AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Turşu alanda diqqətli olun! — Öldürə bilər

  • + A
  • - A
  • 4-11-2017, 11:52

    Turşu alanda diqqətli olun! — Öldürə bilər














    Ziyəddin Kazımov: "Bu turşuların harada, necə, hansı şəraitdə hazırlandığı məlum deyil"
    Havalar soyuyan kimi elə bir adam yoxdur ki, yeməyin yanında turşu sevməsin. Ümumiyyətlə, qış aylarını turşusuz təsəvvür etmək mümkün deyil. Məhz buna görə də xanımlar turşu ehtiyatını yaydan görməyə başlayır. Yayda turşu qoya bilməyənlər isə onu mağazalarda satılan müxtəlif firmalara aid hazır konservlərini, ya da açıq şəkildə çəki ilə satılanları alır. Mütəxəssislər ev şəraitində hazırlanan turşuların insan sağlamlığı üçün zərərli olduğunu, hətta ağır zəhərlənməyə səbəb olacağını deyirlər. Mağazalarda satılan müxtəlif firmalara məxsus hazır konservləşdirilmiş turşuların isə aparatlarla yuyulub hazırlandığı üçün tam təhlükəsiz olduğunu və onlardan yeməyi məsləhət görürlər.

    “Ölkə.Az”ın “musavat.com”a istinadən məlumatına görə, insanların turşulara tələbatının artdığını görən bir sıra işbazlar onu necə və harada gəldi açıq şəkildə satırlar. Bu turşuların hansı şəraitdə, hazırlayan şəxsin standartlardan xəbərdar olub-olmadığı isə bilinmir. Açıq şəkildə yol kənarında və bazarlarda satılan turşuların əksəriyyəti lazımi analizlərdən keçmədiyindən zəhərlənmələrə və digər həyati təhlükələrə səbəb ola bilər. Bundan əlavə, yolun tozunun da bu turşuların üzərinə hopması, yoldan keçənlərin əllərini atıb turşunun dadına baxması ikiqat təhlükə yaradır. Apardığımız müşahidələr göstərdi ki, müxtəlif tərəvəzlərdən olan bu turşuların plastik qablarda, torbalarda və taxtadan hazırlanmış pivə çəlləklərində satılır. Qiymətlər isə demək olar ki, bazarda da, yol kənarında da eyni idi: kələm turşusunun bir kiloqramı 2 manat, xiyar və pomidor turşunun kilosu isə 2 manat 50 qəpik.

    Qeyd edək ki, plastik qabda satılan turşular ikiqat təhlükəli hesab edilir. Çünki plastik qabların tərkibində zəhərli kimyəvi elementlər var ki, bu elementlər də sirkə ilə reaksiyaya girəndə riskli tərkib yaranır. Ümumiyyətlə, turşu üstü açıq satılmamalıdır. "Həzi Aslanov" metrosu çıxışında üstü açıq satılan turşudan demək olar ki, yoldan ötən hər kəs əlini salıb dadına baxır ki, bu da həm təmizlik baxımından, həm də gigiyenik baxımından düzgün deyil. Turşu satanların bir neçəsi ilə söhbət edib turşuları haradan gətirdiklərini, ümumiyyətlə, bu turşuların yoxlamadan keçib keçməməsinə dair icazənin olduğunu soruşduq. Bu sualı ünvanladığımız istər "8-ci kilometr bazarı", istərsə də yol kənarındakı turşu satıcıları turşuların təmiz olduğunu və yoxlamadan keçdiyini desələr də heç biri bunu təsdiq edəcək hər hansı bir sənəd göstərə bilmədi. Ya sənədi hara qoyduqlarını bilmədiklərini dedilər, ya da "nəyə görə göstərməliyik, hələ ki, zəhərlənən və ya şikayət edən olmayıb" deyərək özlərinə haqq qazandırdılar.

