AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ad, soyad, ata adının və soyad sonluğunun dəyişdirilməsi qanunvericiliklə necə tənzimlənir?

  • + A
  • - A
  • 28-08-2023, 10:05

    Ad, soyad, ata adının və soyad sonluğunun dəyişdirilməsi  qanunvericiliklə necə tənzimlənir?

    Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı sahəsində həyata keçirilən mühüm fəaliyyətlərdən biri ad, soyad, ata adının və soyad sonluğunun dəyişdirilməsi ilə bağlıdır. Bu sahədə fəaliyyət Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən həyata keçirilir.
    Soyadın, adın və ata adının dəyişdirilməsi və soyad sonluğunun dəyişdirilməsi prosesi fərqli qaydada tənzimlənir. Belə ki, soyadın dəyişdirilməsi mövcud soyadı başqa bir soyada dəyişməkdir. Soyad sonluğunun dəyişdirilməsi isə yalnız mövcud soyadın sonluğunun dəyişdirilməsi kimi başa düşülməlidir. Soyadın, adın və ata adının dəyişdirilməsi prosedur qaydaları Azərbaycan Respublikasının Ailə Məcəlləsi, habelə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş "Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları" ilə tənzimlənir.
    Qeyd olunmalıdır ki, 18 yaşına çatmış hər bir vətəndaş ərizə verərək soyadının sonluğuna dəyişiklik edə bilər. Soyad sonluğuna dəyişiklik edilməsi Azərbaycan Respublikası vətəndaşlarının soyadlarının dövlət dilinə uyğunlaşdırılması haqqında Azərbaycan Respublikası Milli Məclisinin 2 fevral 1993-cü il tarixli 495 saylı Qərarının tələblərinə əsasən həyata keçirilir. Qərara əsasən Azərbaycan Respublikasının vətəndaşları “-ov”, “-yev” sonluqlu soyadlarını “-lı” (sözün kökündən aslı olaraq “-li”, “-lu”, “-lü”), “-zadə”, “-oğlu”, “-qızı” sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edə bilərlər.
    18 yaşına çatmayan vətəndaşların soyadlarının sonluğuna dəyişiklik isə onların valideynlərinin və digər qanuni nümayəndələrinin ərizəsi əsasında həyata keçirilir. Hər iki valideynin soyadının sonluğu dəyişdirildikdə 18 yaşına çatmayanların soyadlarının sonluğu da dəyişdirilir. 10 yaşına çatmış uşağın soyadının sonluğu yalnız onun razılığı ilə dəyişdirilə bilər.
    Qeydiyyat şöbəsi tərəfindən soyadın sonluğuna dəyişiklik edilməsinə şəxs həm yetkinlik yaşına çatanadək, həm də yetkinlik yaşına çatdıqdan sonra yol verilir. Soyadın sonluğuna yetkinlik yaşına çatdıqdan sonra növbəti dəfə dəyişiklik edilməsinə yol verilmir.
    Həmçinin adın, ata adının, soyadın dəyişdirilməsi ilə bağlı müəyyən məhdudiyyətlər mövcuddur. Belə ki, ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs olduqda adın, ata adının, soyadın dəyişdirilməsinə yol verilmir.
    Bundan əlavə, 18 yaşına çatmayan şəxslərin soyadı istədiyi soyada deyil, yalnız digər valideynin soyadına dəyişdirilə bilər. Bu o halda baş verə bilər ki, valideynlərin soyadı müxtəlif olsun. Yetkinlik yaşına çatmayanların soyadının dəyişdirilməsi məsələsi yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları tərəfindən həll olunur.
    Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş "Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları"nda uşağa ad verilməsinin prosedur qaydaları da təsbit edilmişdir.
    Təcrübədə vətəndaşlar tərəfindən öz övladlarına bir çox hallarda xarici adları qoyulması hallarına rast gəlinir. Lakin valideynlər bilməlidirlər ki, hansısa xarici ölkədə normal səslənən ad Azərbaycan dilində düzgün səslənmir və ya fərqli anlaşılır. Bu da gələcəkdə həmin uşaqların gülüş hədəfinə çevrilməsinə səbəb ola bilər. Belə ki, qeydiyyat şöbələri tərəfindən uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə yol verilmir.
    Qeydiyyat şöbələrinin ən vacib vəzifələrindən biri məhz bununla bağlı maarifləndirmə işi aparmaqdır. Bu məhdudiyyətlərin tətbiqi Azərbaycan ədəbi dil normalarına uyğun olmayan adların qoyulmasının qarşısını almağa imkan verir. Bununla bağlı qeydiyyat şöbələri tərəfindən müraciət edən valideynlərə uşaqları üçün seçilən adlar izah olunaraq müvafiq tövsiyələr verilir.
    Ölkə Prezidenti İlham Əliyevin ədliyyə sisteminin müasirləşdirilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq müasir texnologiyalar və innovasiyalar tətbiq olunmaqla əhaliyə müxtəlif elektron ədliyyə xidmətləri göstərilir. Bu xidmətlər çərçivəsində valideynlərə uşaqlarına ad seçilməsində kömək məqsədilə Ədliyyə Nazirliyinin rəsmi saytında elektron xidmətlər bölməsində (https://exidmet.justice.gov.az:8284/VVA/Names) Azərbaycan adları, onların mənşəyi və izahı, əhali arasında yayılma səviyyəsi və sair informasiya almaq üçün axtarış sistemi yaradılıb.
    Eyni zamanda e-xidmətlər vasitəsilə vətəndaşlar adın, ata adının və soyadın, həmçinin soyad sonluğunun dəyişdirilməsinin qeydiyyatı üçün elektron müraciət imkanına malikdirlər.
    Bundan əlavə, qeyd olunan məsələlərlə bağlı qanunvericiliyin tələbləri, zəruri olan sənədlər barədə əhali mütəmadi olaraq məlumatlandırılır, bu məqsədlə nazirliyin rəsmi justice.gov.az internet saytında və sosial media platformalarında məlumatlar paylaşılır, mediada çıxışlar edilir, eləcə də təhsil müəssisələrində mülahizələr oxunur.
    Nazirliyin qeydiyyat şöbələrində müraciət edən vətəndaşların görə biləcəyi yerdə soyad sonluğunun dəyişdirilməsini təbliğ edən lövhələr və tərtib edilmiş bukletlər yerləşdirilib, habelə valideynlərə övladının doğumunun qeydə alınmasının zəruriliyi barədə göndərilən bildirişdə soyad sonluğunun dəyişdirilməsi imkanına dair müddəalar əks olunub.

    Nurlana Rəşidova
    Qaradağ rayon qeydiyyat şöbəsinin rəisi


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR