AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanda insan hüquqlarının etibarlı müdafiəsi: görülən işlər və perspektivlər

  • + A
  • - A
  • 2-06-2024, 02:19

    Azərbaycanda insan hüquqlarının etibarlı müdafiəsi: görülən işlər və perspektivlər


    “Əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə, ən böyük məmləkət qədər güclü olar”.

    Ümummili lider Heydər Əliyev

    Müasir dövrdə ən aktual və əhəmiyyətli məsələlərdən biri insan hüquq və azadlıqlarının təmin olunmasıdır. İnsanların layiqli həyat şəraiti və fundamental hüquqlarının müdafiəsi, sosial ədalətin bərqərar olması, cəmiyyətdə iqtisadi inkişaf və əmin-amanlığın təmin edilməsi demokratik cəmiyyətin təməl prinsiplərini təşkil edir.
    Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 2-ci maddəsinə görə hər bir insan, irqi, dərisinin rəngi, cinsi, dili, dini, siyasi və digər əqidələri, milli və sosial mənsubiyyəti, əmlak vəziyyəti, silk mənsubiyyəti və digər vəziyyətlərinə görə heç bir fərq qoyulmadan hazırkı Bəyannamədə bəyan edilən bütün hüquqlara və bütün azadlıqlara malik olmalıdır.

    Ulu Öndər Heydər Əliyev və insan hüquqlarının etibarlı təminatı

    Yenidən öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın inkişafı istiqamətində həyata keçirilmiş mütərəqqi islahatlar məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider 1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə gəldikdən sonra insan hüquqlarının təmin edilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən olunmuş və bu sahədə genişmiqyaslı islahatların əsası qoyulmuşdur.
    1995-ci il noyabrın 12-də ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının müasir Konstitusiyası ölkəmizdə əsas insan və vətəndaş hüquq və azadlıqlarını təsbit edərək onların təmin edilməsini dövlətimizin ali məqsədi kimi bəyan etmişdir.
    Konstitusiyanın qəbul ediməsi, xalqımızın həyatında və dövlətçiliyimizin qurulmasında yeni bir mərhələnin başlanğıcını qoymuş, dövlət quruculuğu sahəsində yeni imkanlar açmışdır. Bu mühüm sənədin ən üstün və fərqli cəhətlərindən biri onun müddəalarında insanlara dövlət və cəmiyyət tərəfindən verilmiş və verilməli olan, habelə cəmiyyət üzvləri tərəfindən etibar edilən və etibar edilməsi mümkün sayılan bütün hüquq, azadlıq və vəzifələrin bütöv və vəhdət halında öz əksini taparaq bir-birini tamamlamasıdır.
    1993-cü ildə ölkəmizdə ölüm cəzasının tətbiqinə moratorium qoyulmuş, bunun ardınca 1998-ci ildə Cinayət, Cinayət-Prosessual və İslah-Əmək Məcəllələrinə dəyişikliklər və əlavələr edilərək şərqdə ilk dəfə olaraq Azərbaycanda ölüm cəzası ləğv olunmuş, ölüm cəzasına məhkum olunmuş bütün məhkumların cəzası ömürlük azadlıqdan məhrum etmə ilə əvəz edilmişdir.
    Ulu öndər tərəfindən imzalanmış “İnsan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” 1998-ci il 22 fevral tarixli Fərman və “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramının təsdiq edilməsi haqqında” 1998-ci il 18 iyun tarixli Sərəncam ölkəmizdə insan hüquq və azadlıqlarının təminatı istiqamətində həyata keçirilən tədbirlərin mahiyyətini və konsepsiyasını dəqiq müəyyənləşdirməklə insan hüquqlarının davamlı inkişafını təmin etmiş, qanunvericilik və institusional islahatlara təkan vermiş, insan hüquqlarının müdafiəsi sahəsində hüquqi mexanizmlər təkmilləşdirilmişdir.
    Ulu Öndərin imzaladığı "Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında" 6 avqust 1998-ci il tarixli Fərman media subyektlərinin sərbəst inkişafı, onların cəmiyyətin dinamik şəkildə demokratikləşməsinə təsir edən qüdrətli vasitəyə çevrilməsi yolunda dövlət siyasətinin həyata keçirilməsində mühüm addım olmuş, bu Fərmanla mətbuat üzərində senzura aradan qaldırılmışdır.
    Ümummilli liderin fəaliyyəti dövründə "Konstitusiya Məhkəməsi haqqında", "Məhkəmələr və hakimlər haqqında", "Vəkillər və vəkillik fəaliyyəti haqqında", "Prokurorluq haqqında", "Polis haqqında", "Əməliyyat-axtarış fəaliyyəti haqqında", "Notariat haqqında", "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında", "Əhalinin sağlamlığının qorunması haqqında" və s. qanunların, habelə Ailə, Mülki, Mülki Prosessual, Cinayət, Cinayət Prosessual, Cəzaların İcrası, İnzibati Xətalar və Vergi məcəllələrinin qəbul edilməsi dövlətçiliyimizin inkişafında, cəmiyyətin həyatında hüquqi normaların bərqərar olunmasında mühüm rol oynamışdır.
    1998-ci ildə əsas vəzifəsi Azərbaycan Respublikası Konstitusiyasının aliliyini təmin etmək və insanların əsas hüquq və azadlıqlarını müdafiə etmək məqsədilə Konstitusiya Məhkəməsi yaradılmış, məhkəmə-hüquq islahatı konsepsiyasının hazırlanmasına və həyata keçirilməsinə xüsusi diqqət yetirilmiş, demokratik ədalət mühakiməsi prinsiplərinə əsaslanan yeni üçpilləli məhkəmə sistemi yaradılaraq 2000-ci ildən fəaliyyət göstərməyə başlamışdır. Həmçinin hakimlərin demokratik prinsiplərə, şəffaf prosedur əsasında beynəlxalq standartlara uyğun olaraq aşkarlıq şəraitində seçilməsi respublikamızda müstəqil məhkəmə hakimiyyətinin formalaşmasına şərait yaratmış, ədalət mühakiməsini həyata keçirən müstəqil hakimlər korpusunun formalaşdırılması üçün ümummilli lider Heydər Əliyevin 1 dekabr 1998-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Prezidenti yanında Məhkəmə-Hüquq Şurası yaradılmış və onun əsasnaməsi təsdiq edilmişdir.
    Həmçinin ulu öndər Heydər Əliyevin fəaliyyəti dövründə, ölkəmizdə insan hüquq və azadlıqlarının etibarlı müdafiəsində mühüm rola malik olan vəkillik institutu təsis edilmiş, məhkəmədənkənar insan hüquqlarının müdafiə mexanizmi olan Ombudsman institutunun yaradılmasının əsası qoyulmuşdur. Dahi liderin ölkəmizdə insan hüquq və azadlıqlarının təmini və müdafiəsi istiqamətində gördüyü ən mühüm işlərdən biri də 2001-ci ilin dekabrın 28-də “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununun qəbul edilməsidir. Konstitusiya Qanunu ölkəmizdə Ombudsman təsisatının yaradılması və fəaliyyətə başlaması üçün maddi və hüquqi baza hazırlamış, məhkəmədənkənar hüquq müdafiə mexanizmi sayılan Ombudsmanın fəaliyyətinin təmin edilməsi dövlət və vətəndaş münasibətlərində yeni bir başlanğıcın əsasını qoymuşdur.

    İnsan hüquqlarının inkişafında yeni mərhələ

    Ümummilli liderin bizə miras qoyduğu demokratik, hüquqi və dünyəvi Azərbaycan dövlətini daha da gücləndirmək, insan hüquq və azadlıqlarını ən yüksək səviyyədə təmin etmək yönündə apardığı siyasət bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir.
    2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz misilsiz nailiyyətlərə imza atmışdır. Son 21 ildə həyata keçirilmiş ardıcıl və məqsədyönlü siyasi kurs ölkəmizin sürətli və dayanıqlı inkişafını, güclü iqtisadi potensialın formalaşmasını, vətəndaşların rifahını, təhlükəsizlik və müasir ordu quruculuğu kimi məsələlərin effektiv həllini təmin etmiş, ölkəmizin beynəlxalq nüfuzu yüksəlmiş, dünyada strateji əhəmiyyəti artmışdır.
    Ölkə Prezidenti tərəfindən 2006-cı ildə qəbul edilmiş “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı” və 2011-ci ildə qəbul edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi və təmin edilməsi prosesinin keyfiyyətcə yeni müstəviyə keçməsinə, universal və regional səviyyədə yeni əməkdaşlıq strategiyasının qurulmasına, dövlətlə vətəndaş cəmiyyəti arasında tərəfdaşlıq münasibətlərinin yaradılmasına xidmət etmişdir.
    Ulu Öndər Heydər Əliyev tərəfindən ölkəmizdə "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı"nın təsdiq edildiyi “18 iyun” tarixi möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında İnsan Hüquqları Günü kimi təsis edilmiş və həmin tarix əlamətdar gün kimi hər il geniş şəkildə qeyd olunur.
    Ötən dövrdə dövlət başçısının 2017-ci il 10 fevral tarixli “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncamı, eləcə də bu sahədə imzalanan digər fərman və sərəncamlar ölkəmizdə insan hüquqlarının təmin olunması işinə mühüm təkan vermişdir.

    Ölkəmizdə müasir məhkəmə-hüquq islahatları həyata keçirilir

    Müasir dövrdə sürətlə dəyişən ictimai münasibətlər sistemi insan hüquqlarının müdafiəsində daha çevik və mobil mexanizmlərin yaradılmasını xeyli dərəcədə aktuallaşdırmışdır. Belə şəraitdə milli hüquq sistemlərində şəxsiyyətin hüquq və qanuni mənafelərinin müdafiəsinin ənənəvi vasitələri ilə yanaşı, yeni modellərin müəyyən edilməsi və hüququ pozulmuş şəxslərin şəffaf münasibətlər şəraitində alternativ müdafiə vasitələrini seçmək imkanlarının olması vacib məsələlərdən birinə çevrilmişdir. Bu baxımdan ölkəmizdə ictimai münasibətlərin konfliktli subyektləri arasında mübahisələrin şəffaf və səmərəli həlli üsullarından biri kimi çıxış edən mediasiya institutunun normativ-hüquqi bazasının əsası 29 mart 2019-cu il tarixli "Mediasiya haqqında" Qanunun qəbulu ilə qoyulmuşdur ki, bu Qanunun qəbulu Azərbaycanda davam edən məhkəmə və hüquq islahatlarının tərkib hissəsi kimi xarakterizə olunur.
    Son illər ərzində ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında məhkəmə infrastrukturunun müasirləşdirilməsinin rolu nəzərə alınaraq, bu sahədə irimiqyaslı işlər görülür, məhkəmə hakimiyyətinin yüksək statusuna uyğun olan yeni məhkəmə binaları tikilib istifadəyə verilir. Məhkəmə sistemində ən müasir yeniliklər, eləcə də elektron xidmətlərin genişləndirilməsi də xüsusi diqqət mərkəzindədir.
    Azərbaycan Respublikası Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanı isə ədliyyə və məhkəmə sistemində islahatların müasir çağırışlara uyğun davam etdirilməsinə imkan vermiş, o cümlədən elektron məhkəmənin tətbiqi ilə bağlı təşkilati işlərin yekunlaşdırılmasını, onun funksionallığının artırılmasını, fiziki və hüquqi şəxslərin bu sistemdən istifadəsinin təşviqini şərtləndirmişdir. Fərman əsasında müasir dövrün tələblərinə cavab verən ədalət mühakiməsinin formalaşdırılması, məhkəmə icraatının effektivliyinin yüksəldilməsi, hakim və məhkəmə aparatı işçilərinin sosial müdafiəsinin daha da yaxşılaşdırılması, müvafiq infrastrukturun yenilənməsi işlərinin davam etdirilməsi, məhkəmə icraatında müasir informasiya texnologiyalarından hərtərəfli istifadə edilməsi və digər mühüm məsələlərin həll olunması istiqamətində zəruri tədbirlərin görülməsi mümkün olmuşdur.

