Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Elm Tarixi İnstitutu və Fəlsəfə və Sosiologiya İnstitutunun birgə təşkilatçılığıyla 14 iyun 2021-ci il tarixində “Mədəniyyətlərin dialoqu və Nizaminin fəlsəfi irsi” mövzusunda beynəlxalq onlayn konfrans keçirilib.
Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Azərbaycan Respublikası Prezidentinin sərəncamından irəli gələrək 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edildiyini və bu münasibətlə AMEA-da müntəzəm tədbirlərin keçirildiyini bildirib.
Akademik qeyd edib ki, bu tədbirlərin keçirilməsi bizə imkan verir ki, Azərbaycanın böyük mütəfəkkiri Nizami Gəncəvini dünyaya daha dərindən tanıdaq. AMEA-da bu istiqamətdə görülən işlərdən, dahi şairə hərs edilən tədqiqat əsərlərindən danışan alim “Nizami ili”nin yekun tədbirinin Nizaminin doğma şəhəri Gəncədə keçirilməsi üçün hazırlıqların davam etdiyini bildirib.
Nizamini Azərbaycan-türk təfəkkürünün sənət möcüzəsi adlandıran akademik onun bu təfəkkürün böyük sənətkarı olduğunu vurğulayaraq, bildirib ki, Nizami Gəncəvi əsərlərini fars dilində yazsa da o, Azərbaycan-türk təfəkkürü ilə düşünüb.
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi Nizami Gəncəvi ilə bağlı Fəlsəfə və Sosiologiya İnstitutunda görülən işlərdən danışıb. Müasir Azərbaycan fəlsəfəsində Nizaminin özünəməxsus yeri və rolu olduğunu və bu mövzuda İnstitutda 2 konfrans keçirildiyini qeyd edən proferssor bildirib ki, növbəti üçüncü konfransın fəlsəfə günündə keçirilməsi planlaşdırılıb. İnstitut direktoru 3-cü konfrasın yekunu olaraq Nizami Gəncəviyə həsr edilmiş tezis və məqalələrin toplu halında nəşr ediləcəyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Elm Tarixi İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru Məryəm Seyidbəyli “Azərbaycanın böyük ədibi Nizami Gəncəvi və onun elmi irsi” mövzusunda məruzə ilə çıxış edib. Nizaminin əsərlərində elmin müxtəlif sahələrinin təsnif edildiyi məruzədə şairin bəşər cəmiyyətinə məlum olan əsas elmi bilikləri – fizika, fəlsəfə, tarix, ilahiyyat, astronomiya, kimya, riyaziyyat və s. elmləri dərindən mənimsədiyi və öz əsərlərində elmin müxtəlif sahələrinə dair olduqca qiymətli, dəyərli fikirlər söylədiyi bildirilib. Qeyd olunub ki, “Nizami yaradıcılığında elmin rolu böyükdür, ona görə də onun dilini başa düşmək heç də asan deyildir. Dahi ədibi asanlıqla başa düşməkdən ötrü o dövrdəki bütün biliklərin bir ensiklopediyasına malik olmaq, o zamankı şəraiti lazımınca araşdırmaq lazımdır. O dövrün elmlərinə vaqif olduqdan sonra Nizami Gəncəvini anlamaq heç də çətin olmayacaqdır”.
Konfransda ETİ-nin digər əməkdaşları – Elm tarixinin nəzəri və metodoloji problemləri şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Bayram Quliyev “Nizami Gəncəvinin həyatı və əsərlərinə dair ilkin qaynaqların təhlili”, Tarixşünaslıq və mənbəşünaslıq şöbəsinin elmi işçiləri – Elxan Quliyev “Nizami Gəncəvi yaradıcılığında şəxsiyyət problemləri”, Röya Mirzəbəyova “Yan Rıpkanın tədqiqatlarında Azərbaycan məktəbi və Nizami Gəncəvi”, Təbiət və dəqiq elmlər şöbəsinin elmi işçisi Aybəniz Osmanova “ Nizami Gəncəvi poeziyasında dəqiq elmlərin yeri”, Tərcümə və İnformasiya şöbəsinin müdiri Aynur Nəzərova “Nizami Gəncəvi yaradıcılığında türk-Azərbaycan sözləri”, Təbiət və Dəqiq Elmlər Tarixi şöbəsinin laborantı Solmaz Namazova isə “Tarixdə iz qoyan XII əsr və Nizami Gəncəvi” mövzularında məruzələrlə çıxış ediblər.
Dünyanın bir çox ölkələrindən alimlərin qatıldığı tədbirdə Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Eynulla Mədətli “İranda Nizaminin kimliyi məsələsinə münasibət”, ABŞ-dan professor Elyor Karimov “Dünya sufi irsinə Nizami Gəncəvinin töhvəsi” (“Вклад Низами Ганжеви в мировое суфийское наследие”), Fəlsəfə və Sosiologiya İnstitutunun, “Fəlsəfə tarixi” şöbəsinin Baş elmi işçisi, professor Zümrüd Quluzadə “XXI əsr: Nizamişünaslığın aktual və mübahisəli problemləri”, AMEA-nın müxbir üzvü, Fəlsəfə və Sosiologiya İnstitutunun İslam fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Könül Bünyadzadə “Nizami Gəncəvi müdrikliyi – nəsildən nəsilə ötürülən miras”, Əlcəzair Milli Tədqiqat Mərkəzinin direktor müavini Zaim Xançalavi “Ərəb tədqiqatçılarının Nizami irsinə marağı: bəzi nümunələr”, Marokkodan siyasi elmlər doktoru Hasan Hami “Philosophy, science and COVİD-19”, Ankara universitetinin professoru Haluk Erdem “Nizami Gəncəvi düşüncəsində mədəniyyət problemi”, Almaniyadan professor Birgit Biehl “İlyas İbn-Yusif Nizami Gəncəvi kimdir?(Gancawi – who is he?)”, Fəlsəfə və Sosiologiya İnstitutu Beynəlxalq əlqaələr şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Zöhrə Əliyeva və Rəssamlıq akademiyasının Baş müəllimi Cəmilə Həşimova “Nizaminin estetik idealı”, Bakı Dövlət Universitetinin İslamşünaslıq Elmi Tədqiqat Mərkəzinin rəhbəri, professor Əsədulla Qurbanov “Nizami Gəncəvi-880” mövzusunda məruzələri təqdim ediblər.