    Maraqlıdır, açıq satılan bu turşulara nəzarət edən bir qurum varmı?
    Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov yol kənarına qoyulub satılan turşuların qanunsuz fəaliyyət olduğunu dedi: "Əgər bu, sahibkarlıq subyektidirsə, yəni bir adam evində yaxşı turşu hazırlayırsa, o zaman ona qoyulan tələblər ondan ibarətdir ki, o, aldığı tərəvəzləri təmizləməli, uzun müddət suyun altında yumalı və hazırlayacağı turşuların reseptinə uyğun olaraq qoymalıdır. Əlavə dadvericilərdən başqa turşuya atılacaq duz təmiz, emal olunmuş və qablaşdırılmış olmalıdır. Turşu duza qoyulduqdan müəyyən müddət sonra yetişir. Yetişdikdən sonra bazarda açıq halda və ya qablaşdırılmış formada satışa verilə bilər. Yol kənarında satılan turşular hamısı qanunsuz fəaliyyətdir və təhlükəlidir. Bu turşuların harada, necə, hansı şəraitdə hazırlandığı məlum deyil. O ki qaldı bazara, vətəndaş öz evində hazırladığı turşuları gətirib bazarda sata bilər. Ancaq təəssüf ki, bu gün Qusar zonasından, hətta Bakının müəyyən yerlərindən gələnlər bu turşuları elə bazarın özündə hazırlayırlar. Burada da müəyyən nöqsanlar mövcuddur. Sovet vaxtında turşuları bazarda taxta çənlərdə hazırlayırdılar. İndi plastik materialdan hazırlanmış çənlərdə hazırlayırlar. O plastik çənlərin də çoxu o turşuları saxlamaq üçün deyil. Həm də bazarın içərisində onların hazırlanması üçün şərait yoxdur. Kələmi alırlar, bazarda onu yumağa yer, şərait yoxdur. Təbii ki, bazar özü bir sahibkarlıq subyektidir. Bilirsiniz ki, hazırda sahibkarlıq subyektlərində yoxlamalar İqtisadiyyat Nazirliyinin icazəsi ilə yalnız şikayətlər əsasında aparıla bilər. Amma bazarlarda satılan açıq turşuların elə də təhlükəsi yoxdur. Sadəcə olaraq, onu lazımi qablarda, lazımi yerdə saxlamaq lazımdır. Turşu isti yerdə saxlananda üzərində göbələk qatı yaranır ki, bu da turşunun keyfiyyətinin itməsi deməkdir. Ona görə də sərində saxlanılmalıdır".

    Kazımov ən təhlükəli turşuların konservləşdirilmiş turşular olduğunu dedi: "Əgər turşu konservləşdirilərkən texnologiya düzgün aparılmırsa, çox təhlükəli hesab edilir, zəhərlənməyə səbəb ola bilir. Bu da daha çox evlərdə baş verir. Biz istehsalatda belə bir şeyə rast gəlməmişik. Hər il evlərdə yaza qədər turşulardan zəhərlənmə hallarına rast gəlinir. Hətta bundan dünyasını dəyişənlər də olur. Turşuları alüminium, plastik qablarda saxlamaq olmaz. Ancaq çox təəssüf ki, əksər yerlərdə turşular həmin plastik qablarda satılır. Hətta bəzən o plastik qabların mənşəyi belə məlum deyil. Bu qabda saxlanılan turşular təhlükə yarada bilər. Təhlükə yarada bilər deyəndə bu o demək deyil ki, o turşunu yeyən şəxsə nəsə olacaq. Amma zaman-zaman ondan keçən toksik maddələr orqanizmdə, beyin toxumalarında, böyrəklərdə yığılıb müəyyən problemlər yarada bilər. Hazırlanan turşular hər taxtadan, məsələn, şam ağacından hazırlanan qablarda da saxlanıla bilməz".

    Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Azərbaycan mətbəxində qida mədəniyyətsizliyinin hökm sürdüyünü dedi: "Evdə tutulan turşular təhlükəlidir. Ümumiyyətlə, turşular insana zərərlidir. Əgər vətəndaşın iştahası çəkirsə, sənaye üsulu ilə hazırlanan turşulara etibar etsinlər. Bazarlara getsək görərik ki, minlərlə turşu bankasına sənəd veriblər ki, guya yoxlanılıb. Bunlar yalançı yoxlanmalardır və anormal haldır. Qida Təhlükəsizliyi Agentliyi yaranandan sonra düşünürəm ki, bəlkə bu vəziyyət dəyişdi. Ölkədə qida təhlükəsizliyi məsələsi həll edilməlidir. Bu, insanların tədricən zəhərlənməsinə, hətta ölümünə səbəb olur".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR