Aprelin 15-də AMEA-nın Yüksək Texnologiyalar Parkının (YT Park) Ekspertlər Şurasının növbəti onlayn iclası keçirilib.
“Zoom” platforması üzərindən baş tutan tədbir “TAK NOOSH GROUP” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) YT Parkda rezident kimi qeydiyyata alınması üçün təqdim edilən layihənin müzakirəsinə həsr olunub.
İclasda əvvəlcə “TAK NOOSH GROUP” MMC-nin nümayəndəsi Şərarə Niktaq kartof fri və çipsi istehsalının təşkili yönümlü investisiya layihəsi haqqında məlumat verib. Bildirib ki, bu layihə müəssisənin istehsal xərclərinin minimuma endirilməsi, kommunal xərclərin azaldılması və müasir texnologiyaların tətbiqi ilə kartof emalı sahəsinin yaradılmasını hədəfləyir, eyni zamanda yüksək keyfiyyətli məhsul istehsalını planlaşdırır.
Əhalinin ərzaq təhlükəsizliyinin yerli istehsal hesabına təmin olunmasının iqtisadi siyasətin əsas istiqamətlərindən birini təşkil etdiyini vurğulayan Ş.Niktaq layihə çərçivəsində istehsal olunacaq məhsulun əhalinin ərzaq rasionunda başlıca yer tutan məhsullardan hesab edildiyini və onlara daxili bazarda hər zaman tələbat olduğunu diqqətə çatdırıb.
Hazırda Azərbaycanda bu məhsulların istehsal olunmadığını deyən şirkət nümayəndəsi gələcəkdə AMEA-nın Botanika İnstitutu ilə əməkdaşlıq edərək kartof fri və çipsi üçün yararlı kartof növünün yetişdirilməsinin nəzərədə tutulduğunu deyib. O, palma kimi zərərli yağlardan istifadə etmədən keyfiyyətli məhsulların istehsal olunacağını söyləyib. Eləcə də uşaqlar üçün xüsusi kateqoriya üzrə çipsi və frilərin hazırlanmasının nəzərdə tutulduğunu vurğulayıb.
Müzakirələrdə iştirak edən Ekspertlər şurasının üzvləri akademik Vaqif Fərzəliyev, AMEA-nın müxbir üzvləri Oqtay Səmədov, Bəxtiyar Məmmədov və tex.ü.f.d., dosent Rəşid Ələkbərov məhsulun ekoloji təsirləri, xammalın və hazır qidanın keyfiyyətinə nəzarət, eləcə də texnoloji prosesin effektiv idarə olunması ilə bağlı suallarla çıxış ediblər.
Sonra “TAK NOOSH GROUP” MMC-nin YT Parkın rezidenti kimi qəbul edilməsinə dair səsvermə keçirilib. Səsvermənin nəticələrinə əsasən, adıçəkilən iddiaçıya rezident statusu verilməsi qərara alınıb.
Sonda çıxış edən “TAK NOOSH GROUP” MMC-nin direktoru Ramin Tabibian ölkədə sahibkarlara əlverişli investisiya mühiti yaradıldığı üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz minnətdarlığını bildirib və YT Parkla əməkdaşlığın davamlı olacağını vurğulayıb. O, həmçinin yaradılan tərəfdaşlıq imkanlarına görə AMEA rəhbərliyinə təşəkkürünü bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.