AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Şairlik şöhrətinin kölgəsində qalmış mütəfəkkir: Nizami Gəncəvinin elmi dünyagörüşü haqqında” kitabının təqdimatı keçirilib

  • + A
  • - A
  • 21-06-2021, 20:44


    İyunun 21-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) AMEA prezidenti katibliyinin rəisi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Eldar Əmirovun rus dilində çapdan çıxmış “Şairlik şöhrətinin kölgəsində qalmış mütəfəkkir: Nizami Gəncəvinin elmi dünyagörüşü haqqında” adlı kitabının təqdimatı keçirilib.
    Tədbirdə AMEA Rəyasət Heyətinin üzvləri, bir sıra elmi müəssisələrin rəhbərləri, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Nizamişünaslıq şöbəsinin əməkdaşları, eləcə də media nümayəndələri iştirak ediblər.

    Əvvəlcə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək ölkə Prezidenti İlham Əliyevin 5 yanvar 2021-ci il tarixli Sərəncamı ilə cari ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilməsi ilə əlaqədar Azərbaycanın bir çox elm, təhsil, mədəniyyət və digər qurumlarında olduğu kimi, AMEA-da da bu istiqamətində tədbirlərin görüldüyünü bildirib. Qeyd edib ki, akademiyada bununla bağlı görülən tədbirlərin əsas məqsədi sərəncamın işığında N.Gəncəvini Azərbaycanın dövlət müstəqilliyi ideallarının gözü ilə Azərbaycan xalqına, gənc nəsillərə, eləcə də dünyaya yenidən tanıtmaqdan ibarətdir: “Bu istiqamətdə bugünədək müxtəlif elmi tədqiqat institutlarında keçirilən konfranslarda dinlənilən məruzələr, çap olunan kitablar dahi Nizaminin Azərbaycan xalqının dünyaya bəxş etdiyi görkəmli mütəfəkkir olduğunu, şairin xalqımıza məxsus, dünya ədəbiyyatını təmsil edən sənətkarlardan olduğunu deməyə əsas verir”.

    AMEA-nın vitse-prezidenti dahi Nizami nəslinin milli mənsubiyyətləri etibarilə azərbaycanlı olduqlarını və Gəncə şəhərində yaşadıqlarını bildirib, şairin azərbaycanca düşünüb əsərlərini farsca qələmə aldığını vurğulayıb. İ.Həbibbəyli Nizaminin əsərlərini fars dilində ərsəyə gətirməsinin onun Şərq ölkələrində tanınmasına müsbət təsir göstərdiyini qeyd edərək, dahi şairin yaradıcılığında türk sözlərinə, Azərbaycan zərb məsəllərinə və Azərbaycan şəhərlərinin adlarına sıx rast gəlindiyini də bildirib.
    Akademikin sözlərinə görə, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin “Nizami Gəncəvi: mütəfəkkirin irsi dünya mədəniyyəti və milli özünüdərk kontekstində” adlı kitabı Nizamini azərbaycançılıq baxımından təhlil edən qiymətli əsərlərdəndir. Bundan əlavə, bu yaxınlarda AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimlinin “Nizami və tarix” kitabı təkmilləşdirilmiş şəkildə yenidən çap olunmuş, nəşrdə Nizaminin azərbaycanlı olması məsələlərinə işıq salınmışdır.


    İ.Həbibbəyli, həmçinin AMEA-da Nizaminin “Xəmsə”sinin elmi-tənqidi mətninin hazırlanması istiqamətində tədbirlərin görüldüyünü deyərək, artıq “Sirlər xəzinəsi” poeması üzərində işlərin tamamlandığını diqqətə çatdırıb. O, “Nizami İli” çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən “Xəmsə”nin yenidən fars dilindən Azərbaycan dilinə tərcüməsinin nəzərdə tutulduğunu da vurğulayıb.
    Akademik İ.Həbibbəyli bu gün təqdimatı keçirilən “Şairlik şöhrətinin kölgəsində qalmış mütəfəkkir: Nizami Gəncəvinin elmi dünyagörüşü haqqında” kitabının Nizaminin elmi dünyagörüşünün sistemli şəkildə tədqiq edildiyi ilk monoqrafiya olduğunu diqqətə çatdırıb. Vitse-prezident kitabın Nizaminin biliyə və alimin cəmiyyətdəki yüksək məqamına verdiyi dəyərin tədqiqi, eləcə də dahi mütəfəkkirin elmin əməli əhəmiyyəti haqqındakı fikirlərinin, onun ictimai-siyasi məsələlərə, təbiət elmlərinə, tibb və psixologiyaya dair baxışlarının dərindən təhlili baxımından böyük əhəmiyyətə malik olduğunu, yeni baxışlar meydana çıxardığını vurğulayıb.
    Daha sonra çıxış edən AMEA Rəyasət Heyətinin üzvü, Akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva “Nizami İli” çərçivəsində ərsəyə gələn “Şairlik şöhrətinin kölgəsində qalmış mütəfəkkir: Nizami Gəncəvinin elmi dünyagörüşü haqqında” kitabının nizamişünaslığımıza yeni bir töhfə olduğunu söyləyib. O, kitabın ensiklopedik şəxsiyyət olan Nizaminin elmi dünyagörüşünə həsr olunmasının əhəmiyyətindən danışıb. G.Baxşəliyeva monoqrafiyanın Nizaminin bir alim, mütəfəkkir kimi xarakterizə etmək baxımından xüsusi rola malik olduğunu qeyd edərək, kitabda dahi şəxsiyyətin təbiət elmləri haqqında, eləcə də ictimai-siyasi fikirləri ilə bağlı müqayisəli təhlillərinin aparıldığını, Nizaminin dərindən araşdırılaraq əsərlərində təqdim etdiyi tarixi faktlara nəzər salındığını diqqətə çatdırıb.
    Akademik G.Baxşəliyeva müəllifi böyük elmi əhəmiyyətə malik belə bir kitabın ərsəyə gəlməsi münasibətilə təbrik edib, ona fəaliyyətində yeni uğurlar arzulayıb.
    AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə dərin məzmuna malik monoqrafiyada Nizaminin tarixi şəxsiyyətlərə və hadisələrə olan münasibətinin dərindən təhlilinin apardığını, dahi şairin ictimai-siyasi və fəlsəfi fikirləri ilə bağlı mənbə kimi dünya ədəbiyyatının dəyərli tədqiqatçılarının əsərlərindən istifadə olunduğunu və Nizaminin elmi dünyagörüşünün təhlilində müəllifin şəxsi fikirlərinin arqumentlərlə əsaslandırıldığını diqqətə çatdırıb. O, bu baxımdan Eldar Əmirovun elm və fəlsəfə tarixinə dərindən yiyələnmiş tədqiqatçılardan olduğunu vurğulayıb.
    Sonra AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Eynulla Mədətli çıxış edərək Nizami Gəncəvinin yaşadığı dövrdən hətta 2-3 əsr öncə yaşamış ərəb və fars ictimai-siyasi və mədəni mühitinin görkəmli nümayəndələrinin yaradıcılığına dərindən bələd olduğunu bildirib. O, dahi mütəfəkkirin əsərlərində tarixiliyi əks etdirməklə həm Azərbaycanın, həm də bütövlükdə müsləman Şərqinin şairlərindən yüksəkdə dayandığını deyib. Qeyd edib ki, indiyədək Azərbaycan tədqiqatçılarının və əcnəbi müəlliflərin mövzuya dair ərsəyə gətirdikləri araşdırmalarda Nizaminin elmi dünyagörüşü ilə bağlı müəyyən qədər münasibət bildirilsə də, “Şairlik şöhrətinin kölgəsində qalmış mütəfəkkir: Nizami Gəncəvinin elmi dünyagörüşü haqqında” monoqrafiyası mövzuya həsr olunmuş ilk əhatəli və sistemli tədqiqat işidir.
    Tədbirdə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Nizamişünaslıq şöbəsinin elmi işçisi Hürnisə Bəşirova və həmin şöbənin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Təhminə Bədəlova Nizamişünaslıq şöbəsi tərəfindən dahi şairin irsinin əsaslı tədqiqi istiqamətində görülən işlərdən bəhs ediblər. Bildirilib ki, Nizaminin əsərlərinin XV əsrdən əvvəlki dövrə aid, təhrif olunmamış variantları akademik İsa Həbibbəylinin dəstəyi ilə AMEA tərəfindən əldə olunub.
    Sonra MEK-in baş direktoru, fəlsəfə elmləri doktoru, professor Məmməd Əliyev çıxış edərək geniş elmi araşdırmalar nəticəsində ərsəyə gələn monoqrafiyada Nizami irsinin obyektiv elmi meyarlar əsasında təhlil olunmaqla, böyük sənətkarın əsərlərinə dair reallıqların diqqət mərkəzinə çəkildiyini vurğulayıb. M.Əliyev rus dilində çap olunmuş kitabın MEK tərəfindən MDB ölkələri kitabxanalarına göndərilməsinin nəzərdə tutulduğunu bildirib, həmçinin Nizaminin elmi dünyagörüşünün daha geniş oxucu kütləsinə çatdırılması baxımından kitabın ingilis və fars dilində də nəşr olunmasının vacibliyindən bəhs edib.
    Daha sonra kitabın müəllifi, AMEA prezidenti katibliyinin rəisi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Eldar Əmirov çıxış edərək bildirib ki, Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrindən hesab olunan Nizami yaradıcılığının bir çox aspektləri ölkəmiz, eləcə də Rusiya və dünya şərqşünaslığında müraciət olunan aktual mövzulardan olmuşdur.
    E.Əmirov qeyd edib ki, Nizami Gəncəvi öz əsərlərində elmi baxışlarını ortaya qoymuş, siyasəti ədalətli cəmiyyətin qurulması üçün bir vasitə hesab etmişdir. Onun sözlərinə görə, Nizaminin utopiyasında Avropa filosoflarının əsərlərində rast gəlinən utopiyadan fərqli olaraq, Şərq reallıqları öz əksini tapmışdır. Nizami əsərlərində Şərqdə əsrlərdən bəri formalaşmış dövlətçilik ənənələrini nəzərə almış, həmçinin tarixin fəlsəfəsinə, qanunauyğunluqlarına dair fikirlər irəli sürmüşdür. Dahi mütəfəkkir təsvir etdiyi hökmdarların nümunəsində zülm və ədəalətsizlik üzərində qurulan rejimin məhvə məhkum olduğunu bildirmişdir.

    “Nizami milli mənsubiyyəti baxımından azərbaycanlı olsa da, dahi şairin yaradıcılığı onun ideallarına hörmət edən və bu idealları həyata keçirmək uğrunda fəaliyyət göstərən bütün xalqlara və cəmiyyətlərə məxsusdur”, - deyə bildirən müəllif Nizaminin “Xəmsə”sinin elmi və bədii kanonlara uyğun olaraq yenidən işlənilməsinin zəruriliyi məsələsinə toxunub. Qeyd edib ki, “Nizami İli”ndə bu, Azərbaycan mənbəşünaslığı qarşısında dayanan vacib və aktual məsələlərdən biridir.
    E.Əmirov çıxışının sonunda tədbirdə iştirak edən, dəyərli fikirlərini bölüşən hər kəsə təşəkkürünü bildirib, gələcəkdə bu istiqamətdə aparılacaq tədqiqatların daha da dərinləşdirilməsi üçün qeyd olunan təkliflərin nəzərə alıncağını diqqətə çatdırıb.

    Sonda E.Əmirovun müəllifi olduğu kitab MEK-ə hədiyyə edilib və oxucuların istifadəsinə verilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR