AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Dermatoloq Rusiya istehsalı olan bəzi dərmanlarla bağlı narahatlığını açıqladı

  • + A
  • - A
  • Bu gün, 13:45

    Dermatoloq Rusiya istehsalı olan bəzi dərmanlarla bağlı narahatlığını açıqladı

    Azadmedia.az xəbər verir ki, həkimlər Rusiya istehsalı olan bəzi dərmanların təhlükəsizliyindən narahatdırlar: Səhiyyə Nazirliyinə araşdırılması üçün müraciət edilib

    Son aylarda Rusiya istehsalı olan bir sıra dərman vasitələrinin mümkün yan təsirləri ilə bağlı narahatlıqlar artıb. Dermatoloq dr Mehdi İsgəndərli metilprednizolon, metotreksat, hidroksixloroxin və siklosporin tərkibli preparatların effektivliyi və təhlükəsizliyinin araşdırılması üçün Səhiyyə Nazirliyinə müraciət etdiyini bildirib.

    Həkimin sözlərinə görə, son 6 ay ərzində bu dərman vasitələrindən istifadə edən pasiyentlərdə yan təsirlərin daha sıx müşahidə olunması ilə bağlı çoxsaylı müraciətlər alıb. O, xüsusilə Rusiya istehsalı olan preparatlarla bağlı şübhələrinin yarandığını, əvvəllər istifadə etdiyi Türkiyə istehsalı analoji dərmanlarda isə yan təsirlərin gözlənilən tezlikdə müşahidə olunduğunu qeyd edib.

    Dr Mehdi İsgəndərlinin bildirdiyinə görə, son dövrlərdə Türkiyə istehsalı olan bəzi preparatları apteklərdə tapmaq çətinləşib. Onun sözlərinə əsasən, pasiyentlər bir neçə aptekə müraciət etdikdə həmin dərmanların anbarlarda olmadığı və ölkəyə gətirilməməsinin səbəblərinin məlum olmadığı barədə məlumat aldıqlarını deyirlər.

    Hansı dərmanlarla bağlı narahatlıq var?

    Həkimin diqqət çəkdiyi preparatlar arasında aşağıdakılar yer alır:

    - Metipred — metilprednizolon tərkibli preparat;
    - Treksan — metotreksat tərkibli preparat;
    - Plaquenil — hidroksixloroxin tərkibli preparat;
    - Sandimmun Neoral — siklosporin tərkibli preparat.

    Həkim əlavə olaraq spironolakton tərkibli Veroşpiron preparatında da yan təsirlərlə bağlı narahatlıq doğuran hallar müşahidə etdiyini bildirib.

    Pasiyentlərdə hansı əlamətlər müşahidə olunub?

    Dr Mehdi İsgəndərli qeyd edir ki, hidroksixloroxin qəbul edən pasiyentlərdən birində cəmi üç ay ərzində dəridə hiperpiqmentasiya yaranıb. O, bu halın dərmanın uzunmüddətli istifadəsi ilə əlaqədar ortaya çıxa bilən yan təsirlərlə bağlı narahatlığını artırdığını vurğulayıb.

    Həkimin sözlərinə görə, metotreksat qəbul edən bir sıra pasiyentlərdə dərinin quruması və kəpəklənmə, metilprednizolon istifadə edənlərdə isə məlum yan təsirlərin daha erkən üzə çıxması halları müşahidə olunub. Siklosporin qəbul edən pasiyentlərdə böyrəklərə toksik təsirlərlə bağlı narahatlıq doğuran halların artdığı da bildirilib.

    Həkim hesab edir ki, müşahidə etdiyi hallar dərman vasitələrinin keyfiyyətinin və təhlükəsizliyinin ətraflı araşdırılmasını zəruri edir. O, təxminən 15 illik peşəkar təcrübəsinə əsaslanaraq, Rusiya istehsalı olan preparatların təsiri ilə bağlı əlavə yoxlamaların aparılmasının vacib olduğunu düşünür.

    Səhiyyə Nazirliyinə müraciət edilib

    Dr Mehdi İsgəndərli Rusiya istehsalı olan qeyd edilən dərman vasitələrinin tərkibinin, effektivliyinin və təhlükəsizliyinin araşdırılması, eləcə də bununla bağlı zəruri hüquqi tədbirlərin görülməsi üçün Səhiyyə Nazirliyinə müraciət etdiyini bildirib.

    O, müraciətinin əsas məqsədinin pasiyentlərin sağlamlığının qorunması və istifadə olunan dərman vasitələrinin təhlükəsizliyinə dair sualların aydınlaşdırılması olduğunu vurğulayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR