ZELENSKİ: ABRAMOVİÇ KİYEVƏ GƏLƏRƏK MƏNİMLƏ GÖRÜŞÜB

Ukrayna Prezidenti Volodimir Zelenski rusiyalı milyarder Roman Abramoviçin Kiyevə səfər etdiyini və onunla görüş keçirdiyini açıqlayıb.
"Sky News"un jurnalisti Yalda Hakimə müsahibəsində Zelenski bildirib ki, Abramoviç görüş zamanı Ukrayna tərəfinin sülh danışıqları, o cümlədən Donbas məsələsi ilə bağlı mövqeyi ilə maraqlanıb. Ukrayna liderinin sözlərinə görə, iş adamı Kiyevdən sonra Rusiya Prezidenti Vladimir Putinlə görüşməyi planlaşdırırdı.
Abramoviçin Ukraynaya səfəri barədə daha əvvəl Financial Times məlumat yayıb. Lakin iş adamının nümayəndələri bu xəbərlə bağlı ictimai açıqlama verməyiblər.
Bundan əvvəl Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov tanınmış rusiyalı biznesmenin Kiyevə səfər etdiyini bildirmişdi. Daha sonra Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu 2026nda çıxışı zamanı qeyd edib ki, onun işgüzar dairələrdən olan köhnə tanışlarından biri dəvət aldıqdan sonra öz təşəbbüsü ilə Ukrayna paytaxtına gedib.
Putinin sözlərinə görə, həmin biznesmen Zelenski ilə görüşdən sonra Ukrayna liderinin şəxsi görüş keçirilməsi ilə bağlı müraciətini ona çatdırıb. Rusiya Prezidenti bildirib ki, Zelenski ilə danışıqları istisna etmir, lakin belə görüşün yalnız sülh nizamlanması üzrə konkret razılaşmalar əldə olunduqdan sonra mümkün ola biləcəyini düşünür.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.