HƏYAT humanitar təşkilatı Amerikanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə cəbhə bölgəsində yaşayan icmaların ingilis dili bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə Füzuli rayonunda sosial layihə həyata keçirir. Layihə çərçivəsində seçilmiş və təkmilləşdirməyə ehtiyacı olan müəllimlər iki aylıq İngilis dili təlimlərində iştirak etmişdir. Təlimlərdən sonra hər bir müəllim açıq dərslər vermiş və öz yoldaşları tərəfindən qiymətləndirilmişdir.
Layihənin fəaliyyətlərindən biri də məktəblərarası İngilis dili üzrə yarışın təşkilidir. 23 fevralda təşkil olunmuş yarışda ümümi olaraq 5 komandadan ibarət 20 şagird iştirak etmişdir. Hər komandada 4 nəfər olmaqla 7-8-9-cu sinif şagirdləri ingilis dilinin qrammatikası, dinləmə, oxuma, yazı və danışıq meyarları üzrə öz bilik və bacarıqlarını nümayiş etdirmiş və qiymətləndirilmişdir. Yarış iştirakçılarını mükafatlandırmaq və onları həvəsləndirmək məqsədilə müxtəlif sponsorlar və tərəfdaşlar layihəyə öz töhvəsini vermişdir. Layihənin baş sponsoru olan Bakı Təhsil İnformasiya Mərkəzi yarışda müxtəlif mövzularda təqdimat verən və fərqlənən üç şagirdə altı aylıq onlayn ingilis dili kursu hədiyyə etmişdir. Bundan əlavə, layihənin sponsorlarından biri olan “Roof Academy” birinci yerə çıxmış komandanı 16 dərslik onlayn ingilis dili dərsləri ilə mükafatlandırmışdır. Layihənin sponsorları və dəstəkçiləri arasında Azərbaycan Milli Avtomobil Klubu, “CyberSpace”, Qala Sığorta və Kapital Bank kimi qurumlar da yer alır. Bu qurumlar komandaların hər birinə müxtəlif kitablar, promo materiallar, dərs zamanı gərəkli olan ləvazimatlar və yol hərəkəti təhlükəsizliyi üzrə onlayn sessiyalar hədiyyə etmişdir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.