Zərdab Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə İsaqbağı kənd tam orta məktəbində “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici görüş keçirilib. Görüşdə rayon icra hakimiyyətinin və təhsil şöbəsinin nümayəndələri, məktəbin pedaqoji heyəti və yuxarı sinif şagirdləri iştirak ediblər.
Görüşdə çıxış edən RPŞ-nin rəisi, polis polkovnik-leytenantı Azər Əfəndiyev əsrin bəlası olan narkomaniyanın yayılması millətin sağlam həyat tərzi üçün təhlükə törətdiyini qeyd edərək, bu maddələrdən istifadə edən şəxslərin isə çox vaxt qısa zamanda ailəsini, dostlarını, işini, əmlakını, sağlamlığını və həyatını itirdiyini deyib. Polis rəisi bildirib ki, bu maddələrin aludəçisi olan şəxslər fiziki və psixoloji cəhətdən məhv olur, onların yaddaş və təfəkkürü problemlər yaranır, eləcə də həyatda baş verən proseslərə qarşı laqeydlik göstərirlər. Bundan əlavə narkotik maddələr insan orqanizminin zəifləməsinə, fiziki gücün düşməsinə, həmçinin daxili orqanların, xüsusən də qara ciyər və böyrəklərin funksiyasının pozulmasına gətirib çıxarır. Buna görə də narkotiklərin qarşısının alınmasında hər bir vətəndaş fəal olmalı, bu maddələrin yayılmasına qarşı birgə mübarizə aparmalıdır.
Tədbirdə həmçinin şagirdləri maraqlandıran suallar cavablandırılıb. Tədbirin sonunda məktəbin pedaqoji heyəti keçirilən maarifləndirici tədbirə görə təşkilatçılara öz minnətdarlığını bildiriblər
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.