Professor yazır: "Biz öz irsimizə mütləq sahib çıxmalıyıq"

Vaqif Abdullayev Siyasi elmlər doktoru, professor sabiq deputat
Qərbi Azərbaycan İcması tərəfindən tarixi torpaqlarımız olan Göyçə, Zəngəzur, Dərələyəzdə yerləşən Alban irsinin öyrənilməsi məqsədilə İşçi Qrupunun yaradılmasını yüksək dəyərləndirirəm.
Bir Qərbi azərbaycanlı kimi hesab edirəm ki, bu addım türk tarixinin ayrılmaz tərkib hissəsi olan qədim alban irsi, etnoqrafiyasının dünya ictimaiyyətinə təqdim edilməsində mühüm rol oynaya bilər.
Bu, həm də indiki Ermənistan adlı ölkənin ərazilərinin oğuz türkləri ilə yanaşı, alban tayfalarının qədim torpaqları olduğunu təsdiqləyir.
Ermənilər neçə onilliklərdir ki, dünyada müxtəlif təşkilatlar yaradaraq saxta kilsə təəssübkeşliyi ilə bizim dini-mədəni, tarixi abidələrimizi öz adlarına çıxmaqdadır.
Məsələn, “Monument Watch”, Kaloust Gülbenkian Fondu, “Dialoq” ictimai təşkilatı, Tufenkian Fondu, Ford Fondu, Sousrces d'Armenie Fondu, Sirarpie Der Nersessian Assosiasiyası və digər onlarla erməni təşkilatı Azərbaycan tarixi nümunələrini erməni mədəni irsi kimi təqdim edərək dünya ictimaiyyətini aldadır.
Bizim Zəngəzurdakı və Qarabağdakı qiymətli əşyaların bir qismi xarici muzeylərdə, Lissabondakı muzeydə erməni abidəsi kimi ziyarətçilərə təqdim olunur.
Ürək ağrısı ilə qeyd etmək istərdim ki, mənim böyüdüyüm, həyatımın ən şirin və unudulmaz anlarını yaşadığım Aşağı Şorca kəndinin, qədim Göyçə mahalının da zəngin tarixi irsi silinərək yoxa çıxmaqdadır. Erməni vandalları 1988-ci ildə bizə qarşı törətdiyi vəhşilikləri həm də zəngin tarixi abidələrimizdən qisas almaqla, özlərinkiləşdirməklə davam etdirib.
Bu saxta proqramlara Ermənistan Milli Elmlər Akademiyası, Yerevan Dövlət Universiteti, Şərq Dilləri və Sivilizasiyaları Dövlət İnstitutu, ABŞ və Fransadakı erməni institutları, arxeoloqlar, memarlar, antropoloqlar, ermənişünaslıq üzrə mütəxəssislər, media və internet mütəxəssisləri, tərcüməçilər cəlb olunur, hər il milyonlar xərclənir.
Təəssüf ki, bizdə bu cür təşkilatlanma, öz irsimizi təbliğ etmək üçün elmi institutlaşma, koordinasiya zəifdir, məsələyə akademik səviyyədə yanaşma yoxdur.
Ona görə də, öz tarixi irsimizə sahib çıxmaq üçün ermənilərin yalan propaqandasını darmadağın edəcək kollektiv iş prinsipi qurmalıyıq.
Öz tarixi-dini irsimizi beynəlxalq məhkəmələrə müraciət etməklə Ermənistanı hüquq qarşısında cavab verməyə məcbur etməliyik.
Biz öz irsimizə sahib çıxmasaq, tarix qarşısında cavab verməli olacağıq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.