AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Nizami Gəncəvinin elmi baxışlarının təhlilinə həsr edilmiş monoqrafiya işıq üzü görüb

  • + A
  • - A
  • 11-06-2021, 14:30


    “Şairlik şöhrətinin kölgəsində qalmış mütəfəkkir: Nizami Gəncəvinin elmi dünyagörüşü haqqında” adlı monoqrafiya işıq üzü görüb

    AMEA prezidenti katibliyinin rəisi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Eldar Əmirovun “Şairlik şöhrətinin kölgəsində qalmış mütəfəkkir: Nizami Gəncəvinin elmi dünyagörüşü haqqında” adlı monoqrafiyası rus dilində çapdan çıxıb. Yeni nəşr Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrindən hesab olunan Nizami Gəncəvinin elmi baxışlarının təhlilinə həsr edilib.
    “Elm” nəşriyyatında çapdan çıxmış monoqrafiyanın elmi redaktoru AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev, redaktorları AMEA-nın vitse-prezidentləri, akademiklər İsa Həbibbəyli və İradə Hüseynova, AMEA Mərkəzi Elmi Kitabxanasının baş direktoru, professor Məmməd Əliyev, rəyçisi isə AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, professor İlham Məmmədzadədir.
    Məlum olduğu kimi, dahi mütəfəkkirin elmi dünyagörüşü məsələsi Nizamişünaslığın ən az tədqiq edilmiş və yeni araşdırmaların aparılmasını tələb edən problemləri sırasındadır. Kitabın müqəddimə hissəsində indiyədək Azərbaycan tədqiqatçılarının və əcnəbi müəlliflərin mövzuya dair ərsəyə gətirdikləri araşdırmalar oxucuların diqqətinə çatdırılıb, elmi problemin öz həllini gözləyən aspektlərinə münasibət bildirilib.
    Monoqrafiyanın birinci fəslində dahi mütəfəkkirin məhrumiyyətlərlə, itkilərlə, əzmkar mübarizə və kamillik nümunələri ilə dolu həyat yolundan, həmçinin yaşadığı, yazıb-yaratdığı mühitin ictimai-siyasi, ədəbi-mədəni xüsusiyyətlərindən bəhs olunur.
    İkinci fəsildə Nizaminin biliyə və alimin cəmiyyətdəki yüksək məqamına verdiyi dəyərə, eləcə də onun elmin əməli əhəmiyyəti haqqındakı fikirlərinə toxunulub. Bu fəsildə Nizaminin elmin praktik faydasına dair mülahizələri orta əsr müsəlman Şərqinin Fərabi, İbn Sina, İbn Rüşd, Nəsirəddin Tusi kimi dühalarının sözügedən məsələyə dair fikirlərilə müqayisəli şəkildə təqdim edilib.
    Üçüncü, beşinci və altıncı fəsillərdə Nizaminin müvafiq olaraq ictimai-siyasi məsələlərə, təbiət elmlərinə, tibb və psixologiyaya dair baxışlarının təhlili öz əksini tapıb.
    “Xəmsə” tarixi mənbə kimi” adlanan dördüncü fəsildə isə “Xəmsə”nin tarixi məxəz olaraq əhəmiyyəti məsələsi konkret hadisələrin və şəxslərin nümunəsində nəzərdən keçirilib. Bu fəsildə Nizaminin tarixi hadisələri təqdimetmə üsulunun xüsusiyyətlərinin təhlilinə geniş yer verilib.
    Monoqrafiyanın ərsəyə gəlməsində Nizaminin əsərlərindən, dahi şairin yaradıcılığı ilə bağlı ən müxtəlif mənbələrdən, elmi tədqiqatlardan və biblioqrafik göstəricilərdən istifadə olunub.
    Yeni nəşr Nizami irsini araşdıran, həmçinin orta əsr müsəlman Şərqində ictimai-siyasi və elmi fikrin inkişaf tarixini öyrənən tədqiqatçılar, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR