“Medianın İnkişafı Agentliyinin çox qısa müddətdə formalaşmasına baxmayaraq, çox ciddi, önəmli proseslər başlayıb. Düzdür, hələ bu proseslər inkişaf mərhələsindədir, yekunlaşmayıb. Lakin başlanan proseslər yekunlaşanda Azərbaycana çox böyük töhfələr vermiş olacaq”.
Bunu “Qafqazinfo”ya Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri Müşfiq Ələsgərli Medianın İnkişafı Agentliyin fəaliyyətini qiymətləndirərkən bildirib.
O qeyd edib ki, MEDİA-nın kuratorluğu ilə Azərbaycanda yeni media qanunvericiliyi hazırlanır. Bu proses hələ tamamlanmayıb, lakin layihə Agentlik tərəfindən hazırlanaraq müvafiq qurumlara təqdim olunub. M. Ələsgərlinin sözlərinə görə, layihə qəbul olunacaqsa, Azərbaycan mediasına çox ciddi töhfələr vermiş olacaq:
“MEDİA-nın əsas üstünlüyü, ilk növbədə informasiya alınması və yayılması sahəsində pərakəndəliyi aradan qaldırmaqla bağlı olacaq. İndiyə qədər Azərbaycanda informasiya alınması və yayılmasına qədər üst-üstə 10 yaxın qanunvericilik var idi. Məsələn, KİV haqqında qanun, Televiziya və radio yayımı haqqında qanun və sair. Bəzən bu qanunlar arasında ziddiyyət ortaya çıxırdı. Yeni media qanunu həmin pərakəndəliyi aradan qaldırır. Artıq konkret bir qanunvericilik olacaq və o qanunvericilik həm medianın müxtəlif qollarını, həm də ümumilikdə informasiya alınıb-yayılmasını tənzimləyəcək”.
M. Ələsgərli həmçinin bildirib ki, həmin qanunvericiliyin digər üstünlüyü onlayn media standartlarının hazırlanması ilə bağlıdır:
“Bilirik ki, Azərbaycanda indiyə qədər uzun müddətdir medianın fəaliyyət göstərməsinə, rəqəmsal medianın informasiya məkanında çox yüksək rola malik olmasına baxmayaraq, bizdə onlayn medianın fəaliyyəti tənzimlənmirdi. İlk dəfədir ki, Azərbaycanda elan olunan müsabiqələr arasında həm də onlayn media üçün yardımların verilməsi nəzərdə tutulub. Burada, doğrudur, yardımların məbləği bir qədər aşağı – 3 min manatdır. Lakin prinsip etibarilə, onlar medianın institusional xərclərini ödəmək üçün kifayət qədər yüksək məbləğdir. Ən azı, ofis xərci, 3 nəfər ştatda olan işçi saxlamaq və ya texniki xərclər üçün 3 min manat yaxşı xərcdir. Bu digər mənbələrdən əldə olunan gəlirlərdə istisna yer tutur. Əgər KİV qurumları bu maliyyədən düzgün istifadə etsələr, onların peşəkarlaşmasına, fəaliyyətlərinin təkmilləşməsinə ciddi töhfələr verə bilər”.
M. Ələsgərli əlavə edib ki, diqqət çəkən bir məqam isə ondan ibarətdir ki, bu müsabiqədə onlayn media quruluşlarının standartları müəyyən olunur. Müsabiqənin şərtində vurğulanır ki, onlayn media qurumu özü ay ərzində - 20 gün müddətində ən azı hər gün 20 dənə informasiya istehsal etməlidir. İndi ortalığa çıxan informasiya saytlarının əksəriyyəti aqreqator saytlar olduğundan, başqalarının məhsulunu götürüb paylaşmaqla özlərinə bazar formalaşdırırlar. Əslində bu mahiyyət etibarilə yolverilməzdir və o baxımdan Agentliyin qoyduğu şərti yüksək qiymətləndirmək olar.
