"Azərbaycanın Qeyri-hökumət təşkilatlarının Şuşa-Xankəndi yolunda keçirdiyi etiraz aksiyasına sıradan bir piket kimi yanaşmaq kökündən səhvdir. Mən bu aksiyanın ilk saniyələrindən orada yaşananların, etirazçıların əhval-ruhiyyəsinin şahidi olmuşam".
Bunu "Mədəniyyətin və Milli Ənənələrin Təbliği" İctimai Birliyinin sədri Etibar Məmmədov deyib. Onun sözlərinə görə, ölkəmizin vətəndaş cəmiyyətinin təmsilçilərinin hər biri belə bir tədbirdə iştirak etməsindən qürur hissi keçirirdi. "Orada mülki insanlar silahlı hərbçilərlə üz-üzə dayanıb. Amma heç kim qorxmur, çəkinmir. Və hər birimiz arxamızda dövlətin gücünü hiss edirdik. Orada iştirak edən hər bir insanın, o cümlədən mənim sevincimin həddi-hüdudu yoxdur ona görə ki, Azərbaycanın milli maraqlarının təmin olunmasında, bunların uğrunda aparılan mübarizədə mənim də payım var".
QHT sədri bunu Azərbaycan cəmiyyətinin vətəndaş cəmiyyətinə inamının güclü olması, dövlət və qeyri-hökumət təşkilatları arasında möhkəm qarşılıqlı təmasların qurulması və eyni zamanda, QHT-lərin imicinin artması ilə əlaqələndirdi.
"Əlbəttə, bir sıra parametrlər üzrə QHT sektorunda işlər görülməli, QHT-lərimizi mükəmməl səviyyəyə çatdırmaq üçün xeyli çalışmalıyıq. Lakin QHT-lərin Şuşa-Xankəndi yolunda sülhməramlıların müvəqqəti məsuliyyət zonasına daxil olan Qızılbulaq və Dəmirli yataqlarının erməni separatçıları tərəfindən qanunsuz istismarına etiraz olaraq keçirilən aksiyada ön sıralarda olması və dayanmadan dəstək alması, sözsüz, dövlətimizin, cəmiyyətimizin və vətəndaşımızın qeyri-hökumət təşkilatlarına yüksək inam və etimadın nəticəsindir", - deyə Etibar Məmmədov bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.