    Qalib Xalq Qalib Liderini yenidən seçdi

    2020-ci il sentyabrın 27-də Ermənistanın davamlı hərbi təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində əldə edilmiş tarixi Zəfər və 2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində 30 il ərzində xalqımızın qarşısında duran ən mühüm problem - Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün tam bərpası məsələsi həll edilmişdir.
    Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsi fonunda 2024-cü ilin fevralın 7-də keçirilən seçkilərin müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisini əhatə etməsi harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlını qürurlandırmış, suverenliyimizin tam bərpa olunması bu seçkilərin keçirilməsini zərurətə çevirən mühüm amil olmuşdur. Ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan, yarandığı gündən xalqın partiyasına çevrilən Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi cənab İlham Əliyev 7 fevral 2024-cü il tarixində keçirilən prezident seçkilərində növbəti dəfə milyonların səsini qazanaraq qələbə çalmışdır. Xalqın öz liderinə sadiqliyini göstərən bu seçkilər yeni dövrün başlanğıcı olmaqla yanaşı, 20 illik fəaliyyətin uğurlarına verilən qiymətdir.

    2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili”dir

    Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir.
    Ölkə Prezidenti cənab İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamı ilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi və Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının tərəflər Konfransının 29-cu sessiyasının Azərbaycanda keçirilməsi ölkəmiz üçün çox əhəmiyyətli və qürurverici hadisədir.

    Müstəqillik Günü ərəfəsində ənənəyə çevrilən Əfv Sərəncamı

    Xüsusilə qeyd edilməlidir ki, ənənəvi olaraq dövlətçiliyimiz tarixində əhəmiyyətli günlər, bayramlar ərəfəsində ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən əfv sərəncamları imzalanır. Müstəqillik Günü ərəfəsində - 2024-cü ilin mayın 25-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, Ombudsmanın ölkə Prezidentinə ünvanlanmış əfv haqqında müraciətləri əsasında, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza çəkdikləri müddəti və həmin müddətdə davranışlarını nəzərə alaraq və humanizm prinsiplərinə əsaslanaraq “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncam imzalamışdır. Dövlət başçısı tərəfindən imzalanmış bu Sərəncam müstəqil dövlətimizdə insan hüquq və azadlıqlarına yüksək dəyər verildiyini bir daha bütün dünyaya nümayiş etdirmişdir.

    100 illik yubileyini qeyd etdiyimiz Naxçıvan Muxtar Respublikasında hüquqi mexanizmlər təkmilləşdirilir

