 teloskapik qundaqla təmin olunub. Dünyada ilk dəfə olaraq 50 tutumlu sandıqca tətbiq olunub.

    Bildirilib ki, mütəxəssislərimiz sandıqcada 60 gülləsi olan avtomatın üzərində çalışırlar və qısa müddətdə həmin silah təqdim olunacaq.

    “Yeni Müsavat”a danışan hərbi ekspert Rəşad Süleymanov bildirib ki, Azərbaycan 2000-ci illərin əvvəllərindən başlayaraq xaricdən yeni silahlar alıb, ordunun arsenalını yeniləşdirir: “2008-ci ildən isə Azərbaycan özü milli silahlarının yaradılmasına və istehsalına başlayıb. Son illər orduda olan ”Kalaşnikov” avtomatlarının yeni silahlarla əvəzlənməsi işi gedir. Eyni zamanda həm də “Kalaşnikov” avtomatının modernizə edilmiş nümunələri də Azərbaycanda istehsal edilir. Bundan başqa, digər ölkələrdən də bu tipli silahlar alırıq. Məsələn, İsrail istehsalı olan “Tavor TAR-21″ avtomatını göstərə bilərik. Eləcə də yerli şirkətin Belarusla birlikdə istehsal etdiyi ”Aztex”avtomatını da qeyd etmək olar. Sonuncu avtomat hələ ki döyüş tətbiqindən keçməyib. Lakin bu, birgə istehsal olan yeni bir silahdır. Dizayn baxımdan da Amerikanın “AR-15″ modelinə bənzəyir. Yəni silah ”AR-15″ xətti üzrə istehsal olunur. Azərbaycan 2009-cu ildən etibarən ordunun istifadəsində olan snayper tüfənglərini yeniləməyə başladı. Sovet istehsalı olan “Draqunov” snayper tüfəngləri Türkiyə istehsalı olan “JNG-90″ (bora) snayper tüfənglərini istifadəyə qəbul etdi. Bu gün də ordunun əsas snayper tüfəngi məhz bu snayperlərdir. Eləcə də iri çaplı snayper tüfəngləri olaraq ”OSV-96″ və yerli istehsal olan “İstiqlal” snayper tüfəngi ordunun silahlanmasına qəbul edildi. Qazaxıstandan, İsraildən də snayper tüfəngləri alınır. Müdafiə Sənayesi Nazirliyinin müəssisələri 2 ildir ki, yerli istehsal olan “yalquzaq” snayper tüfənglərini də ordunun və digər güc strukturlarının silahlanmasına verməyə başlayıb. Bir növ Azərbaycan bu cür atıcı silahlarla silahlanmada fərqli istiqamətlər götürüb”.



    Ekspert bildirib ki, sovet istehsalı olan silahlar əsasən yerli istehsal və ya Qərb istehsalı olan silahlarla əvəz edilir:

    “Təbii ki, Rusiyada istehsal olunan iri çaplı snayper tüfəngləri də əldə olunur. Bunlar yeni modellərdir və uzaq məsafədə düşmənin canlı qüvvəsini, hərbi texnikasını məhv etmək üçün təyinatlandırılıb. Ümumilikdə isə Rusiya silahlarının sayı silahlanmada o qədər də böyük deyil. Eləcə də digər ölkələrin də silahları silahlanmada yer alır. Ötən həftə başa çatan ”ADEX-2018″ 3-cü Beynəlxalq müdafiə sərgisində Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan silahlar da ilk dəfə nümayiş olundu. Bunlardan biri 50 patron tutan “AZ-50″ avtomatı idi. Bundan başqa, Azərbaycan istehsalı olan və bu gün artıq xüsusi təyinatlı bölmələrimizin istifadəsində yer alan UP-7.62 və HP-7.62 pulemyotları da nümayiş edildi. HP-7.62 hücum pulemyotu xüsusi təyinatlı bölmələrimizin istifadəsindədir. Bu pulemyot göstəricilərinə görə dünyada tanınan ”FN-minimi” pulemyotu ilə eynidir. Bundan başqa, nazirliyin müəssisələrində yaradılan “Başaq” snayper tüfənginin də adını çəkə bilərik. “Başaq” yeni tərtibatda nümayiş etdirildi. Yaxın perspektivdə bunun da silahlanmaya qəbul ediləcəyi gözlənilir. Həmçinin “Yırtıcı” snayper tüfəngi, 12.7 mm-lik “Mübariz” snayper tüfənglərimiz də nümayiş etdirildi. Diqqətimi çox çəkən burada həm “başaq” oldu, həm də 12.7 mm-lik snayper tüfəngimiz idi.

    Bu tüfəng hədəfi 1500 metrdə dəqiq vura bilir. Bundan başqa, 23 mm-lik zenit toplarının mərmisindən istifadə edə bilən yeni snayperlərimiz də nümayiş olundu. Bu snayperin atış məsafəsi 6 kilometrdir və 2 kilometrdə olan hədəfi bu silah vasitəsilə vurmaq olur. Sistemləsdirsək deyə bilərik ki, 2010-cu ildən etibarən Azərbaycan ordunun motoatıcı bölmələrinin atıcı silahlarını yerli istehsal olan silahlarla əvəzləməyə başlayıb. Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan “EM-14″ avtomat tüfəngləri var ki, bunların da böyük hissəsi istifadəyə verilib. Eləcə də bu silahların xarici ölkəyə ixracatı da həyata keçirilir. Bildiyim qədər həm ”Yalquzaq” snayper tüfənginin, həm də HP-7.62, UP-7.62 pulemyotlarının xaricə ixracı həyata keçirilir. Bundan başqa, ordunun və güc strukturlarının istifadəsində olan “Makarov” tipli tapançalar, türklərlə birlikdə yerli istehsal olan 9×19 mm-lik “Zəfər”, “Zəfər-K”, “Zəfər-P” və “İnam” tapançaları ilə əvəz edilməyə başlayıb. Bu proses demək olar ki, son mərhələyə qədəm qoyub. Çünki güc strukturları da daha rahat olan yerli istehsal tapançalarını mənimsəyirlər”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR