MDB-də ancaq Azərbaycanda satılan zəhər:Böyük təhlükə
Plastik qabların ziyanlı olması ilə bağlı məsələ dəfələrlə gündəmə gəlib.
Bu dəfə bu məsələ nüfuzlu bir qurum tərəfindən qaldırılıb. Avropa Komissiyası plastikdən hazırlanmış birdəfəlik qabların bəzilərinə qadağa qoymağı və faktik olaraq, təkrar emalı mümkün olmayan plastik tullantılara görə Avropa İttifaqına üzv ölkələri cərimələməyi planlaşdırır.
Layihəyə əsasən, qadağa plastikdən olan birdəfəlik qablara aid ediləcək. Bura birdəfəlik qablar, masaüstü dəstlər, içki üçün boruşəkilli çöplər, pambıq çöplər və hava şarları üçün plastik bərkitmələr daxildir. Bundan başqa, qəlyanaltıxanalardan alınıb aparılan qidalar üçün plastik qablaşdırmaların istifadəsini məhdudlaşdırmaq da planlaşdırılır.
Məlum olduğu kimi, Azərbaycanda da plastik qablardan geniş şəkildə istifadə olunur.
Plastik birdəfəlik qabların istifadəsi isə ilbə-il daha da populyarlaşır.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Cebhe.info-ya açıqlamasında bildirib ki, qida mallarının plastik qablarda qablaşdırılması, plastik torbalardan istifadə bir çox ölkələrdə qadağan edilib: “MDB məkanında yalnız Azərbaycanda bu var. Marketlərdən nə qədər istəsən plastik qablar götürə bilərsən, hələ üzərində ağır metal hərflərlə yazılmış reklamlar da olur. Bunlar yolverilməzdir. MDB məkanında nazik ağ torbalar olur, onlar da satılır. Düşünürəm ki, Azərbaycanda plastik qablara da, torbalara da son qoyulmalıdır. Amma Azərbaycan hələ buna hazır deyil”.
Təşkilat rəhbəri deyir ki, həmin plastik qablar və torbalar yandırıldıqda, ətrafa zəhərli bioksin qazı buraxır: “Bunlar torpaqda çürümür, ətraf mühiti, su höfzələrini sürətlə çirkləndirir”.
Eyyub Hüseynovun bildirdiyinə görə, “Təmiz şəhər” şirkəti ilə İqtisadiyyat Nazirliyinin birgə layihəsi olan “Bərk tullantıların idarə olunması” ilə bağlı layihə mövcuddur: “O layihədə komissiyada mən də iştirak edirəm. Təklif etmişəm ki, qida məhsullarının qablaşdırılması məsələsi də bura daxil olunsun. Amma heç bir iş görülmür”.
Professor Adil Qeybulla isə deyir ki, bu cür qablar günəş şüası altında bioksin adlı toksin (zəhər) ifraz edir. Bu maddə də orqanizm üçün çox təhlükəlidir: “Bu qablar həm də ekoloji problemə çevrilib. Bu gün Sakit Okeanda yığılan plastik qabların tullantısı bəlkə də 50 ilə təmizlənə bilməz”.
Adil Qeybullanın fikrincə, Azərbaycanda bu qədər plastik qabdan istifadə olunmasına ehtiyac yoxdur: “Mümkün qədər bu qablardan az istifadə etməyə çalışmalıyıq. Çalışmalıyıq ki, şüşə qablardan istifadə edək”.
Professor deyir ki, həmin qabların toksini ürəyə, beyinə təsir edir. Bu cür maddələrin konsorogen təsiri hələ tibbdə təsdiq olunmasa da, məntiqidir.
Xatirə Nəsirova
Cebhe.info