“Həmin şərtə əsasən, media qurumu özü informasiya istehsalçısı olmalıdır. Ofisinin olması, əməkdaşarla müqavilə imzalanması da şərtlərdən biridir. Bilirik ki, informasiya saytlarının əksərtiyyəti bir nəfərdən ibarət olurlar. Həmin 1 nəfərlə saytı saxlamaq mümkün deyil. Onlar da məcbur olub informasiya dövriyyəsini təmin etmək üçün informasiyanı necə-gəldi hazırlayırlar. Bu da peşəkarlığın aşağı düşməsinə səbəb olur. O baxımdan agentliyin ən azı 3 əməkdaşının olması və onlarla əmək müqaviləsinin bağlanması ilə bağlı tələbi mühüm şərtdir. MEDİA-nın fəaliyyəti yüksəkdir, bu KİV-ə dəstək verməklə yanaşı, həm də KİV stansdartlarını tərtib etmiş olur. Həmin standartları müsabiqələrdə tətbiq etməklə, onlayn media qurumlarında səliqə-səhmanı stimullaşdırmış olur”.
Mətbuat Şurasının sədr müavini hesab edir ki, bu şərtlərin hamısı deyil. Yəqin ki, gələcəkdə proseslər təkmilləşdikcə, əlavə şərtlər də qoyulacaq və bu da onlayn medianın müsair standartlara uyğunlaşmasına səbəb olacaq.
Tanınmış telejurnalist Qulu Məhərrəmli isə Agentliyin fəaliyyətində şəffalıq və cəmiyyətə açıqlığa diqqət çəkib. Lakin o hesab edir ki, hələ ki, Agentliyin fəaliyyətində fundamental addım müşahidə olunmur:
“MEDİA qısa müddətdir yaradılıb, insanlar onun KİVDF-dən fərqini axtarmağa çalışırlar. Əsas fərqi odur ki, MEDİA cəmiyyətə daha açıqdır. Təsisçiləri cəmiyyət üçün daha açıq və simpatiya doğuran insanlardır. Amma Agentliyin fəaliyyətində elan elədiyi məqsədlərin reallaşdırılması istiqamətində hələ real addımlar görülmür. Struktur formalaşır, məqsədlər elan olunub, KİV haqqında qanunun yenidən işlənməsilə bağlı elan verilir. Bunlar da işdir, amma fundamental addım hələlik yoxdur. Hesab edirəm ki, bu addım o zaman olacaq ki, MEDİA təkcə media subyektlərini maliyyələşdirməklə yox, həm də geniş mənada, medianın azad inkişafı üçün, onun iqtisadi dayaqlarının möhkəmlənməsi üçün asaslı addımlar atacaq”.
Q. Məhərrəmli əlavə edib ki, bizim üçün önəmli olan MEDİA-nın nizamnaməsində də əksini tapdığı kimi, ölkədə söz, mətbuat azadlığının qorunub saxlanması, yüksək səviyyəyə qaldırılmasıdır. Bu sahədə yüksək addımlar atılanda nəticələr görünəcək: “Yalnız medianı maliyyələşdirmək, müsabiqələr elan etmək KİVDF-nin də gördüyü işlərdir. Düzdür, onlar bir qədər qara işləyirdilər, şərtlər bəlli olmurdu, subyektiv proseslər gedirdi. Bu isə daha şəffaf, daha açıq və daha işgüzar şəkildə həyata keçirilir”.
Qeyd edək ki, Medianın İnkişafı Agentliyi Azərbaycanda media sahəsində islahatlar, bu sektorun təkmilləşdirilməsi və peşəkarlaşdırılması məqsədilə Prezident İlham Əliyevin 2021-ci il 12 yanvar tarixli “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı ilə yaradılıb.
Təxminən 4 aya yaxındır fəaliyyətə başlayan Agentliyin məqsədi yalnız media subyektlərinin inkişafına maliyyə təminatı yaratmaq deyil, eyni zamanda onların iqtisadi müstəqilliyinin gücləndirilməsi istiqamətində tədbirlər görmək, bu məqsədlə müvafiq sahədə yeni iqtisadi modelin formalaşdırılmasına şərait yaratmaq, iqtisadi cəhətdən müstəqil media subyektlərinin yaradılmasını təmin etməkdir.
MEDİA tərəfindən ilk dəfə olaraq onlayn media subyektləri üçün dəstək layihəsi həyata keçirilir. Dəstək layihəsi yalnız ictimai-siyasi məzmunlu xəbərlər dərc edən onlayn media subyektlərinə deyil, eyni zamanda idman xəbərləri dərc edən veb-saytlara da şamil olunur və idman saytları ayrıca qiymətləndirilir.