    Hüquqi dövlət quruculuğu yolunda inamla irəliləyən və Azərbaycanın ayrılmaz parçası olan Naxçıvan Muxtar Respublikasında da hüquq sisteminin müasirləşdirilməsi prosesinə uyğun olaraq insan hüquqlarının daha etibarlı müdafiəsinin təmin edilməsi ilə bağlı islahatlar ardıcıl şəkildə davam etdirilmişdir.
    Ölkə başçısının "Naxçıvan Muxtar Respublikasında hüquq institutlarının inkişafı haqqında" 2006-cı il 2 noyabr tarixli Fərmanının qəbul edilməsindən ötən dövr ərzində hüquq institutlarının təkmilləşdirilməsi, onların maddi-texniki bazasının gücləndirilməsi, insan hüquqlarının müdafiəsi və ədalət mühakiməsi mexanizmlərinin effektiv fəaliyyətinin təmin edilməsi, əhaliyə yüksək səviyyədə hüquqi xidmətlərin göstərilməsi sahəsində mühüm tədbirlər həyata keçirilmişdir. Ötən dövr ərzində muxtar respublikada insan hüquqlarının səmərəli və etibarlı müdafiəsi istiqamətində insan hüquqlarının müdafiəsi üzrə orqanlar sistemində yeni və müstəqil məhkəmədənkənar alternativ hüquq müdafiə vasitəsi olan Müvəkkil təsisatının fəaliyyəti təkmilləşdirilmiş, Vəkillər Kollegiyası, Mediasiya təşkilatı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və digər strukturlar yaradılmış, insan hüquqlarının etibarlı müdafiəsi təmin edilmişdir.
    Vurğulamaq lazımdır ki, ötən dövr ərzində "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Qanuna edilmiş dəyişikliklərlə preventiv mexanizm funksiyaları və informasiya sahiblərinin "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikası Qanununun tələblərindən irəli gələn vəzifələri yerinə yetirməsinə nəzarəti həyata keçirmək, habelə "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyanın və "Uşaq hüquqları haqqında" Konvensiyanın həyata keçirilməsinin, bərabərlik hüququnun təmin edilməsinin və ayrı-seçkiliyin qarşısının alınmasının monitorinqi və təşviqi üzrə müstəqil monitorinq mexanizminin funksiyalarını həyata keçirmək səlahiyyətləri Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) fəaliyyət sferasına daxil edilmişdir.
    Bu gün muxtar respublikada ölkə Konstitusiyasında təsbit edilən fundamental hüquq və azadlıqlar, həmçinin əhalinin müxtəlif sosial qruplarının hüquqlarının daha səmərəli təmin olunması və müdafiəsi istiqamətində həyata keçirilən tədbirlər uğurla davam etdirilir, əhalinin müxtəlif sosial qruplarının hüquq bərabərliyinin davamlı təmin edilməsi daim diqqət mərkəzində saxlanılır.
    Muxtar respublikamızın davamlı sosial-iqtisadi inkişafı əhalinin müxtəlif sosial qruplarının - qadınların, gənclərin, ahıl vətəndaşların, müharibə veteranlarının, şəhid ailələrinin və məhdud fiziki imkanlı şəxslərin sosial müdafiəsini gücləndirmiş, onların hüquq və azadlıqlarının səmərəli təmini və etibarlı müdafiəsi məqsədilə mühüm normativ-hüquqi aktlar, dövlət proqramları qəbul edilmişdir.
    Naxçıvan Muxtar Respublikasının təqribən yarıməsrlik dövrü Heydər Əliyevin fəaliyyəti ilə sıx bağlıdır. Məhz Ümummilli liderin çoxşaxəli fəaliyyəti sayəsində ölkəmizin bütün regionlarının, o cümlədən Naxçıvanın sosial-iqtisadi inkişafının möhkəm bünövrəsi qoyulmuşdur.
    Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı sahəsində 2004-cü ildən etibarən qəbul edilmiş dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin icrası Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın inkişafı, yeni iş yerlərinin və müəssisələrin yaradılması, kommunal və sosial infrastruktur təminatı səviyyəsinin yüksəlməsi ilə nəticələnmişdir.
    Dövlət proqramları çərçivəsində görülmüş işlər Naxçıvan Muxtar Respublikasının qarşıdakı illərdə də inkişafı üçün geniş imkanlar yaratmışdır. Hazırda bu imkanlardan istifadə edilməklə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi həyatında, o cümlədən kənd yerlərində iqtisadi fəaliyyətin sürətləndirilməsi, əlverişli biznes mühitinin formalaşdırılması, investisiyaların cəlb edilməsi nəticəsində ixracyönlü dəyər zəncirinin qurulması və dayanıqlı iş yerlərinin yaradılması istiqamətlərində işlərin yeni keyfiyyət mərhələsinə keçməsi əsas prioritetlərdən birinə çevrilmişdir. Elə bu məqsədlə 2023-cü ilin iyunun 5-də ölkə başçısı cənab İlham Əliyev tərəfindən imzalanmış Sərəncamla “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilmişdir ki, hazırda Proqramın icrası istiqamətində mühüm tədbirlər həyata keçirilir.
    2024-cü ildə yaradılması ümummilli lider Heydər Əliyev tərəfindən tarixi nailiyyət kimi qiymətləndirən Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 ili tamam olmuşdur. Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 30 dekabr 2023-cü il tarixdə "Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında" Sərəncam imzalamışdır ki, hazırda Sərəncamın icrası istiqamətində mühüm tədbirlər həyata keçirilir.
    İnanırıq ki, 100 yaşını qeyd etdiyimiz qədim diyarımız olan Naxçıvan bundan sonra daha da çiçəklənəcək, dövlətimizin inkişafı, cəmiyyətimizin tərəqqisi və milli vəzifələrimizin həyata keçirilməsi yolunda öz töhfələrini bundan sonra da verməkdə davam edəcək, qısa bir zamanda biz cənab Ali Baş Komandanın rəhbərliyi altında Zəngəzur dəhlizini açacaq və Naxçıvanımızı Azərbaycana birləşdirəcəyik.

    Emin Novruzov

    Məqalə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi” münasibətilə keçirdiyi müsabiqəyə təqdim olunur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR